Vilyam Hacıyevin İmişlidən ayrılmaq vaxtı gəlib çatdı


Vilyam Hacıyevin İmişlidən ayrılmaq vaxtı gəlib çatdı

Font ölçüsü

vu.jpg

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin adı medianın gündəmindən düşmür. Müntəzəm olaraq həyata keçirdiyi özbaşınalıqlar, vətəndaşlara qarşı törətdiyi haqsızlıqlar və bəzi qanundan kənar maliyyə əməliyyatları ilə diqqət mərkəzinə düşən icra başçısı bu kimi əməllərindən qalmır.

Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Vilyam Hacıyevin gəlişi ilə İmişli rayonu tənəzzül dövrünə qədəm qoyub. Başçı burdan əvvəl rəhbəri olduğu Göygöl və Samux rayonlarında icra etdiyi qanunsuz işlərini davam etdirməklə yerli əhaliyə əlavə problemlər yaradır.
Aprel ayında İmişli Rayon İcra Hakimiyyətinə rəhbərliyinin üçüncü ili tamam olacaq məmur bu müddət ərzində vətəndaşların rəğbətini qazana bilməyib. Əhalinin yetərli hissəsi onun fəaliyyətindən narazıdır. Verilən informasiyaya görə, başçı vəzifəsinin icrasına başladığı gündən qanunsuz işlərə start verib. Vətəndaşların istifadəsində olan otlaq yerləri satılıb, pay torpaqları zorla kəndlilərin əlindən alınıb, üstəlik dövlət əmlakında olan bəzi ərazilər ayrı-ayrı şəxslərin adına özəlləşdirilib. Başçının əməllərindən narazı qalan sakinlər bir neçə dəfə Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Lakin polisin müdaxiləsi ilə aksiya dağıdılıb və vətəndaşlar sərbəst formada etirazlarını dilə gətirə bilməyiblər. Ümumiyyətlə, son vaxtlar İmişlidə icra hakiminin fəaliyyətindən narazılıq edən şəxslərə qarşı aqressiv münasibət göstərilir. İcra hakiminə yaxın olan insanlar narazı vətəndaşları müəyyən edərək onları şərləyirlər. Bəzi hallarda başçıya qarşı çıxan insanlar polis əməkdaşları tərəfindən təzyiqə məruz qalır. Bu yolla Vilyam Hacıyev əhalinin «gözünün odunu almağa» çalışır. Məlumatda həmçinin o da deyilir ki, İmişlinin mərkəzindəki boş torpaq sahələri rayon rəhbəri tərəfindən qarış-qarış satılıb. Bir neçə sahibkarın obyekti heç bir səbəb olmadan sökülüb. RİH başçısı həmin iş adamlarına kompensasiya verəcəyini vəd etsə də, sözünə əməl etməyib. Onlarla obyekt yolların genişləndirilməsi adı ilə buldozerin qabağına verilib. Ancaq sonradan məlum olub ki, icra hakimi həmin obyektlərin yerləşdiyi ərazini başqa şəxslərə satıb. Bütün səlahiyyətləri əlində cəmləşdirən məmur vəzifəsinə arxayın olaraq hər cür qanunsuzluğa şərait yaradır. Rayonun əksər kəndləri baxımsızlıqdan bərbad vəziyyətə düşüb. Bəzi kəndlərin yolu tamamilə dağılıb. Dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan İmişlinin abadlaşması məqsədilə ayrılan vəsaitlər göyə sovrulur. Aldığımız məlumata əsasən, rayonun mavi yanacaq və içməli su ilə təminatı da ürəkaçan səviyyədə deyil. Qaz olmadığından vətəndaşlar məcburiyyət qarşısında ağacları qırıb istilik vasitəsi əldə edir. İçməli suya olan tələbatı ödəmək üçünsə sakinlər at və eşşək arabaları ilə rayon mərkəzinə qədər gedib bidonlarla su daşıyırlar. Mövcud problemlərin siyahısını bir qədər də uzatmaq olar. Məlumatda vurğulanır ki, İmişlidə işsizlik baş alıb gedir. Gənc və orta yaşlı insanlar münasib iş tapa bilmir. Baxmayaraq ki, rayon ərazisində onlarla zavod və müəssisə fəaliyyət göstərir. Bununla belə insanların çoxu iş ümidi ilə Bakıya və ətraf rayonlara üz tuturlar. Etibarlı mənbələrdən əldə etdiyimiz informasiyaya görə, fəaliyyəti yuxarıların da qəzəbinə səbəb olan Vilyam Hacıyev tezliklə işdən kənarlaşdırılacaq. Mənbənin bildirdiyinə görə, onun yerinə hazırda paytaxt rayonlarından birinə rəhbərlik edən şəxs təyin oluna bilər.
Hesab edirik ki, bu xəbər İmişli sakinlərini sevindirəcək. Çünki onlar icra başçısının vəzifədən azad edilməsi üçün gecə-gündüz dua edirlər.
Qarşı tərəfin də münasibətini öyrənə bilərik.

Xalqxeber.Az

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.