Məşhurlar kitab oğurlayan gənclərə görə AYAĞA QALXDI: Gəlin, yüz qatını…

Məşhurlar kitab oğurlayan gənclərə görə AYAĞA QALXDI: Gəlin, yüz qatını…

Mağazadan oğurlamaq yaxşı hal deyil, bu gənclər nahaq belə bir iş tutublar. Bəlkə də pul vermək yadlarından çıxıb. Kitab oxuyan insanlar vicdanlı və abırlı olurlar. Kitab adamı dəyişdirir. Amma “İlahi komediya”nı oğurlayıb oxumaq olmaz. Əgər pulları olmayıbsa, mağazaya onların yerinə pulu ödəməyə hazıram.

Bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev “Ali və Nino” kitab mağazasından iki kitab oğurlayan Elməddin Süleymanlı və Elvin Əhmədov haqqında danışarkən deyib.

Son vaxtlarda kitab biznesindən daha çox “Bizim pijamalarımızda kitab oxumaq daha rahatdır” kimi bazar alverinin şüarı ilə özünü gündəmdə saxlamağa çalışan “Ali və Nino” bu dəfə “Mağazadan iki kitab oğurlandı” xəbərləri ilə diqqət çəkib. Elməddin Süleymanlı, Elvin Əhmədov adlı iki gənc Dante Aligyerinin “İlahi komediyası” və Ulaş Işıkların “Gecenin çoçukları” kitablarını oğurlayıb. Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb. Qısa müddətdə sosial mediada yayılan bu görüntülər müzakirələrə səbəb olub. Bir qrup bu oğurluğu qanun pozuntusu adlandırsa da, bir qrupu gənclərin əməlini dəstəkləyib.

Yazıçı Çingiz Abdullayev bildirib ki, özü də kitab oğurluğu ilə qarşılaşıb:

“Dəfələrlə olub ki, kitablarımı aparıb və qaytarmayıblar. Belə aparanda xoşum gəlir, amma oğurluğa haqq qazandıra bilmərəm. Oğrular adətən kitab oğurlamır, çünki onlara lazım olmur. Allahsız və vicdansız adamlardır. Ola bilsin ki, bu cavanlar istəyiblər ki, “İlahi Komediya”nı oxusunlar, amma imkanları olmayıb. Bu səbəbdən onları bağışlayardım, lazım olsa, yerinə də pul verərdim. Amma sonra da tələb edərdim ki, kitabı oxusunlar və mənə danışsınlar”.

Şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, kitab oğurluğu sovet dövründən qalan bir ənənədir:

“Hər bir iş dövrünə uyğun ölçülməlidir. Sovet dövründə Azərbaycan biznes ölkəsi deyildi, ümumiyyətlə, kapitalist sistem deyildi, başqa bir quruluş idi. O quruluşda hər bir işə münasibət də fərqli idi. Ara-sıra xalq arasında belə bir söhbət gəzirdi ki, kitab oğruluğu oğurluq sayılmır. Hətta bunu Leninlə əlaqələndirirdilər. Həm də o dövrdə ən yeni çıxan kitablar belə kitabxanalara verilirdi. Odur ki, imkanı olmayan insan kitabxanadan o kitabı alıb oxuyurdu. Bunun üçün hər cür şərait yaradılırdı. Biznes məqsədləri güdülmürdü. O sistem dəyişdi və biz indi kapitalizm dövründə yaşayırıq. Burda artıq hər şeyin öz dəyəri və maddi ölçüsü var. Qanundan kənara çıxmaq təbii ki, cəzalandırılmalıdır. Deyə bilmərəm ki, bu gənclər yaxşı ediblər. Elə bir dövrdə yaşayırıq ki, hər addımımız qanunla hesablaşır.

Bu uşaqlar mağazanın rəhbəri Nigar xanımın özündən xahiş etsəydilər, inanmıram ki, onlara etiraz edərdi. Kitabların əldə olunmasında Yazıçılar Birliyi də yardım edə bilərdi. Uşaqların bu kitabları oxumaq istədiyini görsəydim, öz kitablarımdan da hədiyyə edərdim. “İlahi komediya”dan hər yerdə var, məndə dörd nüsxədir”.

Optimal Sərfəlidir!

Tənqidçi-ədəbiyyatşünas İradə Musayevanın da hadisəyə münasibətini öyrəndik. Tənqidçinin sözlərinə görə, bütün hallarda bu qədər kiçik oğurluq hadisəsinə görə iki gəncin görüntülərini qatı cinayətkar kimi xəbər şousuna material etməyin əleyhinədir:

“Əslində bu məsələnin bir çox nüansları var ki, biz ondan xəbərsizik. Ortaya suallar çıxır: 1. Bu gənclər kitabı oxumaq, yoxsa satmaq üçün oğurlayıblar? 2. Oğurlanan kitabların adı nədir və qiyməti neçəyədir? Mağazadan kitab oğurluğu halları artıb, yoxsa ilk dəfədir və s… Bütün hallarda bu qədər kiçik oğurluq hadisəsinə görə iki gəncin görüntülərini qatı cinayətkar kimi xəbər şousuna material etməyin əleyhinəyəm. Sadəcə bir ana sual var: Onlar kitab oxuyandır, ya satan? Əgər oxumaq yanğısı ilə bu xoşagəlməz üsula əl atıblarsa, bağışlamaq və hətta yardım etmək olar. Yox, sadəcə harada əllərinə nə düşsə oğurlayıb satırlarsa, bu başqa məsələ… Mən videoya baxdım və təsirləndim… Hər iki səbəb ürək ağrıdır… İki gənc, yaraşıqlı azərbaycanlı oğlan niyə belə etsin ki?! İşsizlikdəndirsə, bu da faciədir… Hər halda qınaq və hücum, ittihamla deyil, anlayışla yanaşılsa yaxşı olar… Xüsusən də məmurları milyonlar oğurlayan bir cəmiyyətdə…”

Qiraətçi Xəzər Süleymanlı hesab edir ki, bu iki gəncin əməllərinə ayıblıq donu geyindirsək, bu daha pis olar:

“Bəzi səhifələr deyir ki, kitab oğrularının fotosunu paylaşmaq nəyə lazımdır ki? Ayıbdır-filan. Xeyr. Paylaşın. Əksinə daha çox paylaşın. Üzlərini yadda saxlayın. Rastlaşanda salamlaşın, əllərini sıxın. Oxuduğunuz kitablardan verin oxusunlar. Onları düşdükləri bu vəziyyətdən ancaq yaxşı münasibətimizlə çıxara bilərik. Əməllərinə ayıblıq donu geyindirsək bu daha pis olar”.

Aktyor Kamran Ağabalyev bildirib ki, o kitabların 10 qat,100 qat pullarını verməyə hazırdır:

“Ümumiyyətlə, kitab oğurluğu oğurluq sayılmamalıdır! Bu ölkənin bu gün ehtiyac duyduğu insanlar elə kitab oğruları olmalıdır. Ola bilər bəziləriniz qınayasınız, ola bilər mən demək istədiyimi bəyan edə bilmirəm, amma düşünürəm ki, siz məni başa düşdünüz! Kitaba gəlincə, sözümün ağasıyam, gəlin, 100 qatını götürün məndən, ərizənizi geri götürün, nə bilim nəsə edin!”

COMMENTS