Ramil Usubov Azərbaycanda cinayətlərin STATİSTİKASINI açıqladı


Ramil Usubov Azərbaycanda cinayətlərin STATİSTİKASINI açıqladı

Font ölçüsü

ran.jpg

Yanvarın 27-də Daxili İşlər Nazirliyində (DİN) 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Modern.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 24.607 cinayət qeydə alınıb. Onların 91 faizini və ya 22.297-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılması da müsbət nəticələr verib və 2013-cü illə müqayisədə 46,5 faiz çox və ya 416, o cümlədən 69,5 faiz çox, yaxud 104 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Əməliyyat planlarının vaxtında tətbiqi və “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlərlə 1.223 cinayət “isti izlərlə” açılıb.

Cinayətlərin profilaktikasında, açılmasında, zərər çəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə görülmüş çevik cavab tədbirləri ilə müqayisə edilən dövrə nisbətdə 47 faiz çox və ya 11.706 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 269 cinayət açılıb, 12.771 yol-nəqliyyat hadisəsi və piyadaların vurulması faktı aşkarlanıb, axtarışda olan 139 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 600 minə yaxın sorğu cavablandırılıb. Respublika üzrə daha 260 nöqtədə 1167 kamera quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 2039 nöqtə üzrə 8085 vahidə çatdırılıb (Bakı şəhərində 1356 nöqtədə 4224). Bütövlükdə cinayətlərin açılması yüksək olmaqla 80,7 faiz təşkil edib.

Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 6,5 faiz yaxşılaşaraq istintaqdan və məhkəmələrdən yayınan 2193 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 73 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 67,7 faizi tutulub.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də sistemli xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1893, o cümlədən 638 ağır və xüsusilə ağır cinayət törətmiş 2212 nəfəri birləşdirən 845 cinayətkar qrup zərərsizləşdirilib. Aşkarlanmış qanunsuz odlu silah saxlama və daşıma faktları da 23 faiz çox olmaqla 167 şəxs cinayət məsuliyyətinə cəlb edilib, odlu silahla törədilən cinayətlərin sayı sabit qalıb. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 80 faiz çox, yəni 45 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 117 min manat, 35.000 ABŞ dolları və 307.500 rubl olan saxta əskinas, habelə istifadə müddəti ötmüş 300 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 3046 cinayət, o cümlədən satışı ilə bağlı 801 fakt aşkarlanıb, 150 nəfərdən ibarət 58 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 2013-cü illə müqayisədə 9 faiz çox, bütövlükdə, 673 kq narkotik vasitə çıxarılıb, həmçinin 16 faiz çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Qanunsuz kultivasiya edilən 212 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən tədbirlərlə 21 faiz çox və ya 97 cinayət faktı müəyyənləşdirilərək 19 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib.

Ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatında 23.847 cinayət işi olub. İstintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı isə 5,4 faiz artıb. Dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz yaxşılaşaraq 78,2 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş cinayət xarakterli məlumatın 87 faizi təhqiqatçılar tərəfindən araşdırılıb, onların da 54,2 faizi məhkəmələrə göndərilib.

Məruzəçi qeyd edib ki, fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də pozitiv nəticələrlə müşayiət olunub. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 62.863 ədəd artaraq 1.308.540 olub və bu artımın fonunda yol-nəqliyyat hadisələrinin, ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb. 2013-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 65 faiz çox olmaqla 2.355.222 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 59,3 faiz çox və ya 16.606, sürət həddinin aşılması ilə əlaqədar 2,4 dəfə çox və ya 720.303, ötmə və manevr qaydalarının pozulması ilə bağlı 2,7 dəfə çox və ya 233.968, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı 16 faiz çox və ya 5.480 inzibati xəta müəyyən olunub. Şüşələrinə pərdə və plyonka çəkilmiş 7.901 avtomobil, avtoxuliqanlığa görə 580 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. 2,3 milyondan çox müvafiq xətanın 39,6 faizi isə (933.576-si) foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkarlanıb.

Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2013-cü illə müqayisədə 68,3 faiz çox və ya 2.444.042 protokol tərtib olunub, nəticədə 2.336.488 nəfər cərimələnib, 4312 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 40.069 şəxsə xəbərdarlıq edilib.

Vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 559 min nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1.165.565 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Analoji iş əməkdaşlarımız tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) xidmət mərkəzlərində də məqsədyönlü surətdə davam etdirilib.

O da qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunlar da ictimai asayişin keşiyində mətinliklə dayanıb, hərbi qulluqçular cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirak ediblər. Qoşunların maddi-texniki bazasının gücləndirilməsi, komandirlərin, idarəetmə orqanlarının və hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi sahəsində mühüm tədbirlərin icrası tam təmin edilib.

Xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb. Nazirliyin rəhbərliyi tərəfindən 300-dən çox, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 9 bölgəsi üzrə 1415 vətəndaşın səyyar qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub. Ötən il Nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, o cümlədən şikayətlərin sayı 7 faiz azalıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan müraciətlərin dinamikasında isə 13 faiz azalma qeydə alınıb.

Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, xalqa xidmət funksiyalarının icrasının və vətəndaş məmnunluğunun daha effektli təşkilinin zəruriliyi baxımından, qanunçuluğun qorunması işinə də tələbkarlıqla yanaşılıb. Nəticədə, insan hüquqlarının pozulması hallarına yol vermiş əməkdaşların sayı 4 faiz, o cümlədən əsassız saxlamalar 11,4 fazi azalıb, döymə, işgəncə vermə, qanunsuz axtarış aparma halları qeydə alınmayıb. İnsan hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayətlər hərtərəfli və obyektiv araşdırılaraq təsdiqlənmiş faktlar üzrə qanuni qərarlar qəbul edilib. Belə ki, daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarla kobud rəftara görə 133, əsassız saxlamaya görə 31, əsassız polisə gətirməklə bağlı 38 fakt üzrə 343 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Eyni zamanda, korrupsiya hüquqpozmaları ilə əlaqədar intizam məsuliyyətinə cəlb olunmuş 85 əməkdaşdan 41-i xidmətdən xaric edilib, 28-i aşağı vəzifəyə keçirilib, 16-ı barədə digər tənbeh növləri tətbiq edilib.

Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildiriblər.

İclasa yekun vuran daxili işlər naziri ötən hesabat ilində cinayətlərin qarşısının alınması, açılması, təqsirləndirilən şəxslərin axtarışının təşkili, istintaqın və təhqiqatın keyfiyyətinin daha da yaxşılaşdırılması, qanunçuluğun, hüquq qaydasının möhkəmləndirilməsi və digər sahələrdə normativ hüquqi aktların, vəzifə təlimatlarının tələblərinin bütövlükdə layiqincə yerinə yetirildiyini, göstərilən sahələrdə əldə edilmiş nəticələrin qənaətbəxş olduğunu bildirib. Bununla belə, beynəlxalq və respublika əhəmiyyətli mühüm tədbirlərlə zəngin olan 2015-ci ildə də qarşıda mühüm vəzifələr durduğunu, ayrı-ayrı ərazi polis orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə operativ reaksiya verilməməsinin əməliyyat-xidməti fəaliyyətin bəzi istiqamətləri üzrə ümumi nəticələrə mənfi təsir göstərdiyini nəzərə çatdırıb, konkret tapşırıq və tövsiyələrini verib.

Bildirilib ki, əldə olunmuş müsbət nəticələr inkişaf etdirilməli, nöqsan və çatışmazlıqlar tam aradan qaldırılmalı, orqan və hissələr müasir dövrün çağırış və təhdidlərinə daim hazır olmalı, transmilli mütəşəkkil cinayətkarlığın, dini radikalizmin qarşısı vaxtında və qətiyyətlə alınmalıdır. O deyib ki, ilk növbədə Nazirliyin aidiyyatı baş idarələri ailə münaqişəsi zəminində baş verən cinayətlərin qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirlərinin keçirilməsini, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyatının, qabaqlayıcı işin aparılmasını və digər mühüm vəzifələrin icrasını daha məqsədyönlü təşkil etməli, müvafiq sahədə yerlərə əməli köməklik göstərilməli, həmçinin, əvvəllər məhkum olunmuş şəxslərin sosial adaptasiyası üzrə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət gücləndirilməlidir.

Cari ilin paytaxtda keçiriləcək ən mühüm beynəlxalq tədbirinə - I Avropa Oyunlarına hazırlıq işlərindən danışan daxili işlər naziri sözügedən tədbirlər çərçivəsində 700 əməkdaşın xarici dil kurslarına cəlb olunduğunu bildirib. Bu yarışlar zamanı ictimai asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh xidmətlərin, ərazi orqanlarının və nizami hissələrin fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin səmərəli təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi məqsədilə DİN-in müvafiq Tədbirlər Planından irəli gələn məsələlərin icrasının davam etdirilməsinin, eyni zamanda, Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə tam təmin olunmasının, o cümlədən etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi sahəsində fəaliyyətin ciddi nəzarətdə saxlanılmasının vacibliyi qeyd edilib.

Nazir, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının şəxsi heyəti adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, əməkdaşlar və hərbi qulluqçular bundan sonra da bütün qüvvələrini ölkədə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.