Sabir Rüstəmxanlı xalqı təbrik etdi


Sabir Rüstəmxanlı xalqı təbrik etdi

Font ölçüsü

sabir.jpg

Dövlət müstəqilliyimizin bərpasının 23-cü ildönümü münasibəti ilə VHP sədri, millət vəkili, İstiqlalçı deputat Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib.

 

VHP-nin mətbuat xidmətindən musavat.com-a daxil olan təbrikdə deyilir:

"Sizi 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

1991-ci ilin 18 oktyabr xalqımızın həyatında mühüm əhəmiyyətə malik bir gündür. Həmin gün illər öncə başlamış Milli Azadlıq hərəkatı öz məqsədinə çatdı və dövlətimizin müstəqilliyi bərpa olundu.

Müstəqilliyin bərpası uğrunda xalq hərəkatı 1988-ci ildən açıq müstəviyə keçsə də, bu böyük yolu yalnız 3 illə məhdudlaşdırmaq olmaz. 1920-ci il aprel işğalından sonra Xalq Cümhuriyyətinin müstəqillik ideyasını xalqın yaddaşında yaşadan və bu yolda həyatını itirən minlərlə ziyalımızın, fikir adamının mübarizəsinin nəticəsində milli şüur daim yaşadı və 80-ci illərdə böyük bir axına çevrildi.

“İstiqlalçı deputatlar” adı ilə bilinən 43 ziyalı bu yolda canından keçmiş sələflərinin, ümumilikdə xalqın istəyini öz imzalarında tarixləşdirdilər. Ona görə də imzalarımızın görünməyən, amma daha dərin kökündə həm də Əhməd Cavadın, Almaz İldırımın, Hüseyn Cavidin, Mikayıl Müşfiqin və əlbəttə ki, ömrünün sonuna qədər azadlıq mübarizəsini davam etdirən və üçrəngli bayrağımızın bir daha enməyəcəyinə hər zaman inanan Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının adları da yaddaşlara həkk olunub.

Ömrünü dövlətin azadlığı və müstəqilliyinə həsr etmiş, bu yolda bütün təzyiqlərə, çətinliklərə, ölüm hədələrinə sinə gərmiş bizlər və rus işğalı nəticəsində tarixdə görünməmiş repressiyalar, sürgünlər, saxtakarlıqlar yaşamış Azərbaycan xalqı üçün müstəqillik xoşbəxtliyini sözlə ifadə etmək mümkün deyil.

Dövlət Müstəqilliyin Bərpası Günü Azərbaycan üçün, yeni nəsil üçün önəmli və şanlı bir tarixidir, ancaq o günün şahidləri və iştirakçıları üçün bütün hiss və həyəcanları, sevinci-kədəri, ağrı-acısı, xoşbəxtliyi ilə daim yaşayan, heç vaxt Dünənə çevrilməyəcək Canlı və Diri Gündür. Ömrünü o günü görmək arzusu ilə yaşayanlar hər məsələyə məhz O Günün ucalığından baxırlar.

Bir daha sizlərin hər birinizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, müstəqilliyimizin, azadlığımızın əbədi olmasını arzulayıram”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.