MTN əməkdaşları bir araya toplandı


MTN əməkdaşları bir araya toplandı

Font ölçüsü

mtn.jpg

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunan tədbir keçirilib.

 

Nazirliyin mtbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov Konstitusiya Günü münasibətilə toplantı iştirakçılarını təbrik edib. O, bildirib ki, müstəqilliyimiz tarixi reallığa çevrildikdən sonra dövlətçilik ənənələrinin bərqərar olması üçün siyasi lider amilinin müstəsna əhəmiyyət kəsb etməsi Azərbaycanın nümunəsində bir daha sübut olundu. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdi.

"Ulu öndərin titanik fəaliyyəti nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, cəbhədə atəşkəsin əldə edilməsi, ölkədaxili destruktiv qüvvələrin zərərsizləşdirilməsi müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdı. Bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından isə ölkənin konstitusiya quruluşunun, milli prioritetlərin ali qanun səviyyəsində təsbiti tələb olunurdu. Yeni Konstitusiyanın hazırlanması ilk növbədə məhz bu tarixi zərurətin ifadəsi idi. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və müəllifliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın ən mütərəqqi sosial-hüquqi yanaşmalarını ehtiva etməklə, dövlət quruculuğu proseslərinə, iqtisadiyyatın və ictimai-siyasi həyatın dinamik inkişafına təkan verdi" , - deyə Şahin Sultanov bildirib.

O, qeyd edib ki, konstitusiyanın qəbulundan ötən müddət Azərbaycan cəmiyyətindəki mütərəqqi qüvvələrin milli dövlətçilik məfkurəsinə sadiqliyi baxımından tarixi sınaq dövrü olub. Xalqımız Heydər Əliyevin ölməz ideyalarını rəhbər tutaraq bu imtahandan uğurla çıxıb. Bunun əyani təsdiqi ölkədə mövcud olan sabitlik və milli vəhdətdir. Müstəqil Azərbaycan Respublikası öz banisi və qurucusunun siyasi kursuna daim sadiqdir.

General-mayor Şahin Sultanov bildirib ki, ulu öndərin layiqli siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə qanunçuluğun möhkəmləndirilməsi və cəmiyyətdə ümumbəşəri dəyərlərin bərqərar olması əsasında sürətli modernləşdirmə istiqamətində geniş və ardıcıl fəaliyyəti gənc müstəqil respublikamızı nüfuzlu dövlətlər sırasında önəmli yerə çıxarıb. Beynəlxalq arenada mövqeyimiz bərabərhüquqlu tərəfdaş kimi heyranlıqla qəbul olunur. Dövlət başçısı İlham Əliyevin konstitusion prinsiplərə əsaslanaraq ictimai həyatın və dövlətin idarəçiliyinin demokratikləşməsi istiqamətində apardığı ardıcıl siyasət, inzibati amillərdən daha çox mənəvi-əxlaqi saflaşma amillərinə üstünlük verməsi müstəsna əhəmiyyətə malikdir.

"Dövlət başçısı cənab İlham Əliyev ölkədə konstitusiya quruluşunun və qanunlarımızın aliliyinin təminatçısıdır. Qanunçuluğun və ictimai qaydanın cəmiyyət həyatının bütün sahələrində möhkəmləndirilməsi isə müstəqilliyimizin və dövlətçiliyimizin inkişafının başlıca şərtidir. Məhz konstitusion prinsiplərin dönmədən həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan əsl demokratiya, ümumi rifah və azadlıq məkanına, genişmiqyaslı beynəlxalq tədbirlərin ev sahibinə, dünya birliyinin nüfuzlu və etibarlı üzvünə çevrilib", - deyə Şahin Sultanov vurğulayıb.

Milli təhlükəsizliyin təmin olunması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə danışan general-mayor Şahin Sultanov Azərbaycanın milli təhlükəsizlik orqanlarının məhz Konstitusiya və qanunlarımızda əks olunmuş prinsip və müddəaları rəhbər tutaraq xarici xüsusi xidmət orqanlarının ölkəmizdə pozuculuq fəaliyyətinin, terror və təxribat cəhdlərinin qarşısının alınması istiqamətlərdə uğurla fəaliyyət göstərən, müstəqilliyimizin və dövlətçiliyimizin keşiyində əzmlə duran çevik və güclü dövlət təsisatı kimi formalaşdığını bildirib.

Çıxış edən dinləyici leytenant S.Səmədov, kursantlar T.Nemətli və A.Mustafayev Azərbaycan təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin adını şərəflə daşıyan Akademiyada təhsil aldıqlarından qürur duyduqlarını deyiblər. Onlar xalımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətində bundan sonra da Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını ixtixarla vurğulayıblar.

Tədbirin sonunda «Müstəqillik yollarında» sənədli filmi nümayiş etdirilib.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.