Təhsil nazirinə müraciət olundu…
Mərkəzi Bankın manatı devalvasiya qərarı təkcə Azərbaycanda yaşayanlara təsir etməyib. Milli məzənnənin kursuna edilən dəyişiklik xaricdə təhsil alan tələbələrimizi də çətinə salıb.
Tələbələr təqaüdlərin verilməsində ciddi itkilərlə qarşılaşıb.
Bu barədə “Yeni Müsavat”a yazan tələbələrin sözlərinə görə, əsasən də Türkiyə və Böyük Britaniyada oxuyanlar manatın devalvasiyasından ziyana düşüb. Rəşad Həsənov adlı gənc isə bloqunda yazıb ki, həm dövlət, həm şəxsi hesabına xaricdə oxuyanlar böyük məbləğdə zərər ediblər: “Manatın gözlənilən devalvasiyası fonunda Təhsil Nazirliyindən gələn təqaüdlərin, (o cümlədən öz şəxsi hesabına oxuyanlara da aiddir) hesaba manat ilə yatırılması tələbələrin cibinə birbaşa təsir edəcək. Tutaq ki, Cənubi Koreyada təhsil alırsınız. Təhsil Nazirliyi sizin hesaba hər ay 1300 dollar olmaqla 10 aylıq təqaüd yatırır. Bu da edir 13 min dollar. Ancaq bu təqaüdlər manat hesabı ilə açılır.
Deyək ki, təqaüd yerləşdirilən gün manatın dollara nisbəti 0.78 olur. Nəticədə, nazirlik sizin manat hesabınıza 13000X0.78=10140 manat ödəyir. İndi təsəvvür edin manat ucuzlaşır və məzənnə 0.90 olur. Nəticədə, sizin pulunuzun dollarla dəyəri təxminən 11266 olacaq. Başqa sözlə, 13000 dollar əvəzinə 11266 dollara sahib olursuz”.
Tələbələr tövsiyə edir ki, nazirlik bu məsələdə onları nəzərə almalıdır və təqaüdlərə yenidən baxılmalıdır. Onlar yazırlar ki, bu hesabla ayda təqribən 700-800 manat ziyana düşüblər. Təhsil naziri Mikayıl Cabbarova müraciət edən tələbələr bu məsələyə diqqət yetirməsini xahiş edirlər.
COMMENTS