“Mən nədən qorxmalıyam?” – Leyla Əliyeva

Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Kor olmuşam” adlı şeiri oxucuların ixtiyarına veririk.

(Я слеп)

Kor olmuşam, gözlərim
bir qaranlıq dünyadır.
Gündüz nə, gecə nədir? –
gözüm bunu… anlamır.
Bircə onu bilirəm:
Korları sevməyirlər,
Sadəcə acıyırlar –
Yardım, sovqat, azuqə –
Bircə bunu bilirlər…

Kor olmuşam…
Qorxudan,
şəkk-şübhədən uzağam
Bunlar yoxsa, söylə bəs,
Mən nədən qorxmalıyam?
Gözü nurlularasa
Hərdən hey acıyıram,
Bəsirət gözlərinin
Korluğuna yanıram…

Deyirəm ki, gözlülər,
Arzulara ruhlanıb,
Həyata sevinmirlər?
Yoxsa, qanadsız qalıb,
Faniliyin cəngində
İlişib, can verirlər..?
Mənsə koram…
korları
görməyə yox gözləri…
amma ki, bacarırlar
Bal kimi yalanları,
bizə yedizdirməyi…

Kor olmuşam, amma ki,
Çox yaxşı eşidirəm
Boşuna qaçmaların,
Vecsiz can atmaların
İzdihamlı səsini.
“Nə olacaq?” – deyərək
Qulaqları səsdədir.
Olanlarına isə
Qiymət vermirlər nədən. –
Bu da bir xəstəlikdir?

Kor olmuşam… amma ki,
Hissiyatım yaşayır,
Təbiətdə hər bir rəng,
Ruhuma işıq saçır…
Kor olmuşam… amma ki,
“Vaxt çatmır, vaxtım yoxdur” –
Deyən gileylilərə,
Gözü nurlu kəslərə
Kor gözlərim acıyır…

Eşitmirlər, duymurlar
biz korlar tək sevginin
musiqili səsini…
Nə olsun ki, mən koram,
xəyallara dalanda,
arzular qanadında,
uçanda, ucalanda,
Seyr edirəm dünyanın
hər bir gözəlliyini.

Allahımı sevirəm,
ona yaxın olanda
göylərə ucalıram;
Əllərimlə astaca
qübbəni oxşayıram.
Möcüzəyə inamı
Könüllərdən qoparan
həyəcanı atıram,
Sadəcə unuduram…

İncikliyi, təlaşı,
həsədi, paxıllığı
silirəm ürəyimdən.
Mənə göz lazım deyil,
çətinə düşənlərə,
kömək, arxa olmaqçun
Allahdan yalnız qüvvət,
bir də güc diləyirəm..!

Adamlar! Kor olsam da,
sizlərdən biriyəm mən..!
Sonda kor da, gözlü də
Gedəcək bu dünyadan;
Ölümü qəbul edən
bəşər övladıyam mən.
Yaxşısı budur gəlin,
bir deyək, birgə gülək.
Çalışaq ki, zülmətdən,
işığı görə bilək,
İşığı bölə bilək…

Ruscadan çevirəni: Mahir Qabiloğlu.

COMMENTS