Məktəb formaları ilə bağlı yeniliklər var

Məktəb formaları ilə bağlı yeniliklər var

Bakı Tikiş Evinin şöbə rəisi: “Bizdən alınan geyimlərə zəmanət veririk…”

Tədris ilinin başlanmasına 1 aydan az zaman qalır. Bu səbəbdən məktəbli formaları ilə bağlı məsələ artıq gündəmdədir. Valideynləri daha çox məktəbli geyimlərinin formasının dəyişilməsi, qiymətlərlə bağlı məsələ maraqlandırır. Bəzi sosial şəbəkələrdə məktəbli formalarının dəyişdirilməsi ilə bağlı müxtəlif fikirlər yer alır. Bəs görəsən, geyimlərdə hansısa dəyişiklik olacaqmı?

Qeyd edək ki, Təhsil Nazirliyində bütün ölkədə vahid məktəbli formasının tətbiq edilməsi ilə bağlı işçi qrup yaradılıb. Bundan başqa, nazirlik məktəbli formasının satışı ilə bağlı direktorlara xəbərdarlıq da edib. Qeyd edilir ki, heç bir məktəb rəhbərliyi forma satışı ilə məşğul ola və valideynləri bu prosesə sövq edə bilməz.

Mövzu ilə bağlı Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov “Yeni Müsavat”a danışdı: “Məktəbli geyimlərinin formasında və qiymətində heç bir dəyişiklik yoxdur. Dəyişiklik əsasən 2020-2021-ci il üçün nəzərdə tutulub. Bunun üçün nazirliyin tərkibində işçi qrupu yaradılıb və bizim qurumun baş dizayneri, konstruktoru və baş mühəndisi qrupa cəlb edilib. Amma hələlik bu barədə ciddi bir iş görülməyib. Qeyd edim ki, qiymətlər əsasən 2017-ci ilin qiymətləridir. Belə ki, geyimlərin qiyməti 1-6-cı sinif şagirdləri üçün 40 manat, 7-11-ci siniflər üçün isə 46 manatdır. Məlum olduğu kimi, bizim 9 satış məntəqəmiz var ki, onların da hamısında hazırda satış başlayıb və lazım olan qədər məktəbli geyimlərinin bütün modelləri var. Satış isə hələlik zəifdir, çünki ictimaiyyətdə müxtəlif söz-söhbət yayılıb, guya ki, formalar dəyişəcək və yaxud guya bir sıra məktəb direktorları məsləhət görüb ki, avqustun 20-dən sonra geyimlər alınsın. Bütün bu söz-söhbətlər valideynləri çaş-baş salıb. Yəni buna görə hələlik satış zəifdir.

Etibar Əzimov “ ile ilgili görsel sonucu

Bununla belə, indidən gəlib geyim alan valideynlər var. Qeyd edim ki, valideynlər qaynar xəttimizə zəng edərək bütün məlumatları öyrənə, suallarına cavab tapa bilərlər. Beləliklə, qaynar xəttimiz olan 597-45-39 nömrəsi hər zaman aktivdir. Valideynlər bu nömrəyə zəng etməklə, həm də yaşadıqları əraziyə yaxın olan məntəqəmizin ünvanını öyrənib, ora müraciət edə bilər. Satış mərkəzlərimiz Bakının bütün rayonlarında, ucqar nöqtələrində – Mərdəkan, Buzovna və s. yerlərdə, Sumqayıt və İsmayıllıda yerləşir. Bundan əlavə, forma almaq üçün valideynlər uzaq məsafələrə getməsinlər deyə metro çıxışlarında da BTE-nin satış mərkəzləri var.

İsmayıllı rayonundan başqa, digər bölgələrdən sifariş gəlmədiyi üçün hələlik satış mərkəzlərimiz qeyd olunan yerlərdədir”.

Etibar Əzimov valideynlərə müraciət edərək, geyim alarkən diqqətli olmağa çağırıb: “Bəzən Çindən zirzəmi şəraitində tikilən keyfiyyətsiz paltarlar kilo ilə gətirilir və üzərinə BTE-nin emblemi vurularaq əhaliyə satılır. Bu cür paltarlar nisbətən ucuz olduğu üçün bəzən valideynlər həmin paltarlara meyllənə bilir. Amma həmin paltarların tikilişinə, keyfiyyətinə baxanda saxta olduğunu asanlıqla görmək mümkündür. Valideyn ucuz paltarı alsa da, qısa vaxtdan sonra keyfiyyətini itirir və məcburən yenisini alır. Bizdən alınan bütün geyimlərə zəmanət veririk. Valideynlər geyim alarkən mütləq sertifikat tələb etsinlər. Çalışsınlar ki, geyim alarkən bizim mağazalarımıza müraciət etsinlər. Keyfiyyətsiz formaları adi gözlə də ayırd etmək olur. Belə ki, saxta formalar parçanın keyfiyyətindən, tikişlərin səliqəsizliyindən və qiymətlərin ucuz olmasından bilinir. Bizim geyimlərin materialları Türkiyədən gətirilir və Avropa laboratoriyasının sertifikatı var. Formalar ən azı 2 il keyfiyyətini itirmir, yəni ölçüdən çıxana qədər geyinmək olar. Lakin saxta geyimləri heç yarım il də geyinmək olmur. Bir dəfə yuyulan kimi rəngi dəyişir, tiftiklənir. Həm də belə formalar allergik reaksiyalara səbəb ola, səpki verə bilər. Ona görə də valideynlərə tövsiyə edirəm ki, təsadüfi yerlərdən məktəbli forması almasınlar”.

Qeyd edək ki, Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov da APA-ya açıqlamasında bildirib ki, vahid məktəbli forması 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq: “Hazırda ölkə üzrə 1 milyon 400 minə yaxın şagird var. Vahid məktəbli formasında ibtidai siniflə yuxarı sinif şagirdlərinin geyim forması fərqlənəcək. İbtidai siniflə yuxarı sinifləri eyniləşdirmək olmaz, burada yaş xüsusiyyəti var. Bu yaş xüsusiyyəti nəzərə alınmalıdır. Bu məsələ də hazırda müzakirədədir. Bildiyiniz kimi, dərs ili 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır. Yəni sentyabrda da müəyyən qədər isti hava olur, eyni zamanda may ayının əvvəlindən də artıq hava isinir. Bu səbəbdən geyim forması hazırlanarkən fəsillər də nəzərə alınacaq”.

Baş məsləhətçi geyim formalarının bölgələrə necə çatdırılacağına da aydınlıq gətirib. O bildirib ki, Bakı Tikiş Evi məktəbli formalarını bütün ölkə üçün hazırlayacaq: “Yəqin ki, Bakı Tikiş Evinin yerlərdə satış məntəqələri olacaq. Çünki bölgələrdəki valideynlərə demək olmaz ki, gəlib Bakıdan forma alıb aparsın. Hələlik bu məsələ müzakirə olunmayıb, ancaq çox güman ki, yerlərdə satış məntəqələri olacaq”.

Ə. Adıgözəlov qeyd edib ki, vahid məktəbli forması yalnız dövlət ümumtəhsil məktəblərində tətbiq olunacaq: “Liseylər də bu və ya fərqli formanı tətbiq edə bilərlər”.

Məktəbli formasının qiymətini BTE müəyyənləşdirəcək: “Təbii ki, burada əhalinin alıcılıq qabiliyyəti nəzərə alınacaq. Geyim forması tam qərarlaşdırıldıqdan sonra qiymət məsələsinə də baxılacaq”.

DOSYE.ORG

COMMENTS