Manatla kreditə qadağa: Milli valyutanın taleyi necə olacaq?

Mərkəzi Bankın tövsiyəsi ortaya çıxıb, banklar riskə gedib uduzmaq istəmir, ekspertlər isə qərarı qanunvericiliyə zidd hesab edirlər

Ölkədə manatla kreditin qadağan edildiyi bildirilir. “Bizimyol” qəzetinin xəbərinə görə, aprelin 8-dən Mərkəzi Bank bütün kommersiya banklarına təlimat göndərərək, Azərbaycan manatı ilə kredit verməyi qadağan edib. Bu barədə qəzetə bank sektorundakı mənbə məlumat verib.

Mənbə onu da bildirib ki, təlimat aldıqdan sonra müştəri xidmətləri hazırladıqları kredit müqavilələrini təxirə salmağa məcbur olublar: “Bizdə olan məlumata görə, Mərkəzi Bankın bu addımının əsas səbəbi yaxın günlərdə manatın yenidən ucuzlaşacağı ilə bağlıdır. Artıq bir neçə gündür ki, valyutadəyişmə məntəqələrində dollar qıtlığı hiss olunur. Əhali əlindəki manatı dəyişməyə cəhd edir. Amma məntəqələr vətəndaşların dollar tələbatını qarşılaya bilmir. Dünən əksər valyutadəyişmə məntəqələrində 100 dollar 107 manata dəyişdirilib. Bu günlərdə manatın 20 faizə qədər dəyər itirəcəyi ehtimal olunur”.

Xəbərlə bağlı Mərkəzi Bank iki gündür ki, açıqlama vermir.

Ekspertlər isə bu addımı qanunsuz hesab edirlər. Xatırladaq ki, Milli Məclisin üzvü Vahid Əhmədov da bankların milli valyuta ilə kredit verməməsini qanunsuzluq, Konstitusiyaya hörmətsizlik adlandırıb.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, hələlik rəsmi açıqlama yoxdur: “Əslində belə bir məsələnin gündəmdə olması son dövrlərdə aktual idi. Çünki bankların özlərinin heç bir marağı yox idi ki, manatla kredit versinlər. Son dövrlərdə manatla kreditlərin həcmi xeyli dərəcədə azalmışdı. Banklar çalışırdılar ki, müştərilərinə ya dollarla, ya avro ilə kredit versinlər. Bu da manatın sabit olmadığına və uzun müddət sabit qala bilməyəcəyi ehtimalına görədir. Baş verənlər devalvasiya risklərinin yüksək olduğuna bir işarədir. Əslində düşünürəm ki, bəlkə də banklar Mərkəzi Bankı bəhanə edərək, müştərilərinə belə bir məlumat verirlər. Çünki Mərkəzi Bankın bu cür qərar verməsi qanunsuzdur, qanunvericiliyə də ziddir. Ola bilsin ki, banklar öz qərarlarını Mərkəzi Bankın adına çıxmaqla, öz məsuliyyətlərini kənara çəkməyə çalışırlar. Burada söhbət ondan gedir ki, bankların özlərinin də manatla kredit verməyə marağı yoxdur. Bunu açıq-aşkar deyə bilmirlər. Çünki bu, manatın gələcəkdə taleyinin müəmmalı olacağı barədə etiraf olardı. Bu, o deməkdir ki, manatın taleyi qeyri-müəyyən olduğuna görə banklar riskə gedib, manatla kredit verib, sonradan uduzmaq istəmirlər”.

Ekspert Samir Əliyev isə qeyd edib ki, belə bir qərar reallığa əsaslanmır: “Mərkəzi Bank tərəfindən belə bir göstəriş inandırıcı deyil. Çünki bu, qanunsuz addımdır, qanunvericiliyə ziddir. Ölkədə bir ödəniş sistemidir və bütün ödənişlər manatla aparılır. Manatla kreditin qadağan edilməsi bu baxımından qanunsuzdur. Ola bilər, hansısa bankın manatla kredit vermək imkanı müvəqqəti olaraq yoxdur. Bir müddət ola bilər ki, manatla kredit verilməsini dayandırsın. Amma bu, qısamüddətli xarakter daşımalıdır. Uzunmüddətli xarakter daşıyarsa, burada artıq həmin bankda çox böyük problemin olduğu qənaətinə gəlmək olar. Mərkəzi Bank bu gün bankları manatla təmin etməlidir. Ölkədə manat qıtlığı var. Banklar kredit vermək üçün manat tapa bilmir. Digər tərəfdən də devalvasiya gözləntilərinin olması bankları manatla kredit verməyə çəkindirir. Banklar dollarla kredit vermək istəyir. Dollarla da vətəndaşlar götürmür. Çünki onlar da devalvasiya gözləntisindən çəkinirlər”.

Bəzi ekspertlərə görə, dollarla kredit verilməsi qanunsuzdur və Mərkəzi Bank bankların qanunsuz addımına göz yumur.

“Xarici valyutada kreditin verilməsinin özü qanunsuzdur. Belə ki, Konstitusiyanın 19-cu maddəsinin III hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. Mülki Məcəllənin 439.1-ci maddəsi daha liberal olsa da, yenə də bu fikri təsdiqləyir, özü də daha konkret: “Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər”, – deyə ekspert Əkrəm Həsənov bildirir.

Onun sözlərinə görə, təəccüblü və şübhəli olan odur ki, Mülki Məcəllənin 439.1-ci və 439.2-ci maddələrinin açıq-aydın müddəalarına şərh verməyənlər mənası ən azı mübahisəli olan 439.7-ci maddədən yapışıblar: “Deməli, vətəndaşlarımıza xarici valyutada kreditlərin verilməsi qanunsuzdur. Buna əsasən dollarla kredit alan şəxs məhkəmədə kredit müqaviləsinin etibarsızlığı məsələsini qaldıra bilər. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Borc alan bununla nə əldə edəcək? Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bu isə o deməkdir ki, həmin şəxs banka istənilən halda aldığı məbləği dollarla və ya hazırda mövcud olan məzənnə əsasında manatla qaytarmalıdır. Eyni zamanda bank da kredit üzrə borc alanın ödədiyi faizləri geri qaytarmalıdır. Beləliklə, dollarda ifadə edilmiş kredit müqaviləsinin etibarsızlığı nəticəsində borc alanlar ödənmiş faizlərin geri qaytarılmasına nail ola bilərlər. Bu isə manatın devalvasiyası nəticəsində onların məruz qaldıqları zərəri qismən azalda bilər”.

Ə.Həsənov qeyd dedib ki, təklif edilən yol kreditin əvvəlki məzənnə ilə ödənilə biləcəyi rəyi kimi cəlbedici deyil: “Amma yeganə şans yalnız budur. Ən azı ona görə ki, məhz bu halda qanun müştərilərin tərəfində olacaq. Deməli, iddiaların sayı çox olsa, banklar real güzəştlərə getməyə məcbur olacaq. Çünki kredit müqaviləsinin etibarsızlığı Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən avtomatik olaraq girov, ipoteka, zaminlik və digər təminatların da etibarsızlığı deməkdir. Başqa sözlə, banklar verdikləri kreditlər üzrə təminatsız qala bilər. Bu isə onları güzəştə getməyə vadar edəcək”.(musavat.com)

COMMENTS