Mikayıl Cabbarovun dövrü Misir Mərdanov dönəmindən fərq etmir


Mikayıl Cabbarovun dövrü Misir Mərdanov dönəmindən fərq etmir

Font ölçüsü

1411107402_0001.jpg

Sabiq təhsil naziri Misir Mərdanovun Təhsil Nazirliyinə (TN) rəhbərlik etdiyi illərdə ali məktəblərə, orta ixtisas təhsili müəssisələrinə və peşə liseylərinə testdənkənar yollarla qəbul olunan tələbə və şagirdlərin sayı hədsiz dərəcədə artmışdı.

 

Hətta vəziyyət o həddə çatmışdı ki, aidiyyəti dövlət qurumları bu hallara qarşı mübarizə aparmaqda çətinlik çəkirdilər. Lakin Mikayıl Cabbarov nazir vəzifəsinə təyin ediləndən bu məsələyə, yəni ali və orta ixtisas təhsili müəssisələrinə testdənkənar üsullarla qəbul olunmaya xüsusi diqqət yetirir.

Elə buna görədir ki, illərdir yığılıb qalan bəzi problemlər artıq öz həllini tapıb və bu sahədə işlər uğurla davam etdirilir. Görülən bütün müsbət işlərə baxmayaraq, bəzi peşə liseylərində neqativ hallar səngimək bilmir. Müxtəlif qanunsuzluqların baş verdiyi təhsil müəssisələrindən biri də Dövlət Dəmir Yolu Liseyidir. Qeyd edək ki, Dövlət Dəmir Yolu Liseyi 1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə başlayıb. Tədris ocağı 1941-ci ildən 1 nömrəli Dəmir Yolu Peşə Məktəbi, 1955-ci ildən 4 nömrəli şəhər Texniki Peşə Məktəbi, 1969-cu ildən 2 nömrəli Orta Texniki Peşə Məktəbi, 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyi adlandırılıb. 1969-cu ildən Dövlət Dəmir Yolu Liseyində şagirdlərə həm də orta təhsil verilməyə başlanılıb. 1969-cu ildən bu günə kimi liseydə elektrovozun maşinist köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryol stansiya növbətçisi, sərnişin vaqonlarının bələdçisi, bilet (yük) kassiri, yük və baqaj qəbul-təhvilçisi, metropoliten elektrik qatarlarının maşinist köməkçisi ixtisasları üzrə minlərlə ixtisaslı kadr hazırlanıb. 1996-cı ildən Dövlət Dəmir Yolu Liseyinin nəzdində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə eyni zamanda orta ümumi təhsil məktəbinin fəaliyyət göstərməsinə icazə verilib. Təhsil müəssisəsi dəmir yolları və Bakı Metropoliteni üçün kadrlar hazırlayır. Redaksiyamıza liseydə cərəyan edən proseslər, habelə direktor əvəzi Sədaqət Nəbiyevanın və onun müavini Sevil Məmmədovanın qandonduran əməlləri ilə bağlı dəhşətli faktlar daxil olub. Dünən bir qrup valideyn redaksiyamızla əlaqə saxlayaraq Sədaqət Nəbiyeva və Sevil Məmmədovanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi imtahanlardan kənar şəkildə liseyə qanunsuz tələbə qəbul etdiklərini bildiriblər: "Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin hamısında sentyabrın 15-də dərs ili açıq elan olundu. Təəssüf ki, Dövlət Dəmir Yolu Liseyinin 1-ci kurs tələbələri bu sevinci yaşaya bilmədilər. Liseyə bu il dövlət tərəfindən 250 nəfər plan yeri ayrılmışdı. Direktor Sədaqət xanım, həmçinin onun müavini Sevil Məmmədova isə qanunsuz iş görərək liseyə plan yerindən artıq tələbə qəbul ediblər. Həmin tələbələrin sayı təxminən 250 nəfərdir. Bu uşaqların arasında bizim də övladlarımız var. Təhsil ocağında elektrovozun maşinist köməkçisi, teplovozun maşinist köməkçisi, dəmiryol stansiya növbətçisi, sərnişin vaqonlarının bələdçisi, bilet (yük) kassiri, yük və baqaj qəbul-təhvilçisi ixtisasları üzrə təhsil aparılır. Testdənkənar qəbul edilən uşaqları məhz bu ixtisaslara yerləşdiriblər. Sentyabrın 15-də lisey rəhbəri bütün valideynlərə zəng vurub deyib ki, dərslər ayın 22-də başlanacaq. Bunun səbəbini isə bizə Təhsil Nazirliyinin apardığı yoxlamalarla izah edirlər. Belə ki, nazirliyin rəsmiləri bir neçə gün əvvəl təhsil müəssisəsində yoxlama aparıb və müəyyən ediblər ki, liseyə testdənkənar tələbə qəbulu həyata keçirilib. Buna görə də liseyin direktoru və müavini bərk danlanıb. Deyilənə görə, nazirliyin rəsmiləri bu şəxslərə vəzifələrindən çıxarılacaqları barədə xəbərdarlıq belə ediblər. 2-ci və 3-cü kurslarda oxuyan tələbələr dərsə gedir. Amma bizim uşaqlarımız hələ ki, dərsə gedə bilmir. Deyilənə görə Sədaqət Nəbiyeva elektrovozun maşinist köməkçisi ixtisasında oxumaq istəyən uşaqların valideynlərindən 1200-1500 teplovozun maşinist köməkçisi ixtisası üçün 1500-2000 stansiya növbətçisi üçün isə 1000-1200 arasında alıb. Dəmir Yolu Liseyində təhsil alan tələbələrin ümumi sayı 600 nəfərdən çoxdur". Valideynlərin şikayətini nəzərə alıb məsələni yerində araşdırmaq qərarına gəldik və bu məqsədilə Dövlət Dəmir Yolu Liseyinə yollandıq. Dərs vaxtı olmasına baxmayaraq, tələbələr liseyin həyətində toplaşmışdı. Onlardan bir neçəsi siqaret çəkir, bir qismi telefonla danışır, digərləri isə deyib-gülürdülər. Giriş qapısından içəri girmək istəyirdim ki, qapıda duran xanım məni saxladı və hara getdiyimi soruşdu. Ona Sədaqət Nəbiyevanın yanına gəldiyimi və jurnalist olduğumu dedim. Liseyin əməkdaşı bir qədər fikirləşəndən, daxili telefonla kiminləsə danışandan sonra direktorun işdə olmadığını bildirdi. Belə olan halda direktorun müavini Sevil Məmmədovanın yanına getmək istədim. Bu dəfə də qapıda dayanan nəzarətçi xanım qabağımı kəsdi. Direktor müavini jurnalist olduğumu bildiyindən məni qəbul etmədi. Bundan sonra liseydə təxminən, 1 saata yaxın müşahidə apardım. Lövhədə rəhmətlik Heydər Əliyevin "Dəmir yolu sisteminin işçilərində dəmir intizam olmalıdır" sözləri gözümə sataşdı. Liseydə gördüklərim isə bunun tam əksini deyirdi. Burda dəmir intizamdan söhbət belə gedə bilməz. Müəllimlər dərs vaxtı dəhlizdə gəzən tələbələri az qala yalvarıb siniflərə salırdılar. Bəzi tələbələrin müəllimlərlə yüksək səs tonu və əl-qol hərəkətləri ilə danışması da diqqətimdən yayınmadı. Gördüklərimdən belə nəticəyə gəldim ki, Dövlət Dəmir Yolu Liseyində nizam-intizam istənilən səviyyədə deyil, həmçinin müəllim-tələbə münasibətləri normal müstəvidə qurulmayıb. İndi hansı dövrdə yaşayırıq ki, tələbə müəllimin üstünə qışqırır, yaxud ona əl qaldırmağa cəsarət edir. Sizcə, bura təhsil ocağı demək olarmı? Liseydən çıxıb redaksiyaya qayıtdım. Apardığımız jurnalist araşdırmalarından sonra Sədaqət Nəbiyeva ilə bağlı şok faktları üzə çıxardıq. Mötəbər qaynaqlardan aldığımız məlumatlara görə, 1 ildən çoxdur direktorun vəzifələrini icra edən Sədaqət xanım bu müddət ərzində inanılmaz qanunsuzluqlar törədib: "Direktor əvəzi, müavini heç kimdən və heç nədən çəkinməyərək liseyə qanunsuz tələbə qəbulu aparıblar. Bundan böyük cinayət ola bilər? Sədaqət xanım direktorun vəzifələrini icra etməyə başlayandan sonra liseydə savadlı müəllimlərin bir çoxunu işdən azad etdi. Onların yerinə isə bu sahədən heç bir anlayışı olmayan şəxsləri götürüb. Dövlət Dəmir Yolu Liseyində son 1 il ərzində təhsilin səviyyəsi xeyli aşağı düşüb. Təhsil müəssiəsi əvvəlki kimi peşəkar kadrlar hazırlaya bilmir. Sədaqət Nəbiyevanın dəmir yolu sistemindən qəti anlayışı yoxdur. Məndə olan məlumata görə, o, Azərbaycan Texniki Universitetinin materialşünaslıq ixtisasını bitirib. Materialşünaslıq hara, dəmir yolu hara? Bunların arasında yerlə göy qədər fərq var. Direktor əvəzinin imza atdığı qanundan kənar əməllərə Sevil Məmmədova da şərikdir. O da bəzi valideynlərdən müəyyən miqdarda pul alaraq liseyə testdənkənar yolla tələbə qəbulu aparıb. Sədaqət Nəbiyeva qısa müddət ərzində var-dövlətini artırıb. O dəyəri təxminən, 40 min manata yaxın olan ağ rəngli avtomobil sürür. Sabunçu rayonunun Bakıxanov qəsəbəsində üç mərtəbəli möhtəşəm imarət tikdirib". Verilən məlumata görə, direktor əvəzinin əsas qazanc mənbələrindən biri də texniki işçilərin işə qəbulu ilə bağlıdır: "O, 3000-3500 alaraq bəzi şəxsləri texniki işçi götürüb. Dəmir Yolu Liseyində 70-ə yaxın işçi var. Direktor əvəzi hər ay müxtəlif bəhanələr gətirərək onlardan nəysə yığır. Texniki işçilərin işə qəbulu məsələsi Təhsil Nazirliyinin nəzarətində olmadığına görə, liseyin rəhbəri öz bildiyi üsullardan istifadə edir. Lisey rəhbəri hər semestr 50-dən çox tələbəni aylığa buraxır. Bundan başqa imtahanlara görə hər tələbə direktor əvəzinə 150-200 arasında hörmət etməyə borcludur. Əks təqdirdə imtahanlardan keçə bilməzlər". Maraqlı məqamlardan biri də müəllimlərin aylıq maaşları ilə bağlıdır. Belə ki, liseyə qeyri-qanuni yollarla qəbul edilən tələbələrin ayın 22-də dərsə getməsi gözlənilir. Dövlət yalnız qanuni yollarla tələbə adını qazanan şəxslərə dərs deyən müəllimlərə əməkhaqqı verir. Görəsən, testdən kənar yollarla liseyə qəbul edilən 250-yə yaxın tələbəyə dərs deyəcək müəllimlərin maaşı necə ödəniləcək? Onu da bildirək ki, biz bu cür neqativ halların üzə çıxmasında hörmətli Mikayıl Cabbarova köməyimizi göstəririk. Çünki Misir Mərdanovun xələfi qısa müddət ərzində çox işlər gördü. Onun təhsil sahəsində apardığı bir sıra islahatlar öz müsbət nəticəsini verməkdədir. Buna görə də var gücümüzlə çalışıb nazirə bu işlərdə dəstək veririk. Vətəndaş mövqeyindən çıxış edib cənab nazirə demək istəyirik ki, Sədaqət Nəbiyeva dəmir yolu üzrə ixtisası olmaya-olmaya burda rəhbər vəzifə tutur və min cür özbaşınalıq törədir. Deyilənə görə, direktor əvəzinin Təhsil Nazirliyində havadarı var. Biz həmin havadarın kim olduğunu axtarıb tapmışıq. Lazım gələrsə, bu şəxsin kimliyi haqda Mikayıl müəllimə məlumat verə bilərik. Nazirdən xahiş edirik ki, Dövlət Dəmir Yolu Liseyini yaman günə salan Sədaqət Nəbiyevanı və Sevil Məmmədovanı tutduğu vəzifədən uzaqlaşdırıb onların haqqında zəruri materialları aidiyyəti hüquq-mühafizə orqanlarına göndərsin. Adıçəkilən şəxslər mütləq həbs edilməlidir. Növbəti saylarımızda Sədaqət xanımın oğlunun 3 Türkiyə vətəndaşı ilə hansı işi görərkən həbs olunması və digər məsələlərlə bağlı tükürpədici məlumatları diqqətinizə çatdıracağıq. Bizi izləyin. \\ gundelik-bakı \\

Yazı ilə bağlı qarşı tərəflərin də fikirlərini işıqlandıra bilərik.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.