İcra başçılarına nələr qadağa olundu?


İcra başçılarına nələr qadağa olundu?

Font ölçüsü

aparat.jpg

Rayon rəhbərlərinə Qurban bayramında camaata əl tutmaqlarını reklam etmək yasaqlanıbmış; iqtidar Azərbaycanı dünyaya mədəni və sivil müsəlman ölkəsi kimi təqdim etməyə çalışır; ortada başqa səbəblər də var Azərbaycanda xeyirxahlığın reklamı son illər dəb halını alıb.

 

Əhalinin kasıb, imkansız təbəqələrinə edilən yardımlar kameralar vasitəsilə lentə alınaraq telekanallarda nümayiş etdirilir. İş adamları, vəzifəli şəxslər xeyriyyəçilik addımlarını kampaniyaçılığa çevirərək şit, bayağı bir formada cəmiyyətə təqdim etməyə meyllidirlər.

Bu mənzərə daha çox milli və dini bayramlarda özünü göstərir. Bir də görürsən ki, hansısa şirkətin rəhbərliyi adından, məsələn, X rayonunda məskunlaşmış məcburi köçkün ailələrinə yardım edilməsi haqda televiziyada süjet getdi. Yaxud tutaq ki, Novruz bayramında rayon icra başçıları özlərinin “piar” kampaniyalarına start verirlər. Dövlətin vəsaiti ilə əhaliyə olunan yardımı öz adlarına çıxaraq kampaniya aparırlar. Baxmayaraq ki, vəzifəli şəxsin xeyriyyəçilik fəaliyyəti qanunla qadağandı, amma ölkəmizdə bir sıra məsələlərdə qanunlar istisna olunur...

Bu cür kampaniyalara Qurban bayramında da rast gəlinir. Onda görürsən ki, rayon rəhbərlərinin əhaliyə qurban paylama səhnələri teleefiri “bəzəyir”. Bir çox saytlar da həmçinin, İH başçılarından aldıqları “reklam” parasıyla bu işə öz “töhfələrini” verirlər. Nəticədə ortaya əcaib və bayağı bir mənzərə çıxır.

Musavat.com-a hakimiyyətə yaxın mənbələrdən daxil olan məlumatda bu lazımsız ənənəyə son verildiyi deyilir. Mənbənin bilgisinə görə, son aylar Prezident Administrasiyasından rayon icra hakimiyyətləri başçılarına qəti şəkildə tapşırıq verilib ki, əhaliyə olunan yardımlardan kimsə reklam roliki çəkdirib öz təbliğatı üçün istifadə etməsin. Camaata yardım paylansın, qurbanlar kəsilsin, amma bu haqda mediaya xəbər sızdırılmasın, telekanalları rayonlara çağırıb bunu kampaniyaya çevirməsinlər.

Doğrudan da son Qurban bayramında tv-lərdə bir dənə də olsun bu cür kadrlara rast gəlinməyib. Rayon icra başçıları əvvəlki illərdə olduğu kimi, qurban kəsib imkansız adamlara paylayıblar, lakin reklam roliki çəkdirə bilməyiblər. Dövlətin verdiyi imtiyaz və imkanlardan istifadə edərək öz şit təbliğatlarını qurmaq imkanlarından məhrum ediliblər.
Mənbədən bu qadağanın səbəbini soruşduqda dəqiq bir cavab verə bilməsə də bəzi təxminlər söylədi. Qaynağımız iddia edir ki, bir çox məsələlərdə olduğu kimi, yardımlaşma, əhaliyə əl tutmaq məsələsinin reklamı, təbliğatı da mərkəzləşdirilib. Bu sahədə də özfəaliyyətə icazə verilmir. Hər şeyin dəmir nəzarətdə saxlandığı bir ölkədə bu qadağanı pozan hansısa məmurun olacağı ağıla batan deyil, olsa da onun özünü qurbanlıq keçiyə döndərib sözün siyasi mənasında “kəsərlər”.

Mənbə sözügedən qadağa haqda ehtiyatlı da olsa belə bir fikir işlədib. Sitat: “İqtidar xüsusilə də dini bayram və mərasimlərdə ehtiyatlı mövqe tutmaq xəttinə üstünlük verir. Onlar Azərbaycanı maksimum tolerant və sivil müsəlman ölkəsi kimi dünyada tanıtmağa çalışırlar. Sentyabrın 1-dən qüvvəyə minmiş ehsan qadağası da bu planın tərkib hissəsidir. Xüsusilə də son illər müsəlman ölkələrindəki proseslər, radikal İslam amilinin yüksələn xətlə inkişafı fonunda Azərbaycanın mədəni, sivil müsəlman ölkəsi imicinin yaradılması istiqamətində ciddi iş aparırlar. Son aylar Bakıda, Qəbələdə keçirilən beynəlxalq humanitar tədbirlər də bu fəaliyyətin aparıcı istiqamətlərindən biridir”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.