Mikayıl Cabbarov: "Kənd müəllimləri 315 manat maaş alacaq"


Mikayıl Cabbarov: "Kənd müəllimləri 315 manat maaş alacaq"

Font ölçüsü

miko.jpg

2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma tədbiri həyata keçirilib.

 

Belə ki, müəllimlik ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq edilib. İlk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan, birinci sırada müəllimlik ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər tələbə üçün hər ay 100 manat həcmində əlavə “Gələcəyin müəllimi təqaüdü” təsis edilib.

Bu barədə təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazirin yazdığına görə, Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli, 67 nömrəli qərarında dəyişikliklər edilib.

“Qərara əsasən, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödəniləcəkdir. Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaq.

Məlumat üçün bildirək ki, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq. Stavka artdıqca əmək haqqı da müvafiq olaraq artacaq.

Kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə, həmçinin yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım da ödəniləcəkdir.

Qərarda əhəmiyyətli yeniliklərdən biri də ondan ibarətdir ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödəniləcək. Müddətin uzadılması gənc mütəxəssislərin işlədikləri kənddə məskunlaşmasının təmin olunmasına xidmət edir. Aparılan təhlillər göstərir ki, gənc mütəxəssislərin bir hissəsi 3 illik müddət ərzində məskunlaşma imkanları yarada bilmədiklərinə görə müddət bitdikdən sonra iş yerlərini tərk edirlər”, - məqalədə deyilir.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.