Manatı gözləyən təhlükə: Banklarda “yenidən yüklənmə” ola bilər

Ekspertlərin fikrincə, Mərkəzi Bank heç bir halda, baş verənlərdən yaxasını kənara çəkə bilməz

Manatın taleyi ilə bağlı narahatlıq və tərəddüdlər davam edir. Banklar artıq manatla kredit verməyi dayandırıblar. Mərkəzi Bank isə banklara manatla kredit verməməyi tapşırıb. Ekspertlər vəziyyətin ciddi olduğunu vurğulayırlar.

Mərkəzi Bank iki gün əvvəl manatla bağlı yayılan məlumatı təkzib edib.

“Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir”,- bu barədə Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən bildirilib.

Mərkəzi Bankdan verilən xəbərə görə, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib: “Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq, kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər. Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər”.

Qeyd edək ki, aprelin 10-da dövlət başçısı İlham Əliyev də manatın məzənnəsindən danışıb. Dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə toxunub. O, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1,19 AZN səviyyəsində müəyyən edilib. O günə qədər ölkədə 1 AZN təxminən 0,78 ABŞ dolları idi.

Ekspertlər isə manatla kreditin qadağan edilməsinin qanunazidd olduğunu bildirirlər. Ekspert Nemət Əliyev Mərkəzi Bankın təkzibini şərh edib: “Mərkəzi Bank məlumat yayaraq bildirib ki, banklara manatla kreditlərin verilməsini qadağan edən hər hansı bir göstəriş verilməyib. Hər bir halda, baş verənlərdən Mərkəzi Bank yaxasını kənara çəkə bilməz. Xarici valyutalar qarşısında milli valyutanı kəskin şəkildə ucuzlaşdıran, manatın bu gününü, sabahını şübhə altına alan, ölkənin kredit bazarını iflic həddinə gətirən Mərkəzi Bankın 21 fevral tarixli devalvasiya qərarı oldu. Əgər bu qərardan sonra xüsusən də banklar manatın sabahkı taleyinin necə olacağını açıq-aydın təsəvvür edə bilirlərsə və elə buna görə də tərəddüd içərisinə düşərək manatla kredit verməkdən çəkinirlərsə, deməli, Mərkəzi Bankın 21 fevral tarixli qərarı “qadağaya bərabər” qərardır. Heç kəs əlində olan pul-parasını itirmək istəməz, üstəlik, başqasının pulu ilə də heç risq etməz”.

Ekspert Pərviz Heydərov isə qeyd edib ki, manatın yenidən ucuzlaşması riski var: “Banklar fevralın 21-də manatın dollara nəzərən 34 faiz ucuzlaşdırılmasından sonra “yenidən yüklənmə” vəziyyətindədirlər. Fikrimcə, bu, müvəqqəti xarakter daşıyır. İlin ikinci yarısında vəziyyət sabitləşəcək. Ancaq manatın yenidən- ikinci dəfə ikirəqəmli şəkildə ucuzlaşdırılması baş verərsə, bankların “yenidən yüklənməsi” prosesi növbəti dəfə də təkrar edilmək məcburiyyəti qarşısında qalacaq. O zaman bütün bank sisteminin “format”lanmasının tələb olunacağı təhlükəsi ortaya çıxacaq. Ancaq belə bir ehtimal az inandırıcı görünür. Məncə, kommersiya banklarımızın manatın dollara nəzərən tədricən ucuzlaşdırılması tendensiyasına adaptasiya prosesini gözləmək gərəkdir”.
 
Ekspert Samir Əliyev isə bildirib ki, manatın məzənnəsi dünyada neftin qiymətindən və hökumətin atacağı addımlardan asılıdır. Belə ki, hadisələr necə inkişaf edərsə, vəziyyət o cür də davam edəcək: “Düşünürəm ki, neft bahalaşarsa, 70 dollar həddini keçərsə, manat sabitləşəcək, hətta müəyyən qədər bahalaşa da bilər. Əgər neft 30-40 dollara düşərsə, kəskin devalvasiyanın olması gözlənilir. Devalvasiya istənilən halda baş verəcək. Kəskin yox, daha çox yumşaq devalvasiya baş verəcək. Görünür ki, cüzi də olsa, hazırda devalvasiya gedir”.

Ekspertin sözlərinə görə, bu il seçki ili olduğundan hökumət kəskin devalvasiyaya getməyəcək: “Əgər hökumət büdcə xərclərini azaldarsa, bu devalvasiyaya təzyiqi azalda da bilər. Eyni zamanda, burada Mərkəzi Bankın davranışı da var. Mərkəzi Bank manat kütləsini və uçot dərəcələrini artırarsa, bu, mümkün qədər manata dəstək ola bilər. Əgər fövqəladə bir hal baş verməsə, ən azı ilin sonuna qədər manatın kəskin devalvasiyası baş verməyəcək. İlin sonuna qədər dollar 1 manat 20 qəpiyədək bahalaşa bilər”.

Ekspertin banklardan dollarla kredit götürənlərə də tövsiyəsi var: “Müqavilə müddətinin uzadılması aylıq ödənişi yüngülləşdirir. Məsləhət görərdim ki, imkan varsa, kreditlərini tamamilə bağlasınlar. Hazırda manatla kredit almaq da çətinləşib ki, vətəndaşlar alıb, dollarla olan kreditlərini bağlasınlar. Çalışsınlar ki, kreditin müddətini uzatmasınlar”.

COMMENTS