Mahmud Qurbanov millinin heyətini açıqladı

Mahmud Qurbanov millinin heyətini açıqladı

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının noyabrın 4-dən etibarən Bakıda təlim-məşq toplanışı təşkil olunacaq. Fanat.az xəbər verir ki, toplanışa dəvət olunmuş futbolçuların siyahısı müəyyənləşib.

 

Millinin müvəqqəti baş məşqçisi Mahmud Qurbanov 25 futbolçuya dəvət göndərib. Baş məşqçi əvvəlcədən açıqlama verdiyi kimi ölkə xaricində oynayan milliləşdirilmiş futbolçulardan yalnız “Karlsruher”də çıxış edən Dmitri Nazarovu toplanışa çağırıb. Tuğrul Erat, Cihan Özkara, Taşkın İlter, Ufuk Budak kimi oyunçular isə kənarda qalıb.

Qurbanov yığmaya yeni futbolçular da çağırıb. Belə ki, “İnter”dən Məhəmməd Mirzəbəyov, “Qaziantep BB”dən Rəhman Hacıyev və “Simurq”dan Rəşad Eyyubov toplanışa dəvət alıb. Baş məşqçi Berti Foqtsun İtaliya və Xorvatiya matçlarına çağırmadığı Mahir Şükürovla Vaqif Cavadovu da yığmaya qaytarıb.

Qeyd edək ki, “Qarabağ”ın oyunçuları toplanışda noyabrın 7-dən, Mahir Şükürov, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-dan etibarən iştirak edəcəklər.

Azərbaycan – Norveç oyunu oktyabrın 16-da “Bakcell Arena”da keçiriləcək və saat 21.00-da başlayacaq.

Əsas heyət
Qapıçılar: Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter), Emil Balayev (Neftçi).
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Tərlan Quliyev, Maksim Medvedev (hamısı “Qarabağ”), Rasim Ramaldanov (Xəzər Lənkəran), Elvin Yunuszadə (Neftçi), Məhəmməd Mirzəbəyov (İnter), Mahir Şükürov (Karşıyaka, Türkiyə).
Yarımmüdafiəçilər: Mirhüseyn Seyidov, Araz Abdullayev (ikisi də “Neftçi”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Ruslan Abışov (Qəbələ), Qara Qarayev (Qarabağ), Cavid Hüseynov (Qəbələ), Cavid İmamverdiyev (Elazığspor, Türkiyə), Rəhman Hacıyev (Qaziantep BB, Türkiyə).
Hücumçular: Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Xəzər Lənkəran), Maqomed Kurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq), Dmitri Nazarov (Karlsruher, Almaniya), Vaqif Cavadov (Qaziantep BB, Türkiyə).

Ehtiyat heyət
Müdafiəçilər: Elnur Allahverdiyev (Neftçi), Vurğun Hüseynov (Sumqayıt), İlkin Qırtımov (Simurq).
Yarımmüdafiəçilər: Nizami Hacıyev (İnter), Namiq Ələsgərov (Qarabağ).

COMMENTS