Rauf Arifoğlu: “Dövlətə yaraşar ki, hər hansı bir şəkildə kompensasiya etsin”; Sücəddin Şərifov: “Həmrəylik nümayiş etdirib, məsələyə birgə baxmaq lazımdır”
Manatın dəyərdən düşməsi bir çox sektorlarla yanaşı, mediaya da təsirsiz ötüşmür. Artıq onun izləri bəzi mətbuat orqanlarının fəaliyyətində görünməyə başlayıb. Durumun media sektoru adına dəyərləndirilməsi və çıxış yolları ilə bağlı daha öncə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə danışmışdıq.
R.Arifoğlu bildirmişdi ki, burda dövlətin yeni yanaşmasına, kompensasiyaya vacibat var. Onun fikrincə, jurnalistlərə onların itirdiyi məbləğ qədər dövlətin ödəmələr etməsinə ehtiyac var. “Çünki bu, mənim gücümdə deyil”, – deyən baş redaktor belə olarsa, iflas vəziyyətinə gələcəyini vurğuladı: “Amma dövlətə yaraşar ki, mənim edə bilmədiklərimi dövlət hər hansı bir şəkildə kompensasiya etsin. Eyni zamanda nəzərə almaq lazımdır ki, bizim ”Yeni Müsavat” qəzeti olaraq və digər media quruluşlarının əsas gəlir yeri olan Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan aldığımız vəsait də yüzdə otuzdan yuxarı öz dəyərini itirməkdədir. Bunlar da hansısa formada kompensasiya olunmalıdır.
Vəziyyət təbii ki, ürəkaçan deyil. Amma biz dövlətimizin, ölkəmizin düşdüyü durumu da anlayışla qarşılamağa hazırıq. Eyni zamanda dünyada və regionda baş verən krizislərdən, böhrandan da xəbərimiz var. Bunun hansısa formada Azərbaycana təsir göstərəcəyini də bilirdik. Amma onu da bilirdik ki, Azərbaycan dövləti güclüdür, zəngindir. Bir neçə yüz jurnalistin və media quruluşunun sıradan çıxmaması üçün müəyyən dəstək prosesi başlaması mümkündür və biz bunu gözləyirik”.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov isə bildirdi ki, hazırda qəzetlər üçün ən böyük problem kağızla bağlıdır. Onun sözlərinə görə, kağız idxal məhsuludur və onların qiymətində bahalaşma olsa, bu, satış qiymətinə təsir göstərəcək: “Bu o demək olacaq ki, qəzetlərin gəlirləri bir qədər də azalacaq. Məlumdur ki, qəzetlərin hamısında əmək haqqı manatladır. Bu, birbaşa jurnalistlərin maaşlarına da təsirsiz ötüşməyəcək”.
Müsahibimiz hesab edir ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun bu ərəfədə qəzetlərə hər hansı yardım edəcəyi inandırıcı deyil. S.Şərifov xatırlatdı ki, fond daha öncə də “Azadlıq” qəzetini yardımdan məhrum etmişdi. Redaktor bu səbəbdən də ancaq öz güclərinə etibar etməyin vacibliyini müdafiə etdi: “Ağlım kəsmir ki, büdcədən ixtisarlar və sair olanda KİVDF bizə hər hansı yardım etsin. Daha yaxşı olardı ki, özümüzün vəziyyətdən çıxmamıza mane olmasınlar. Satış köşkləri bərpa olunsun. Metroda da qəzet satışını bərpa etsinlər. Bir variant da o olardı ki, media həmrəylik nümayiş etdirib, satış nöqtələrinin və gəlirlərin çoxalmasına çalışsın”.
S.Şərifov qəzetin satış qiymətinin artırılmasını da variantlardan biri hesab edir. Onun sözlərinə görə, mediadan asılı olmayan səbəblərdən çap məhsullarının, xaricdən idxal olunan məhsulların qiymətinin artmasına görə qəzetin qiymət məsələsinə də baxmaq mümkündür: “Amma prosesləri qabaqlamayaq. Bununla belə, baş vermiş bu hadisədə həmrəylik nümayiş etdirib, məsələyə birgə baxmaq lazımdır”.
COMMENTS