İqbal Ağazadə: “Bu cəmiyyətdə Təhminələr çoxdur”


İqbal Ağazadə: “Bu cəmiyyətdə Təhminələr çoxdur”

Font ölçüsü

iqbal.jpg

Ümid partiyasının sədri İqbal Ağazadə ilə sənət söhbəti

II HİSSƏ

(Müsahibənin I hissəsini buradan oxuya bilərsiniz)


– İqbal bəy, bu gün ədəbiyyat siyasətlə məşğuldur, eyni zamanda, siyasət də ədəbiyyatın işinə qarışır. Tutalım, Əkrəm Əylisli “Daş yuxuları” yazır, ölkə bir-birinə qarışır və ya Salman Rüşti “Şeytan ayələri”ni yazır, neçə illərdir mühafizədədir, Orxan Pamuk “Nobel” alır...

– Türkiyə bir-birinə qarışır.

– Görürəm ki, siz bütün bunlara Nüsrət Kəsəmənlinin şeirləri kontekstində münasibət bildirirsiniz. Halbuki...

– Yanlış düşünürsünüz. Yenə deyirəm, mən bayaqdan oxucu kimi danışıram. Bayaq da qeyd etdim, sənət yazıçı ilə onun ruhu arasında yaranır. Düşüncəsi və baxışları arasında yaranır. Sifarişli ədəbiyyatlar çox qalmır. Necə ki, Sovet dönəmində xeyli dərəcədə sifarişli ədəbiyyatlar vardı, amma bu gün onlar oxunmur. Məsələn, “Oxuma tar”. Və yaxud “Böyük dayaq” filminə bircə şeyə görə sevə-sevə baxırıq. Aktyor istedadına görə. Amma məzmun bizə maraqlı deyil. Kolxoz belə getdi, şəxsiyyətə pərəstiş belə getdi...

Məsələn, Əkrəm Əylislinin “Daş yuxular” əsərinə millət öz açısından baxdı və toplum açısından dolayı yazıçının üzərinə yürüş etdi. Çox yürüş etdi, az yürüş etdi, artıq-əskik nəsə oldu, bu başqa şeydir. Amma o əsərdə toplumun obrazı var, bir azərbaycanlı obrazı var və toplum öz obrazına etiraz elədi.

– Və...

– Və etiraz haqqı da varıydı. Ona görə də belə bir həssas məqamda toplum obrazı yaradan yazıçı ona qarşı hücumları da əvvəlcədən düşünməliydi.

– Sizin üçün milli ədəbiyyat daha çox maraqlıdır, yoxsa bəşəri?

– İnsan kimi nə qədər bəşəri olsam da, mən mental dəyərlərə görə milliyəm. Və ona görə də mənim üçün milli ədəbiyyat daha maraqlıdır. Çünki özümü orda daha tez tapa bilərəm. Bu yaxınlarda şotlandların həyatından bəhs edən “Bir qrafın sevgisi” kitabını oxudum. Çox gözəl əsərdir. Orda o qədər gözəl təsvirlər vardı ki... Amma mən deyiləm...

– Siz Mövlud Süleymanın “Köç”üsünüz...

– Bəli... Mən Mövlud Süleymanlının “Köç”üyəm... Ona görə də deyə bilmərəm ki, mənə bəşəri ədəbiyyat yaxındır. Düzdür, sevirəm, oxuyuram, zövq alıram, öyrənirəm. Və ya halıma, peşəmə uyğun da ola bilər. Amma təbii ki, mənə milli ədəbiyyat daha yaxındır.

– Maraqlıdır, ictimai-siyasi mövqeyinə görə gözünüzdən düşən şair, yazıçı olub? Məsələn, Bəxtiyar Vahabzadənin...

– Yox... Mən məsələyə bir az fərqli yanaşıram. Məsələn, Bəxtiyar Vahabzadənin “Gülüstan”ı bizim üçün 90-cı illərə qədər çox dəhşətli bir əsər idi. Məsələn, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin əvvəlində bir yer vardı – deyəsən, sonra onu çıxardılar – bu Sovet dövründə bizim üçün şedevr idi. Və yaxud Seyran Səxavətin “Daş evlər” romanında Çankonun bəşəriyyətə məktubu çox mükəmməl idi. Yaxud da cənub haqqında danışa bilməyəndə Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması şedevr idi. Ona görə də bu ədəbiyyat nümunəsi o vaxt oxuduğum kimi mənim yadımda qalıb.

– Amma...

– Amma mən Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini bu gün də oxuyuram. Çünki bu şeir dəyişməyən ədəbiyyatdır. Heç bir zaman da dəyişməyəcək.

– Deyəsən, ancaq sevgiylə bağlı ədəbiyyat sizin üçün heç vaxt dəyişmir.

– Hə... Ancaq sevgiylə bağlı ədəbiyyat dəyişmir. Çünki insanın içində hər zaman sevgi var. Siyasi ədəbiyyatlar zamanla, dövrlə dəyişir. Bir dövrdə siyasi ədəbiyyat nümunəsini oxuyarsan, sənə çox ləzzət eləyər, amma başqa bir dövrdə xoşuna gəlməyə bilər. Məsələn, biz Sovet dönəmində İlyas Əfəndiyevin “Üçatılan”ını oxuyurduq. Orda çoban Ərşad var. Az qala, özümüzü çoban obrazında görürdük. Yəni ideoloji ədəbiyyat idi və biz də ideologiyanın içindəydik.

– Bəs indi yaranan hansı obrazda özünüzü görürsünüz?

– Çox təəssüf ki, biz hadisəni yaradanıq. Yəni artıq obrazları axtarmırıq. Bəlkə, özümüz obraz olacağımızı düşünürük. Demirəm, oluruq. Amma ola bilsin, hər bir siyasətçi düşünür ki, hakimiyyətə gələcəyəm, Azərbaycanda demokratik cəmiyyət quracağam, Ermənistan-Azərbaycan münaqişəsini həll edəcəyəm. Yəni obraz yaratmaq istəyirik. Bizim yerimiz budur.

– İqbal bəy, sizcə, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” nə deməkdir?

– Mənim düşüncəmə görə, Zaurla Təhminən məhəbbəti insan hissinin mövcud olandan üstüydü. Və ona görə altıncı mərtəbəydi bu. Yəni hissin daha yuxarı hissəsiydi. Evlənmək də olar, ailə qurmaq da olar, amma Təhminə bir söz deyir orda: “Zaur evlənəcəksən də, ailə quracaqsan da, amma heç kim həyatında məni əvəz etməyəcək”. Mənə elə gəlir ki, bu, altıncı mərtəbədir.

– Bəlkə, cəmiyyətin qəbul eləmədiyi Təhminənin özü elə altıncı mərtəbədir.

– Yox... Təhminələr bu cəmiyyətdə çoxdur. Ola bilsin ki, Sovet dönəmində Təhminələri göstərmirdilər. Amma indi olduqca çoxdur.

– Danışdıqca adama elə gəlir ki, “dünya beşgünlükdür” fəlsəfəsi ilə yaşayırsınız?

– Nə mənada? Anlamadım.

– Məsələn, lazım olanda kefimə düşəndə Nadir Qafarzadəyə də qulaq asıram, papağımın dalını qaldırıram, qabağını basıram gözümün üstünə...

– Yanlış fikirdir. Kimsə özünü bir çərçivədə görürsə, kimsə deyirsə ki, mən hər zaman eyni bir şeyə qulaq asıram, bu, başqa bir şeydir. Fikrini, mövqeyini, düşüncəsini, hisslərini, emosiyasını dəyişməyən yalnız ölülərlə dəlilərdir. Hətta mən deyərdim ki, dəlilər də emosiyalarını dəyişir. Kim emosiyasını dəyişmirsə, o adam adam deyil. Mən bu gün də “Ögey ana” filmində İsmayılın ana deməyinə baxanda gözümdən yaş axır. Mən sizin dediyiniz kimi “dünya beşgünlükdür” düşüncəsiylə yaşasaydım, nə Füzulidən, nə Hüseyn Caviddən, nə Seyid Əzimdən, nə Drayzerdən, nə Dostoyevskidən danışmazdım. Başqa şeydən danışardım. Heç bu yerə də gəlməzdim. Ancaq oynaya-oynaya yaşayardım. Amma mən sizə hansı hisslərdən danışdım.

– “Vəzifə yazıçını yazmağa qoymur”. Sizcə, doğrudanmı, belədir?

– Deyə bilmərəm. Çünki mən ömrümdə əsər yazmamışam və bilmirəm yazı prosesində insan hansı halda olur.

– Vəzifəsi olan yazıçıların və vəzifəsi olmayan yazıçıların əsərlərini oxuyanda nəsə hiss eləməmisiniz?

– Bilirsiniz, tarixdə belə deyim çox olub ki, əslində, şairlik, yazıçılıq müxalifətçilikdir və müxalifətçi olanda daha oxunaqlı olur. Məsələn, belə olanda hamı Elçin Əfəndiyevi nəzərdə tutur ki, o, yaza bilmir. Amma Elçinin yaxşı yazdıqları da var. Məsələn, onun “Ölüm hökmü” 1988-89-cu illərdə bizim üçün gözəl əsəriydi.

– İndi...


– İndi elədir ki, vaxt, zaman və yaxud da ilham... Məgər hər zaman yazmaq olur? Yazmırsa, bunu vəzifə ilə əlaqələndirmək doğru deyil. Məsələn, Tolstoyun həyatı sadə həyat olmayıb.

– Qraf...

– Bəli... Kifayət qədər də pulu olub. Amma yazıb da. Deməli, yazmağın vəzifəylə əlaqəsi yoxdur. Haldan, ruhdan asılıdır. Gəlir yazır, gəlmir yazmır. Məsələn, Seyran Səxavət əvvəlcə şeir yazırdı, sonra nəsrə keçdi.

– Sizcə, Seyran Səxavət şair kimi qalsaydı yaxşıydı, yoxsa...

– Mən Seyran Səxavətin “Daş evlər”ini o qədər sevirəm, o əsəri o qədər oxumuşam, bəlkə, əzbər bilirəm. Amma onun:

Sən soyuq ulduz, mən gözləri nəm,

Eybi yox, mənimçün həmişə varsan,

Sıxma ürəyimi, ürək cəhənnəm,

Axı sən ordasan, sən sıxılarsan.

şeirini də sevə-sevə oxuyuram. Mənim üçün hər ikisi dəyərlidir. Yenə deyirəm, nə xoşuma gəlirsə, onu oxuyuram. Mənə dəxli yoxdur, Seyran şeir yazır, yoxsa nəsr. Yazdığı şeir, yazdığı nəsr ruhumu oxşayırsa, oxuyacağam.

– Teatrlarla aranız necədir?

– Teatrları son dövrlər sevmirəm. Bircə təəssüf elədiyim odur ki, Fuad Poladovun ifasında Ağaməhəmməd şah Qacar obrazına baxa bilmədim. Gedib baxan dostlar çox təriflədilər. Amma mən gedə bilmədim. Fuad Poladovu çox sevirəm. Aktyor kimi çox istedadlıdır. Fəxrəddin Manafovu çox sevirəm. Mehriban Zəkini çox sevirəm. Səhv etmirəmsə, Ramiz Fətəliyevin quruluşunda Fuad Poladov bir aktyorun obrazını yaratmışdı. Çox ləzzət elədi. 10 dəqiqə ayaq üstə alqışladım. O qədər gözəl idi ki... Amma adını çəkmək istəmirəm, Akademik Milli Dram Teatrında bir tamaşaya getmişdim, yarımçıq durub çıxdım.

– Niyə?

– Bilirsiniz, səhnə qışqırmaq yeri deyil. Səhnədə qışqırmaqla aktyor olmaq olmaz.

– Sən həqiqəti deyirsənsə, bəs niyə...

– Qışqırırsan? Sən nəyisə mənim yaddaşıma yazmaq üçün qışqırmamalısan. Bəlkə, qışqırırsan ki, birdən qorxub eləyəm, deyəm, düz deyirmiş, səsi bərk çıxır.

– İqbal bəy, o düz fikirdir ki, sənət həqiqətin yanında olmalıdır?

– Yanlış bir şeydir.

– Bəs sənət harda olmalıdır?

– Sənət ruhun yanında olmalıdır.

– Ruh da həqiqətdir də...

– Ruh həqiqətin yanında olmaya da bilər. Yəni başqasının həqiqəti ilə mənim həqiqətim fərqli ola bilər. Siz qəbul edin ki, hər kəsin öz pəncərəsi var və hərə öz pəncərəsindən baxır. Onun pəncərəsindən dünya bu cür görünür, sənin pəncərəndən bir başqa cür. Belinskiyə deyirlər ki, ömründə bir sətir yazmamısan, amma yazanların hamısını tənqid edirsən. Belinski çox maraqlı cavab verir. Deyir, mən ömrümdə yumurtlamamışam, amma qayğanağın dadını toyuqdan yaxşı bilirəm. Yəni əsər yazmısan, onu tirajlamısan və həmin əsərə fərqli nümasibətləri də qəbul eləməlisən. Başqa bir tərəfdən, o əsərə münasibət yoxdursa, günah sənin özündədir.

– Maraqlıdır, sizin pəncərədən baxanda Vüqar Əhməd necə görünür?

– Onun şeirlərini oxumamışam. Heç oxumamışam.

– Amma bayaq dediniz ki...

– Məsələn, Nuridə Atəşi adlı bir şairə var. Onun şeirlərini oxumuşam. Bircə sətir yadımda qalıb.

Üzün qara olsun dünya,

Sevmədən də öpüşməyi öyrətdin bizə.

Əla şeirdir. Görün, nə qədər gözəldir:

Üzün qara olsun dünya,

Sevmədən də öpüşməyi öyrətdin bizə.

Bundan başqa, onun heç bir misrası yadımda qalmayıb.

– Yəqin Nuridə xanımın yaradıcılığını başdan-ayağa oxumusunuz ki, içindən bir misra tapa bilmisiniz.

– Yox... Bir-ikisini oxudum, nəsə xoşuma gəlmədi. Yəni ruhum tutmadı.

– Bəlkə, erotik şeirlər yazıdığına görə xoşunuz gəlmədi.

– Yox... Nə dəxli var? Erotika da onun halıdır, yazır. Bəyəm insan erotik hala girmir? Kim yatağa girmir ki? Kişili-qadınlı kim erotikayla məşğul olmur ki? Ola bilsin, biri deyə bilir, biri deyə bilmir, bu başqa məsələdir. Nuridə Atəşi də yazır, özü bilər. Amma onun bu misrası məni tutdu:

Üzün qara olsun dünya,

Sevmədən də öpüşməyi öyrətdin bizə.

Çox əladır.

– Doğrudan, gözəl misradır.

– Amma oxumadığım o qədər adamlar var. Məsələn, Rafiq Həsən var. Onu çox sevirəm. Bircə dənə kitabı çıxıb. İkinci bir nəsr kitabı da çıxıb. Heç xoşuma gəlmədi. Özünə də dedim. Dedim, bu nədi yazmısan? Amma şeirləri nə qədər gözəl idi.

– Yəqin Rafiq Tağının da hekayələrini oxumusunuz.

– Oxumuşam. Və bəyənmişəm, çox sevmişəm. Allah rəhmət eləsin. Mən müəllifə baxmıram. Ona siyasi dünyagörüşünə görə qiymət vermirəm. Kitabı qarşıma çıxırsa, oxuyuram. Əlimə düşdüsə, hökmən oxuyacağam. Özü də oxumadığım kitabların hamısı jurnal stolumun üstündə olur. Bu gün evdə jurnal stolumun üstündə iyirmiyə qədər kitab var. Bəzisinin yarısında vərəq qatlanıb, bəzsinin axırında. Amma hökmən axıra qədər oxuyuram. Mən satiralar da oxuyuram.

– Yeri gəlmişkən, bu gün satira yazılmır deyənlər də var.

– Düzdür, bu gün satira yoxdur. Sabir satirası, Seyid Əzim satirası yoxdur.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.