MƏRKƏZİ ELMİ KİTABXANADA “QAN VER, YAŞAT!” ADLI QANVERMƏ AKSİYASI KEÇİRİLİB

Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin təşəbbüsü, Mərkəzi Elmi Kitabxananın (MEK) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilati dəstəyi ilə “Qan ver, yaşat!” adlı künüllü qanvermə aksiyası keçirilib.

MEK-də təşkil olunmuş humanist xarakterli aksiyada kitabxananın rəhbərliyi və işçi heyəti, eləcə də AMEA-nın digər elmi müəsisisələrindən əməkdaşlar yüksək həvəslə və könüllü olaraq iştirak edib.
Xeyriyyə aksiyasının keçirilməsində məqsəd bütün ömrü boyu qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək olub.
Səhiyyə nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən qan analizi götürülərək müəyyən olunub. Sonra isə qan köçürülmələrinə başlanılıb.
Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin sədri, biologiya elmləri üzrə fəlsəfə doktoru Ceyran Nağıyeva bildirib ki, bu cür aksiyalar həm qana ehtiyacı olanlara töhfə verir, həm də qanverən şəxsin sağlamlığı üçün faydalıdır. C.Nagıyeva belə aksiyaların Akademiyanın digər müəssisə və təşkilatlarında da həyata keçiriləcəyini qeyd edib və AMEA-nın əməkdaşlarını bu cür aksiyalarda fəal iştirak etməyə səsləyib.
Sonda Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev “Humanitar Diplomatiya” adlı kitabı MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmaovaya hədiyyə edib.

Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti

COMMENTS