“Mən bunu deyəndə çağırıb tapşırırlar ki, sus…“ – Hafiz Hacıyev

“Mən bunu deyəndə çağırıb tapşırırlar ki, sus…“ – Hafiz Hacıyev

“Bunların qollarını da bağlasan, gözləri ilə işarə edib rüşvəti alacaqlar. Özünüz də şahidi oldunuz ki, dünən Biləsuvarın icra başçısı və bundan öncə də bir neçə icra başçısı həbs edilib”

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri hakimiyyətdə islahatların əleyhinə gedən böyük bir məmur qrupunun olduğunu bildirib:

“Dəfələrlə bu haqda demişəm ki, ölkədə korrupsiyanın kökünü bu məmurlarla kəsmək mümkün deyil. Bu birmənalı şəkildə təsdiqini tapıb. Bunların qollarını da bağlasan, gözləri ilə işarə edib rüşvəti alacaqlar. Özünüz də şahidi oldunuz ki, dünən Biləsuvarın icra başçısı və bundan öncə də bir neçə icra başçısı həbs edilib. Bunlar heç vaxt bu məsələdən geri çəkilməyəcək. Səhv etmirəmsə, beş rayonun icra başçısı həbsdədir. İndi bir sual ortaya çıxır ki, bunlara nəzarət edən şöbə indiyə kimi hara baxırdı? Ölkədə prezidentin siyasətinin əleyhinə gedən böyük qvardiya var, onlar islahatların aparılmasına mane olurlar.  Ona görə də belə məmurların dövlətə xidmət etməsi ağılabatan deyil. Bu məmurlar Həc və Məşhəd ziyarətinə gedib orda soyunublar, şeytana da daş atıblar, amma ən böyük şeytan elə özləridir. Ölkəni pis günə bu məmurlar qoyub, neftdən asılılığımız artıb, bir çox sahələrdə inkişaf yoxdur. Karantin rejimindən istifadə edib bir çox icra başçıları və icra nümayəndələri öz çirkin əməllərindən əl çəkmədilər, milyonlar qazandılar. Hətta siz təsəvvür edin ki, millətin ac dövründə bəzi məmurların uşaqları xaricdə villalar kirayələdilər. Onda adama sual verib soruşarlar ki, millətin ac dövründə bunlar o pulları hardan alır?

Bu gün ölkə başçısı təkbaşına iş görür, həyatını bu xalqın yolunda qoyub. Nə qədər böyük addımlar atmaq, işlər görmək istəyir, amma gəlin görək ona kömək edən varmı, yoxdur. Mən bunu deyəndə çağırıb tapşırırlar ki, Hafiz Hacıyev, sus, danışma. Niyə susmalıyam ki? İndiki vaxtda ölkə başçısı cənab İlham Əliyevə yenə xəyanət edirlər. İslahatların əleyhinə gedən, millətin yaxşı yaşamasının əleyhinə gedən böyük bir komanda var və onlar ölkə başçısının nüfuzuna xələl gətirməkdən ötrü bütün vasitələrə əl atır. M.Quliyev Astarada və Biləsuvarda icra başçısı işləyəndə etdiyi özbaşınalıqları bu günə kimi görən yox idi? Gərək elə bunları Dövlət Təhlükəsizlik Xidməti araşdırsın? Çox sağ olsun Əli müəllimi, o, vicdanla, sədaqətlə prezidentə xidmət edir. Ona görə də həmişə qeyd edirəm ki, hər şeyi kadr həll edir. Kadr yerində olmayanda heç bir problem həll olunmur.

Ölkə başçısı kənd təsərrüfatı sahəsinə milyardlarla pul qoyub, amma gəlin görək həmin pullar hardadır. Bəs bütün bunlardan sonra niyə bu kadrlar o vəzifələrdə qalmalıdır? Çünki kiminsə qohumudur. Bu gün ölkə başçısına ilk növbədə kadr köməyi lazımdır. Biz özümüz acından ölürük, hər şeyimiz tükənib, bizi artıq qərargahımızdan çıxarırlar, amma həmin məmurlar eyş-işrət içində yaşayırlar”.

DOSYE.ORG

COMMENTS