“Bəzən özümə sual verirəm, bu xalqın Sabiri, Cəlili olmayıb?”- Ramiz Mehdiyev


“Bəzən özümə sual verirəm, bu xalqın Sabiri, Cəlili olmayıb?”- Ramiz Mehdiyev

Font ölçüsü

ramiz.jpg

“Biz postsovet məkanında keçid dövrünü uğurla başa vuran və dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunan nadir bir ölkəyik”.


“Qafqazinfo”nun məlumatına görə, bunu bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışında Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev deyib. O, son illər ərzində aparılan islahatlar ölkənin dinamik inkişafını təmin etdiyini bildirib:

“İlin əvvəlindən ölkə iqtisadiyyatına 19 milyard dollar sərmayə qoyulub. Bu müddət ərzində maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Hazırda bizim 53 milyard dollardan çox valyuta ehtiyatımız var. Biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsi sırasındayıq”.

R. Mehdiyev deyib ki, bu gün həm Prezident Administrasiyası, həm nazirliklər, həm də yerli hakimiyyət strukturları bu gün ciddi kadr böhranı problemi ilə üzləşiblər: “Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir”.

R. Mehdiyev bildirib ki, sovet dövründə institut həm də nadir tədqiqat mərkəzlərindən biri olub: “Burada həm ciddi elmi araşdırmalar aparılır, həm də Mərkəzi Komitənin sifarişi ilə vaxtaşırı müvafiq sanballı analitik materiallar hazırlanırdı. Yəni, siz daim respublika rəhbərliyinə həm elmi cəhətdən, həm də idarəetməni daha düzgün təşkil etmək üçün kifayət qədər kömək və yardım göstərməyə qadir idiniz. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün yuxarıda göstərilən bütün sahələrdə Akademiyanın işi heç də ürəkaçan deyil. Gənclər arasında Akademiya öz reytinqinə görə ən populyar ali məktəblərdən biridir. Buraya kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr daxil olurlar. Bu, ilk növbədə onu göstərir ki, burada tədris prosesi düzgün qurulub və sağlam ab-hava mövcuddur. Bu, sevindirici haldır. Lakin sonrakı mərhələlərdə məzunların dövlət qulluğuna cəlb olunması prosesi heç də nəzarət altında deyil. Onlar ya dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, ya da ki, uğurla imtahan verib dövlət qulluğuna qəbul edilənlər sırasında geniş təmsil olunmurlar”.

PA rəhbəri qeyd edib ki, Azərbaycanda həmişə qadınların çox yüksək mövqe tutması, siyasi, iqtisadi və sosial həyatımızın bütün sahələrində layiqincə təmsil olunmaları ilə fəxr edilib: “Lakin cəmi iki rəqəmi səsləndirmək istərdim. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib. Bir sıra rayonlarda, misal üçün, Masallı, Cəlilabad, Qobustan, Ağsu və Sabirabadda sənəd verən qızların sayı 40 faizdən azdır. Bununla yanaşı, məsələn, Zaqatala rayonunda oğlanların sayı 40 faizdən azdır. Bu, onu göstərir ki, adı çəkilən bölgələrdə kifayət qədər mürəkkəb, gizli və latent proseslər gedir. Mən bilərəkdən məsələni belə kəskin qoyuram ki, qadınları və ümumən cəmiyyətimizi təzədən cəhalətə, mövhumata, aqressiv dindarlığa sürükləmə proseslərinin nə dərəcədə təhlükəli olduğuna diqqətinizi cəlb edim. 1990-cı illərdə Azərbaycana gələn xarici turistlər təəccüblə qeyd edirdilər ki, bura müsəlman ölkəsidir, lakin biz, demək olar, bir nəfər də hicablı qadına rast gəlmədik. Bu gün onlar da, siz də, elə mən də görürük ki, belə xanımların sayı kəskin surətdə artmaqdadır. Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar”.

R. Mehdiyev deyib ki, bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir: “ Onlar nə fiziki, nə də mənəvi cəhətdən hazır olmadıqları halda erkən yaşda ana olurlar. Bu məsələ həm səhiyyə, həm təhsil, həm də hüquq mühafizə orqanlarının diqqətindən necə yayınır? Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, “Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır? Heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə, istəmir”.

R. Mehdiyev bildirib ki, Azərbaycan cəmiyyətində dinlə bağlı kifayət qədər mürəkkəb proseslər gedir: “ Bir tərəfdən, bu proseslər dünyada cərəyan edən iki tendensiyanı özündə cəmləşdirir. Məlumdur ki, müasir dövrdə biz fundamentalizm fenomeni ilə rastlaşırıq. Bu tendensiyanın tərəfdarları müsəlman, xristian və ya başqa bir dinin təmsilçiləri olmasından asılı olmayaraq iddia edirlər ki, öz dinlərinin ilkin, yəni, fundamental anlayışına qayıtmaq lazımdır. Digər tərəfdən, dünyada bu gün özlərini bu və ya digər dinin tərəfdarı elan edən insanlar Allaha inanır, lakin məbədlərə, məscidlərə, dini qurumlara müntəzəm şəkildə getməkdən imtina edirlər. Digər tərəfdən, dinin cəmiyyətdə rolu ilə bağlı vaxtilə Marks, Dürkheym, Veber və digər alimlər tərəfindən yaradılmış nəzəriyyələr bugünkü dünyada cərəyan edən prosesləri kifayət qədər dürüst izah edə bilmir.

Bir misal gətirmək istəyirəm. Azərbaycandan bəzi cavanların “islam dövləti” uğrunda mübarizəyə cəlb edilməsi və Suriyaya getməsi bizi çox narahat edir. Aydındır ki, külli miqdarda verilən məvaciblə kimisə şirnikləndirib vətənindən, ailəsindən ayıraraq uzaq Suriyaya göndərmək mümkündür. Lakin bu prosesi təkcə iqtisadi amil ilə əlaqələndirmək də ən azı sadəlövhlük olardı. “Nə baş verir” sualına isə biz, ilk növbədə, ona görə cavab tapa bilmirik ki, cəmiyyətdə cərəyan edən proseslər haqqında əlimizdə dolğun elmi məlumat yoxdur. Belə misalların və sualların sayını istənilən qədər artırmaq olar”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.