Məleykə Əsədova Türkiyədə ilin ən yaxşı dram aktrisası seçilib

Məleykə Əsədova Türkiyədə ilin ən yaxşı dram aktrisası seçilib

Azərbaycanın məşhur aktrisası, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, xalq artisti Məleykə Əsədova “Türkiyə-Azərbaycan qardaşlıq ödülləri” mükafatına layiq görülüb.

Bu barədə Türkiyə mətbuatı yazıb.

Mükafatın təntənəli təqdimat mərasimi dekabrın 18-də İstanbulda keçirilib. Mərasimdə iki qardaş ölkənin tanınmış musiqi, biznes, media, sənət adamları iştirak edib. “BHS Group” tərəfindən təsis olunan mükafatın məqsədi hər iki ölkədən olan ən tanınmış sənətçilərin timsalında Türkiyə və Azərbaycan arasındakı bütün sahələr üzrə birliyi bütün dünyaya yaymaqdır.

Xalq artisti Məleykə Əsədova “İlin ən yaxşı dram qadın aktrisası” nominasiyasında qalib olub.
Məleykə Əsədova onu mükafata layiq görənlərə təşəkkürünü bildirib: “Çox sevinirəm ki, qardaş Türkiyədə mənim sənətimə bu qədər yüksək qiymət verilir. Mükafatın təşkilatçılarına, münsiflərinə təşəkkürlərimi bildirirəm. Mən səhnə həyatım boyu bir çox yüksək mükafatlara layiq görülmüşəm. “Türkiyə-Azərbaycan qardaşlıq ödülləri”nin onların içində xüsusi yeri, xüsusi mənası var. Çünki bu ödül mənə çox əziz olan dost-qardaş ölkəmiz Türkiyədən gəlib. Bundan əvvəl Azərbaycanda da ilin trend aktrisası mükafatına layiq görülmüşdüm. Məni Türkiyəyə təltifetmə mərasiminə dəvət etmişdilər. Çox təəssüf ki, iştirak edə bilmədim. Çünki Bakıda böyük tədbirim var idi. Amma ürəyim məni sevən o insanların yanında idi. Bir daha mənə dəyər verən, sənətimi qiymətləndirən insanlara minnətdarlığımı bildirirəm”.

Dosye.org

COMMENTS