Abutalıbovun şirkəti “Velotrek”ə də sahibləndi


Abutalıbovun şirkəti “Velotrek”ə də sahibləndi

Font ölçüsü

haci.jpg

“Effekt 2011" MMC köhnə avtovağzal ərazisində göydələn tikintisini sürətləndirib və velosiped meydançasının bir hissəsini də tikinti gedən əraziyə qatıb

Bakının köhnə avtovağzal ərazisində göydələnlərin tikintisi sürətləndirilib. Uzun müddət mübahisəli ərazi olaraq qalan vağzal massivində artıq neçə vaxtdır ki, iş gedir. Ərazi hasarlanıb, ağır texnika gətirilib və tikinti işləri həyata keçirilir.

Əslində avtovağzalın köçürülməsindən sonra yaranmış qeyri-müəyyənlik 4 il davam etdi və hətta dövlət qurumları arasında çəkişmə də yarandı.

Ancaq bu qarşıdurmada Bakı meri Hacıbala Abutalıbov qalib çıxdı desək, yanılmarıq. Abutalıba yaxınlığı ilə seçilən “Effekt 2011" MMC tikinti şirkətinin vağzal ərazisində gördüyü işlər intensivləşib.

Ümumiyyətlə, əvvəldən bu yerin yeni binalar üçün tikinti meydançası olacağı deyilirdi. Hətta Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov qeyd etmişdi ki, köhnə avtovağzal kortəbii tikildiyindən infrastruktur baxımından normal şəraitə malik deyil. Ancaq burada göydələnlər inşa etmək olar. Və belə də oldu. Hazırda ərazidə iş davam edir. 2009-cu ildən etibarən cərimə meydançası kimi istifadə olunan sahə genişləndirilir.

Yenilik ondan ibarətdir ki, köhnə avtovağzalın ərazisində göydələn tikintisi “Velotrek”in sahəsinə girməyə başlayıb. Velosiped ərazisinin bir hissəsi də onun ərazisinə qatılıb.
Axar.az-ın məlumatına görə, “Velotrek”in boş qalan hissəsi alınıb və rəsmiləşdirilib. Sayt yazır ki, vağzalın yerində yeni binalar inşa olunaraq satışa çıxarılacaq. Planda şəhərin bu hissəsini yaşayış massivinə çevirmək nəzərdə tutulub.

Elə gənclər və idman naziri Azad Rəhimov da jurnalistlərə açıqlamasında demişdi ki, orada sıxlıqdır, binalar var, insanlar çoxdur: “Ona görə də velosiped sürmək üçün çətinliklər var. Ola bilsin ki, yeni ”Velotrek" tikilsin və hazırda olan “Velotrek” isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qaytarılsın".


***
Məlumatlara görə, komitə ilə “Effekt-2011" MMC arasında məsələ həllini tapıb. Ona görə də velosiped sahəsinin bir hissəsi tikinti üçün ”peşkəş" olunub. Bununla belə, vağzalın iş getməyən sahəsi hələ də avtomobillərin cərimə meydançası kimi istifadə olunur.
Məlumata görə, metroya yaxın nöqtə olduğuna görə sahəyə bir neçə məmurun gözü düşüb, amma nədənsə, yaxın gələ bilməyiblər. Bu məmurlar sırasında nəqliyyat nazirinə yaxın şəxslərin də adları çəkilirdi. Bildirək ki, “Effekt 2011" inşaat sektoruna yeni daxil olan firmalardan biridir. Həmin şirkət ”Qış bulvarı" adlanan massivdə - D.Əliyeva, R.Rza və digər mərkəzi küçələrdə ev sökmə işlərini həyata keçirib. Tanınmış kinorejissor Şeyx Əbdül evinin qanunsuz söküntüsünə görə şirkəti məhkəməyə vermişdi.

Xatırladaq ki, Azərbaycan Memarlar İttifaqının məsul katibi Rəfail Həsənov mətbuata açıqlamasında köhnə avtovağzal ərazisində göydələnlərin tikilməsini məqsədəuyğun saymışdı. Mütəxəssis bildirmişdi ki, köhnə avtovağzalda kommunikasiya sistemləri, mühəndis qurğuları normal səviyyədə olub.

res.jpg

Müsavat.com

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.