Milli Şuranın mitinqi baş tutdu


Milli Şuranın mitinqi baş tutdu

Font ölçüsü

milli.jpg

Milli Şuranın siyasi məhbuslara azadlıq tələbilə keçirdiyi mitinq insidentsiz ötüşdü, təşkilatın rəhbərliyi hakimiyyəti sərt tənqid etdi

 

Oktyabrın 12-də metronun “İnşaatçılar” stansiyasının yanındakı “Məhsul” stadionunda, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi razılıq verdiyi "siyasi məhbuslara azadlıq" şüarı altında mitinq keçirildi.

Əvvəlki icazəli mitinqlərdən fərqli olaraq, bu dəfə stadiona vaxtından tez girişə icazə verilmədi. Səbəb kimi isə, əsgərlərin xüsusi itlərlə stadionu axtardıqlarını və təhlükəsizlik tədbirləri gördüklərini deyiblər.

Milli Şuranın mitinqində Müsavat Partiyasını İsa Qəmbər Arif Hacılı və bir sıra müsavatçılar təmsil ediblər. Mitinqdə AXP sədri Pənah Hüseyn və müxalifət düşərgəsinin bir sıra tanınmış təmsilçiləri də iştirak ediblər.

Mitinqin təxminən 1500 - 2000 nəfər iştirakçısı olub. İştirakçıların əllərində Azərbaycanın və Avropa İttifaqının bayraqları ucaldılıb. Himn oxunub və mitinq açıq elan edilib.

Mitinqin aparıcısı AXCP sədrinin müavini Əbülfəz Qurbanlı olub. Ə.Qurbanlı öz çıxışında siyasi məhbuslara azadlıq tələb edib və onların ən qısa zamanda azad edilməklərini tələb edib.

Növbəti çıxışı isə AXCP sədri Əli Kərimli edib. Ə.Kərimli hakimiyyətin repressiya siyasətini kəskin tənqid edib: “Leyla Yunusu, İlqar Məmmədovu, Hacı Tale Bağırzadəni həbs etməyiniz az deyilmiş kimi , onları həbsxanada da rahat buraxmırsız. Ölkənin dəyərli insanlarını şərləyib tutursuz, budurmu sizin mənəviyyatınız? Bizi 7 dəfə qərargahdan məhrum etmisiniz. Sonuncunu partladıb, sahibinin pulunu da vermirsiz. Budurmu siyasi mübarizəniz? Sizin hakimiyyətə gəlməyiniz də, hakimiyyətdə qalmağınız da bu xalq üçün təbii fəlakət kim bir şeydir”.

AXCP sədrinin ardınca Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev və Gültəkin Hacıbəyli çıxış ediblər. Onlar da öz növbələrində həbs edilmiş insanların azadlıqlarını tələb ediblər.


Gültəkin Hacıbəyli: “Artıq biz heç nəyə təəccüblənə bilmirik. Azərbaycanda ailəvi repressiyalar davam edir. Bir ailədən bir neçə nəfər şərlənərək həbs edilir. Ziyalılar, hüquq müdafiəçiləri zindanlara atılıb. 60 yaşlı Leyla Yunusa vətən xaini damğası vurublar. Bütün bunlara son demək vaxtıdır”.

“Bura İŞİD bayrağı göndərənlər Talibanla YAP-ın bayrağını unudublar”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Hacı Rövşən Əhmədli çıxışında vurğuladı ki, bu millət azadlıqsevərdir və sona qədər öz azadlığı üçün mübarizə aparacaq: “Bura İŞİD bayrağı göndərənlər Talibanla YAP-ın bayrağını ya unudublar, ya da yolda itiriblər. Azərbaycanda günahsızlar həbsdə, günahkarlar azadlıqdadırlar. Bu gün Kürdaxanıda azadlıq universiteti fəaliyyət göstərir. Ən işıqlı insanlar ordadır”.
“Hakimiyyət Azərbaycan qadınını həbs edərək öz zəifliyini göstərir”

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, Azərbaycan xalqı bu repressiyaları hakimiyyətə bağışlamayacaq: “Bu gün hakimiyyətin təzyiqlərindən, hədə-qorxularından çəkinmədən burada toplaşan insanların hər birini salamlayıram. Hakimiyyət Azərbaycan qadınını həbs edərək öz zəifliyini göstərir. Hakimiyyət Azərbaycanın savadlı gəncliyini həbs edərək öz mahiyyətini ortaya qoydu. Amma bu əməllərinə görə, gün gələcək cavab verəcəklər. Xalqın qəzəbi bir gün püskürəcək və bu rejimi yola salacaq”.

“Bu gün bu meydanda oğlum Seymur yoxdur. Onun yerinə mən burdayam”

"Azadlıq" qəzetinin əməkdaşı, siyasi məhbus Seymur Həzinin atası Məşgul Həziyev siyasi məhbus ailələrinin adından çıxış etdi: “Bu gün bu meydanda oğlum Seymur yoxdur. Onun yerinə mən burdayam. Sizinlə çiyin-çiyinəyəm. Həbsdə olan günahsız insanlara azadlıq tələb edirəm. Bu hakimiyyəti çirkin əməllərindən, günahsız, savadlı ziyalılarımızı həbs etməkdən çəkinməyə dəvət edirəm”.

“Siyasi məhbuslarımız öz cəsarətləri ilə hər kəsə nümunədirlər”

Çıxış edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin yürütdüyü repressiya siyasətini pislədi: “Siyasi məhbuslarımız öz cəsarətləri ilə hər kəsə nümunədirlər. Onlar bu rejimlə mübarizə apardıqları üçün hazırda həbsdə yatırlar. Avropa hakimiyyəti demokratiyaya çağırır. Getdikcə bu hakimiyyət çökür və çökəcək”.

“İndi Azərbaycanda baş verənlər heç 37-ci ildə baş verməyib”

Milli Şuranın sədri Cəmil Həsənli: “Mən 2008-cə deyirdim ki, biz getdikcə Şimali Koreyaya çevrilirik. Hazırda həbsdə olan siyasi məhbuslar sübut edir ki, bu hakimiyyət həbsləri, repressiyanı çıxış yolu kimi görür. Amma hazırda həbsdə olanlar mübarizənin simvoluna çevriliblər. Mən tarixçi olaraq deyə bilərəm ki, indi Azərbaycanda baş verənlər heç 37-ci ildə baş verməyib, qəddar adlandırdığımız Sovet hökuməti belə ailəvi həbslərə getmirdi. Əgər bir il qabaq 10-15 siyasi məhbus var idisə, indi onların sayı 105-110-a çatıb.

Azərbaycan torpaqlarının 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır. Bu 20 il ərzində bu hakimiyyət 20 metr belə torpağı düşməndən geri ala bilməyib. Keçmişimiz də, bugünümüz də, gələcəyimiz də Azərbaycan bayrağı ilə bağlıdır. Bu gün burada bir neçə yerdə Avropa İttifaqının bayrağını görmək olar, məncə bu təsadüf deyil. Hədəflərimiz demokratiyadır, gələcəyimiz Avropa demokratiyası ilə bağlıdır”.

Mitinqin gedişatı zamanı bir nəfər şəxs İŞİD bayrağı qaldırıb. Bu zaman mitinqin digər iştirakçıları onu ərazidən uzaqlaşdıraraq, polisə təhvil veriblər.

Mitinq qətnamənin oxunması ilə başa çatıb.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.