“Ötən il orta aylıq əmək haqqı 443 manata çatıb”


“Ötən il orta aylıq əmək haqqı 443 manata çatıb”

Font ölçüsü

nazi.jpg

“2014-cü il də Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması ili kimi tarixə düşüb”.

Dosye.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunan iclasında çıxış edərkən söyləyib.

“Bu uğurların əsasında prezident İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi dayanır. Məhz bu müdrik siyasətin nəticəsində artıq dünyada 6 ildən çoxdur ki, davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi, sosial problemlərlə müşayiət olunan böhran proseslərinə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edən ölkələrdən olub, makroiqtisadi sabitlik qorunub, iqtisadiyyatın rəqabət qabiliyyəti artıb, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 75 faizə yüksəlib.

Son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub, ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 47 faizdən 60 faizə çatıb”.

Nazir bildirib ki, ötən il Dünya İqtisadi Forumunun növbəti hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmaqla artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir.

“Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib ki, bu da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunub. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında olub, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatıb.

Dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil edib, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artıb. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artıb.

Hesabat ilində informasiya və rabitə xidmətlərinin həcmi 15,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 10 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,2 faiz artıb.

Ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil edib. Dövlət investisiyaları hesabına Şəmkirçay dəryaçası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsi və digər obyektlər istifadəyə verilib, bir sıra magistral və 1 milyon nəfərə yaxın əhalisi olan 597 yaşayış məntəqəsini birləşdirən 1295 kilometr kənd yolları çəkilib.

Hazırda təhsil və səhiyyə müəssisələrinin, birinci Avropa Oyunları üçün idman obyektlərinin tikintisi, 43 şəhər və rayon mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri uğurla davam etdirilir”.

Ş. Mustafayev 2014-cü ilin sənayenin inkişafında mühüm mərhələ olduğunu vurğulayıb: “2014-cü ildə 230-dan çox sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilmişdir. Son illərdə sənayenin inkişafı nəticəsində bir sıra məhsullar, o cümlədən sement, gips, hörgü blokları, metal konstruksiya, boya və sair məhsullar üzrə istehsal gücləri daxili tələbatı ödəməyə imkan verir.

“Azərbaycan Polad İstehsalı Kompleksi” Səhmdar Cəmiyyəti formalaşdırılıb, “Daşkəsənfilizsaflaşdırma” müəssisəsinin fasiləsiz fəaliyyəti təmin edilib. Sənayenin inkişafının yeni mərhələsi kimi qiymətləndirilən Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri davam etdirilir. Balaxanı Sənaye Parkında da xarici infrastrukturun yaradılması, eləcə də tullantıları emal edəcək 3 müəssisənin fəaliyyətinin təşkili istiqamətində işlər aparılır.

Regionlarda 410-dan artıq sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 530-dan artıq müəssisənin tikintisi davam etdirilir. Sosial sahələrin inkişafı diqqət mərkəzində saxlanılıb, il ərzində regionlarda 190-dan çox tədris müəssisəsi, 60-dan çox tibb ocağı, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunub”.

Nazirin sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, ötən il də əhalinin rifahı yüksəlməkdə davam edib: “İnflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əmək haqqı 4,2 faiz artaraq 443 manata çatıb. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib. Məşğulluq səviyyəsi artıb, 123 mindən çox yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi 4,9 faizə, yoxsulluq səviyyəsi 5 faizə enib”.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (055) 251 59 95
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.