Nazirlik ölkənin özünə çatmayan əti xaricə necə “satır”... - (Araşdırma)


Nazirlik ölkənin özünə çatmayan əti xaricə necə “satır”... - (Araşdırma)

Font ölçüsü

76376 srcAzərbaycan gələn ildən Rusiya və Gürcüstana quş əti satacaq. Artıq bununla bağlı danışıqlar aparılır. Tərəflər arasında razılıq əldə edilərsə, Azərbaycan yanvardan bu ölkələrə quş əti ixracına başlayacaq.

Kənd Təsərrüfatı Nazirliyi quş ətinin xaricə ixracı ilə bağlı bu məlumatı təsdiqləyib. Üstəlik, quş ətinin xarici ölkələrə satılması yerli broylerin uğuru, xarici ticarət əlaqələrin inkişafı kimi təqdim edilib. Yəni nazirliyin avazı yaxşı gəlir, bircə qalır  bizim onun oxuduğuna inanmağımız...

Neçə illərdir, yerli istehsalın ət və ət məhsullarına olan tələbatı ödəməməsindən, buna görə də Türkiyə, Braziliya və ABŞ-dan ölkəyə quş əti, İrandan birgünlük cücələr, Hindistandan dondurulmuş mal əti gətirilməsindən xəbərdarıq. Üstəlik, broylerlərin istehsal etdiyi quş ətinin keyfiyyətindən danışmaq artıq məsələdir.

Bu arada ilin 11 ayında xarici ticarətlə bağlı rəsmi statistika açıqlanıb. Həmin statistikadan da bəlli olur ki, ölkənin əsas qida məhsullarına olan tələbatı bu il də idxaldan asılı olaraq qalıb.

Rəsmi statistikaya görə, kəsim üçün idxal olunan heyvanların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 36,19 faiz artıb. Belə ki, ötən ilin müvafiq dövründə diri heyvan idxalının həcmi 33,2 milyon dollar təşkil etdiyi halda 2014-cü ildə bu göstərici 45,2 milyon dollara çatıb. Bu il ət və qida üçün yararlı ət əlavələri idxalı da 22,41 faiz artıb.

Deməli, ölkədə ət istehsalı sahəsindəki ciddi problemlər hələ də qalmaqdadır. Biz bu məhsulları xaricdən alırıq. Süd məhsulları, quş yumurtası, təbii bal, heyvan mənşəli digər ərzaq məhsulları ümumilikdə 8,49 faiz, o cümlədən kərə yağı idxalı 16,94 faiz artıb. Diğər mal qrupuna aid olan, başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan heyvan mənşəli məhsulların idxalı da 29,4 faiz çoxalıb.

Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında isə qeyd olunur ki, bu il ölkə üzrə heyvandarlıq məhsullarının istehsalında artım dinamikası saxlanılıb. Rəsmi məlumatlarda deyilir ki, əhalinin heyvandarlıq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi üçün sahibkarlara lizinq yolu ilə və güzəştli şərtlərlə məhsuldar damazlıq heyvan satılıb. Buna görə də bu il ət istehsalı 101,5 faiz, süd istehsalı 103,5, yumurta istehsalı 111,4, yun istehsalı isə 101,7 faiz olub.

Ekspertlər isə hesab edirlər ki, ətə olan tələbat yerli istehsal hesabına ödənilmədiyi halda xaricə məhsul satılması daxili bazarda qiymət artımına səbəb olacaq.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına açıqlamasında deyib ki, nazirlik xaricə ət satmağa deyil, ətə olan tələbatın yerli istehsal hesabına ödənilməsinə diqqət yetirməlidir: “Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qida norması var. Həmin normaya uyğun olaraq adambaşına ət norması il ərzində 84 kiloqram müəyyənləşdirilib. Avropada daha çox toyuq ətindən istifadə edirlər. Məsələn, orada toyuq ətindən istifadə aylıq normanın 30-35 faizini təşkil edir. Bəzi ölkələrdə bu göstərici bir qədər artıqdır. Rusiyada adambaşına 20 kiloqramdan artıq toyuq əti istehlak edilir”.

Rəsmi statistikada da göstərilir ki, Rusiya ət və ət məhsulları istehsal etməkdə MDB ölkələri arasında ikinci, Azərbaycan isə sonuncu yerdə qərarlaşdırılıb. Belə ki, Rusiya il ərzində adambaşına 60, Azərbaycan isə 32 kiloqram ət istehsal edir.

V.Məhərrəmov onu da deyir ki, ət məhsullarının xaricə satılması daxili bazarda sabitliyi pozacaq: “Meyvə-tərəvəz məhsullarının xaricə satılması zamanı qiymət artımının şahidi olduq. Təxminən bu cür mövqe tutublar, özlərinə çatmayan əti hələ başqasına da təklif edirlər”.

Ekspertin fikrincə, Azərbaycanda rəqabətə davam gətirəcək toyuq və ya mal əti istehsal edilmir. Yəni istehsal edilən ət və ət məhsulları keyfiyyət baxımından rəqabətə davamlı deyil: “Bizim ölkədə xarici bazara daxil ola biləcək ət məhsulları istehsal edilmir. Tələbatı ödəmək bir yana, məhsulların keyfiyyəti də yüksək deyil”.

Qeyd edək ki, bəzi ekspertlər gələn ildən təkcə toyuq ətinin deyil, mal ətinin qiymətində də ciddi artım olacağını proqnozlaşdırır.

Vahid Məhərrəmov isə deyir ki, mal ətinin qiyməti artacaq, lakin qiymət artımının Novruz bayramında olacağı proqnozlaşdırılır: “Bölgələrdə fermerlər mal ətinin qiymətinin aşağı düşməsindən narahatdır. İndiki halda mal ətinin qiymətinin düşməsinin bir neçə səbəbi var.

Birincisi, yas mərasimlərində ehsanın yığışdırılması bu məqsədlə yetişdirilən heyvanlara tələbatın kəskin azalmasına səbəb oldu. Təxmini olaraq ölkə üzrə hər ildə yas mərasimlərində 200 min baş iribuynuzlu mal-qara kəsilərək ehsan verilirdi. Hazırda isə yas mərasimlərində bu ətin dörddə biri qədər ət tələb olunur.

İkincisi, yemin qiymətinin artımı və mal- qara arasında xəstəliklərin geniş yayılması fermerləri heyvanları kəsimə vermək, yaxud dəyər-dəyməzinə satmaq məcburiyyətində qoyub. Bu isə bazarda təklifi artırıb.

Üçüncüsü, bu il qonşu Gürcüstandan kəsim üçün nəzərdə tutulan mal-qaranın idxalı ciddi artıb. Gürcüstandan idxal olunan mal-qara ətlik cins olduğu üçün istehsalı ucuz başa gəlir. Həmin heyvanlar bizim bazarda yerli heyvanlara nisbətən 20 faiz ucuz təklif olunur.

Digər ciddi səbəb kimi onu göstərmək olar ki, bu il bir sıra ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiyməti ciddi şəkildə artıb. Əhalinin alıcılıq qabiliyyəti məhdud olduğu üçün təbii olaraq bəzi məhsullar əvvəlki qaydada tələb olunmur. Hesab edirəm ki, vəziyyət bu formada davam edə bilməz. Yemin qiymətinin artması öz növbəsində mal ətinin də qiymətini artıracaq. Mal ətinin qiymətinin artımını Novruz bayramı ərəfəsində müşahidə ediləcək”.

“Azərbaycanda istehsal edilən balıq, toyuq və ya mal əti ölkə əhalisinin tələbatını ödəyə bilmir” - bunu isə iqtisadçı Nübar Seyidova deyir.

İqtisadçı digər ekspert Vahid Məhərrəmovun fikirləri ilə tam razı olduğunu qeyd edir: “Rusiyada daxili istehsal hesabına adambaşına normanın 60 faizini ödəyir. Amma xarici ölkələrdən məhsul alaraq əhalinin ətə ölan tələbatını ödəməyə çalışır. Azərbaycanda isə ötən il adambaşına  33,8 kiloqram ət istehsal olunub. Xaricdən gətirilən məhsulların hesabına tələbatı ödəməkdənsə yerli istehsalın inkişafına çalışmaq lazımdır”.

Vahid Məhərrəmov onu da xatırladır ki, Azərbaycanın adambaşına illik və gündəlik qida məhsulları istehlakına görə regionda sonuncu yerdə qərarlaşır.

Kənd Təsərrüfatı Nazirliyi isə həmişə olduğu kimi yenə də ümid verir: “Hər il Azərbaycana 1000-1200 baş damazlıq heyvan gətirilir. Bunun artımı üçün gələn il 4 yem bazası yaradılacaq. Azərbaycanda ətə olan illik tələbat 345 min tondur. Onun 263 min tonunu yerli istehsal hesabına ödəyirik. Yem bazası yaradılandan sonra ət istehsalı da artacaq”.

Gələn ilə sayılı günlər qalıb. Nə deyirik, gözləyək görək nazirliyin inkişaf siyasətinin axırı necə olur. Amma illərdir təkrarlanan “gələn il belə olacaq...” vədi, “yem bazası yaradılacaq” planı lap məşhur lətifədəki vəziyyəti xatırladır. Biz qaratikan kolu əkəsi, qoyunlar oradan keçəsi, yunu ilişib qalası, biz də onu yığıb ip əyirəsi...

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.