Neftin ucuzlaşmasından sonra ölkədə yaranan iqtisadi böhran bir çox uzunmüddətli tikinti-söküntü layihələrinin dayanmasına səbəb olub.
Hazırda paytaxtda ən böyük söküntü prosesi “Sovetski” adlanan məhəllədə gedir. Burada sakinlər evlərinin hər kvadratmetrinə 1500 manat kompensasiya verilməklə köçürülür.
Ancaq aldığımız məlumatlara görə, son zamanlar söküntü prosesinə ara verilib. Bəs, görəsən manat böhranı fonunda yaşanan iqtisadi çətinliklər “Sovetski” adlanan məhəlləni xilas edə biləcəkmi?
Bu suala cavab tapmaq üçün müsavat.com-un əməkdaşı sözügedən əraziyə baş çəkib. Burada söküntü işləri və sakinlərin köçürülməsi prosesi dayandırılsa da, vəziyyət acınacaqlı olaraq qalmaqdadır.
Belə ki, hazırda “Sovetski” məhəlləsi müharibədən çıxmış yaşayış məskənlərini xatırladır. Bu məşhur məhəllənin daşı daş üstə qalmayıb.
Yaşayışın hələ də mövcud olduğu bəzi evlər dağıntılar arasında qalıb. Qəzalı vəziyyətdə yaşayan sakinlər hər an evlərinin başlarına uçacağı və dağıntılar altında qala biləcəkləri ilə bağlı təhlükə altında yaşayırlar.
COMMENTS