Türkiyə prezidenti Ermənistanı "cılız" adlandırdı


Türkiyə prezidenti Ermənistanı "cılız" adlandırdı

Font ölçüsü

doq.jpg

“Sizdən icazəmi alacağıq”, - deyən Ərdoğan bir daha erməni tərəfini sağlam mövqeyə çağırdı; İrəvan rəsmiləri isə fiasko olan “genosid”in yubiley planlarına görə artıq təhqir janrına keçiblər; ancaq fərqli düşünənlər də var; Levon Ter-Petrosyan:

“Türkiyəyə ”soyqırım"la təzyiqlərə son qoyulmalıdır...”

Ermənilərin kütləvi ağlaşma-psixoz gününə bir aydan da az vaxt qalıb. Qondarma soyqırım iddiasının 100 illiyi yaxınlaşdıqca həm Ermənistan rəhbərliyində, həm də işğalçı ölkənin KİV-lərində isterik ritorika, hətta Türkiyə dövləti və onun rəhbərlərinin ünvanına söyüş leksikonu özünü qabarıq göstərməkdir. Gerçəkdən də, arqument olmayanda, güc təhqirə düşür. Amma əbəs yerə.


Öncəki yazılarımızda dönə-dönə vurğuladığımız kimi, 100 ildir dünya birliyi, 70 ildir isə konkret olaraq BMT bu iddiaları ciddi qəbul etməyibsə və etmirsə, qardaş ölkəyə qarşı hər hansı sanksiya xarakterli tədbir görülməyibsə, tələblər irəli sürməyibsə, bundan sonra belə şeyin olacağı ehtimalı da sıfrın altındadır.

Üstəlik, Türkiyənin regional önəmi, gücü, bölgədə gedən proseslərdə onun rolu artmaqdadırsa, heç bir qlobal və regional qüvvə, o sırada Ermənistanın 200 illik havadarı Rusiya da sübut olunmamış bir ittihama görə Türkiyə ilə konfrontasiyaya getməz.
Doğru, aprelin 24-də İrəvana yüksək çinli Rusiya, Qərb ölkələri təmsilçiləri gələcək. Ancaq elə ertəsi gün hər şey, yəni saxta iddialar unudulacaq, gündəmdən çıxacaq. Bəzi ali qonaqlar isə, - məsələn, Fransa prezidenti Fransua Olland kimi, - bir növ “yubiley törəni”nin mənfi psixoloji ovqatından daha tez qurtulmaqdan ötrü Ermənistan paytaxtından dərhal Bakıya, digəri biri Ankaraya yollanacaq...

***
Qısası, bu dəfə sadəcə, yuvarlaq rəqəmlə (100) bağlı erməni toplumuna təsəllinin dozası azca artıq olacaq. Vəssalam. Bunu Türkiyə rəhbərliyi kimi, ermənilərin barmaqla sayılacaq yetkin siyasi və qeyri-siyasi fərdləri də bilirlər. Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın uydurma soyqırımın 100 illiyi ilə bağlı beynəlxalq birliyə ünvanladığı müraciət bu xüsusda olduqca ibrətamizdir. Keçmiş prezident hesab edir ki, “Türkiyəyə ”genosid"lə təzyiqlərə son qoyulmalıdır".

Onun qənaətincə, “soyqırımın” beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasəti üçün məhək daşı rolunda olmamalı, İrəvan rəsmi Ankara qarşısında onun tanınması tələbini qoymamalı və bunu Türkiyənin daxili işi saymalıdır. Eks-prezident həmçinin hesab edir ki, Ermənistanı Avropa ölkələrinə müraciət edərək, onları Avropa Birliyinə qəbul yolunda Türkiyə qarşısında ön şərt kimi “genosid”i tanımaq şərtini qoymamağa çağırmalıdır.

Qeyd edək ki, vaxtilə Levon Ter-Petrosyanın müşaviri olmuş, ABŞ-ın Miçiqan Universitetinin professoru olan Jirayr Liparityan da az öncə bənzər bəyanatla çıxış eləmişdi. Sitat: “Ermənistan Türkiyəni duelə çağırır, halbuki, bizim müstəqilliyimizə təhlükə Rusiyadan gəlir. Biz SSRİ-dən ayrılaraq müstəqilliyimizə qovuşmuşuq. Ancaq özümüzü elə aparırıq, sanki Türkiyənin tərkibindən çıxmışıq. Xarici siyasətimizdə əsas xətti Türkiyəyə əlcək atmaq üzərində qurmuşuq. Ancaq suverenliyimiz üçün Rusiya təhlükəsi var. Biz kiçik addımlarla Rusiyaya öz müstəqilliyimizi təhvil verməkdəyik. Bu cür siyasət yaramaz”.

Jirayr Liparityan Ermənistan hakimiyyətini qondarma soyqırımının təbliğatı üçün çox canfəşanlıq etməkdə də suçlayıb: “100 illik tədbirlər keçirməkdənsə, hakimiyyət xalqa, dövlətçiliyə qoyduğu hörməti bir qədər artırsa daha yaxşı olar. Belə siyasət bizim əhalinin həyatına mənfi təsir edir. Məsələlərə belə köndələn yanaşmaq əleyhimizədir...”

***
Amma nə yazıq ki, Ermənistanın indiki rəhbərliyində Ter-Petrosyandan və Liparidyandan sonra kök salmış “Müharibə partiyası” odiozlarında normal təfəkkür çatmır. Qəribədir, bir yandan blokada barədə dünyaya car çəkən İrəvan rəsmiləri, o biri yandan, əsas qonşuları olan Türkiyə və Azərbaycanla münasibətləri düzəltmək üçün heç nə eləmir, əksinə, Ankara və Bakını daim şantaj edir, maksimalist xülyalarla yaşayırlar...

“Bu il biz Çanaqqala savaşının 100-cü il dönümünü qeyd edirik. Bunun üçün Ermənistandan icazəmi alacağıq?” Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “France 24" telekanalına müsahibəsində elə erməni şantajlarına cavab olaraq deyib, bir daha Ermənistanı yerində oturdub.

Növbəti dəfə İrəvanı sağlam mövqeyə səsləyən prezident bildirib ki, Çanaqqala savaşının tarixi bəllidir və bu il dönümünün Ermənistanın təşkil edəcəyi mərasimlərlə heç bir əlaqəsi yoxdur: “İndiyədək Türkiyə ilə Ermənistan arasındakı çətinliklərdə müsbət addımları həmişə biz atdıq. Ermənistan heç vaxt müsbət addım atmayıb. Biz həmişə sülh əlimizi uzatdıq, amma əlimiz havada qaldı. Ötən il 23 apreldə mənim yayımladığım bir məktubum vardı. Bilmirəm xəbəriniz varmı, bu məktub çox müsbət qarşılandı, amma eyni müsbət cavabı Ermənistandan ala bilmədik”.

Ərdoğan onu da qeyd edib ki, 24 apreldə Türkiyə dünya sülh prosesinə töhfə verəcək. Türkiyə lideri 24 aprel mərasiminə şəxsən qatılacağını və bu mərasimlərlə dünyaya barış mesajları verəcəklərini söyləyib.

***
Yada salaq ki, ötən həftə Ərdoğan erməni toplumunu və diasporunu gerçəkçi olmağa, nə qədər gec deyil, sağlam şüurun diktəsi ilə hərəkət etməyə səsləmişdi: “Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, gəlin, buyurun, bu, bizim arxivlərimiz. Sizin nə qədər sənədiniz var? Çıxarın sənədlərinizi, tarixçilərinizi, danışsınlar...”

Necə çıxarsınlar? Ermənilərin üzə çıxarası sənədi, arxivi, tarixçisi varmı ki?

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.