Hacıbala Abutalıbovun Kişi sözü


Hacıbala Abutalıbovun Kişi sözü

Font ölçüsü

hacibala.jpg

Mahir Qabiloğlu


Kişi

Günlərin bir günü bir gənc məclisə düşür. Süfrə arxasında oturanlar soruşurlar ki, subaysan, yoxsa evli? Cavab verir ki, subay. Onda yaşlı nəslin adamları ona deyir ki, “Ey sultanlar sultanı, keç yuxarı başa”. Bu gəncin xoşuna gəlir.

Üstündən illər keçir. Bu gənc evlənir. Günlərin bir günü yolu yenə də həmin məclisdən düşür. Məclis əhli də həmin gəncin evləndiyini bilirmiş. Bu dəfə ona xitabən “ey kişilər kişisi, keç süfrə arxasına” deyirlər. Bu müraciət, yəni öz aləmində sultanlıqdan kişiliyə “eniş” gənci əsəbləşdirir. Ona görə yenidən sultanlıq titulunu geri qaytarmaq üçün evə gedir, heç bir səbəb olmadan arvadı boşayıb, atası evinə qaytarır. Bir neçə gündən sonra yenə həmin məclisə gəlir. Bu dəfə məclis əhli ona acıqla baxaraq “rədd ol burdan, ey oğraşların oğraşı” deyib, qovur.

Balaca kişi

Hər bir insan bu dünyaya ya oğlan, ya da qız doğulur. Doğulandan evlənənədək sultanlıq həyatı keçir. Yalnız evləndikdən, evə gəlin gətirdikdən sonra oğlan kişi, qadın isə xanım olur. Dünya xalqlarında bu, müraciətlərdə özünü biruzə versə də, Azərbaycanda son illərdə əhəmiyyətini itirib. Fransız cəmiyyəti də ərə getməyənə “madumazel”, ərə gedənə isə “madam” müraciətini birləşdirib “madam” etmək niyyətindədir. Amma bizdə bir yaşında uşaq da ağlayanda “yekə kişisən, kişi də ağlayar?” deyirlər. Atam bu məqamı üç yaşlı dayım oğlu Xəzriyə yazdığı “Yekə kişi” şeirində belə təsvir edib:

Xəzri bu səhər
Ağladı bərkdən,
-Bağçaya getmək
İstəmirəm mən.
Anası dedi:
-Xəzri, bu nədi?
Yekə kişisən,
Başa düşürsən?
Xəzri hıçqırıb
Soruşdu: - Məgər
Yekə kişi də
Bağçaya gedər?!

Bütün atalar istəyir ki, oğlan uşaqları kiçik yaşlarından başlayaraq kişilik məktəbi keçsinlər. Bəziləri örnək olur, bəziləri isə eləcə dildə uşağına “yekə kişisən” deməklə çulunu sudan çıxarır. Hətta sünnət mərasimini əməlli başlı pulyığma mərasiminə çevirirlər. Arqumentləri də güclü olur: “Allah bilir bu uşaq nə vaxt böyüyəcək, arvad alacaq ya almayacaq, toy eləyəcək, ya qız qaçıracaq - o günü mən görəcəyəm, ya yox. Yaxşısı budur, toyu indi edim. Toylarına getdiklərim də gəlib “borc”larını – atdıqlarım pulu indi geri qaytarsınlar”.

Kişilik məktəbi

Vaxt ötür, il dolanır. Ömrü boyu “kişisən”, “yekə kişisən” sözü eşidən oğlan uşağı – “kişi qırığı” orta məktəbi qurtarır. Ata-ana valı dəyişir. “Oxu, yaxşı hazırlaş. Ali məktəbə girə bilməsən əsgərliyə aparacaqlar”. Əsgərlik isə əsl kişilik məktəbi sayılır. Bəs ata-ana niyə oğlunu bu yoldan saxlamaq istəyir. Aydındır ki, oxumaq lazımdır, daha yüksək bilik almaq üçün. Bunun əsgərliyə nə dəxli? Deyəcəksiniz ki, axı, bir il daxil olmasa, əsgərliyə getsə, bildikləri də yadından çıxacaq. Düz deyirsiniz. Amma gəlin özümü aldatmayaq. Oğlan, ali məktəbi qurtarır. İndi də magistraturaya girməlidir ki, əsgər getməsin. Sonra doktorantura və sairə. Nəhayətdə “Əlvida, kişilik məktəbi!”.
25 yaşına çatan bir şəxs görəsən hansı məktəbi keçdi? Nəhayət evlənmək. Kişi olmaq. Yad bir ailənin qızını gətirib xanım etmək. Bir il yarımlıq əzablı, əziyyətli, mərhumiyyətli əsgərlik yollarından keçmədən. Təsadüfi deyil ki, türklər əsgər getməyən gəncə qız vermirlər.

Bir subyektiv fikrimi deyim – razılaşa da bilərsiniz, razılaşmaya da. Azərbaycan qadını bu gün Azərbaycan kişisindən daha güclüdür. Çünki məktəbi güclüdür. Analar qızlarına daha yaxşı dərs keçir, nəinki atalar. Bu gün qadınlar daha yaxşı, yüksək məvacibli iş tapa bilirlər. Ailənin, ata-ananın dayağıdırlar. Əri, qaynanası, atası evdən qovan, uşaqlarıyla küçədə qalan ən pisi belə, alqışa layiqdir. Özünü satar, amma... Bunu xırdalamaq istəməzdim. Bircə atalar sözü deyim başa düşün: “Uşaq atadan yox, anadan yetim qalır”...

Kişi olmaq isə çox asandır. Türk dilində cins bölümündə erkək yazırlar. Bizdə isə yeni doğulmuşa da “kişi”.

Kişi titulu

Mənim aləmimdə kişi – ailə quran, başında durmağı, hər təhlükədən qorumağı bacaran insana deyilir. Kişi olmaq böyük məsuliyyətdir. Əlbəttə ki, bura xasiyyəti, xüsusi keyfiyyətləri də əlavə etmək lazımdır. Ailənin hər bir üzvü bu sözün təşəkkül tapmasında məsuliyyətlidir. Allah eləməmiş, ola bilər ki, evin xanımı, qız-gəlin elə bir hərəkət edər, papağından - kişi adından məhrum olarsan. Keçmişdə bu qəbahəti, xəyanəti qanla yuyardılar. İndinin özündə də belə hallar var. Sovet qanunvericiliyi belə xəyanətə görə qətl törədən kişilərə güllələnmə cəzası vermirdi. 7-8 il həbs cəzasıyla cəzalandırırdı. Türmədə də belələrinə böyük hörmətlə yanaşılırdı. Bəs indi necə? Deyim siz də gülün.

Televizorda göstəriblər. Daha doğrusu təbliğ ediblər. Arvadı çobana xəyanət edir. Çoban bunu bilir. Neyləsə yaxşıdır? İki-üç dənə qoyun satıb, puluna evində kamera qurur, arvadının xəyanət epizodlarını lentə alıb, televiziyalardan birinə göndərir. Öz aləmində arvadını bütün el içində biabır edir. “Bərəkallah “kişi”!”

Yaxud da qadın jurnalistlərdən birinə kişilərdən pis-pis təkliflər gəlir. O isə ərinə demir. “Feysbuk”a çıxaraq, həmin adamları adlarını açıqlamaqla hədələyir. Bəs görəsən ərinə niyə demir? “Feysbuk”u kişi sayır, ərini yox?


KVN-in kişi söhbəti

Nə isə. Çox çətin məsələdir sözün əsl mənasında kişi olmaq. Yazdıqca uzanacaq. “Dəli Kür”ə baş vurub, başqasının arvadını qaçıran Cahandar ağadan da misal gətirmək olar, “Kişi sözü” adlı bədii filmdən də... Hələ “Avropa” otelinin qabağındakı “kişicik”ləri demirəm. Uzun məsələdir.

Məqsədim isə tam başqadır. Çox hörmət bəslədiyim Hacıbala Abutalıbovun – “Azərbaycanda bir dənə Kişi var, o da bizim prezidentimizdir” cümləsi. İndi deyəcəksiniz ki, ilin əvvəlində söylənən bu sözə altı ay sonra qayıtmaqda Mahirin nə məqsədi?

Mən o cümlənin mənasını gözəl başa düşürəm. Amma “KVN-Parni iz Baku” teatrının sonuncu tamaşasındakı 20 dəqiqəlik “Milli Məclisin iclası” bölümü, “Kişi söhbəti”ni gülüş hədəfinə çevirməyi məni bu yazını yazmağa məcbur elədi. Bir də ki, fevral ayında bu mövzuda yazı yazmışdım. İzah etmişdim ki, Hacıbala Abutalıbov prezidentin fərmanıyla təyin olunmuş bir icra məmurudur. O, Bakıda dövlət başçısının iradəsini həyata keçirir. Hər hansı sakinin ona minnətdarlığı prezidentimizə ünvanlanmış sayılmalıdır. Sakin də alqışı Hacıbala müəllimə yox, prezidentə ünvanlamalıydı. Amma ictimailəşdirmədim. Elə bildim ki, bəzi anlamazlar anlayacaqlar.

Evin kişisi, evin xanımı

Kişidən danışıb, arvaddan danışmamaq günah olardı. Çünki, yuxarıda qeyd etdiyim kimi kişini kişi edən qadındır. Yox, içki məclislərində arvaddanqorxan kişi təəssüratı yaradan bəziləri kimi sağlıq demirəm.

AzTV-də işləyirdim. Otaq yoldaşım Esmira Çərkəzqızı həm də “Səhər” proqramının şənbə buraxılışının aparıcısı idi. Hər verilişdə telefon bağlantıları olardı. Telefon edənlərin də çoxu evdar qadınlar idi. Verilişdən sonra otağa qayıdan Esmira xanım əsəbindən partlayardı: “Soruşuram ki, ay xanım, nə işləyirsiniz? Cavab verir ki, ev xanımıyam. Yaxşı, mən televiziyada işləyirəm, belə çıxır çöl xanımıyam?”. Biz də gülüşərdik. Amma görürəm ki, telefon əlaqəsi yaradan qadınlar öz evdarlıqlarını yox, özlərini evlərinin başçısı kimi təqdim edirlərmiş. Evin kişisi varsa, evin xanımı da olmalıdır.

“Evin kişisini soruşarlar”

Fərman Kərimzadənin “Axırıncı aşırım” əsərini oxuyan az olsa da, bədii filmə hamı baxıb. Bir epizodu xatırladım. Şadlınski iki silahdaşıyla həyətə girir. Bunları Qəmlo qarşılayır. Qəzəblə soruşur ki, nə lazımdır, kimi istəyirsiniz? Abbasqulu bəy də cavab verir ki, “evin kişisini soruşarlar”.

Filmin bu yerinə çox baxmışıq. Ləzzət də eləyib. Görəsən Qəmlo kişi deyildimi? Tarixə müraciət etsək, bu tarixi şəxsiyyət öz el-obasının qəhrəman övladlarından olub. Amma filmdə qaniçən kimi göstərilən bu adam da Kərbəlayının el-oba içində hörmətini-izzətini, ondan bir baş yuxarı, yəni ağsaqqal - evin kişisi olmasını qəbul edir. Əvvəlcə əlini tapançaya atsa da, Abbasqulu bəyin bu sözlərini udur. Biz tamaşaçı və oxucular da bu detalı çox asanlıqla qəbul edirik. Heç bir müzakirəyə varmırıq. Görəsən niyə? Çünki ailədə, obada kişi cinsinə mənsub insan çox ola bilər. Amma evin kişisi, ağsaqqalı tək olur. O cümlədən də xanımı, ağbirçəyi.

“Kişi” keçdi

Mən uşaq olardım. Yanımda atam və dostları söz danışanda tez-tez “kişi” sözü işlədərdilər. Başa düşmürdüm kimi deyirlər. Sonradan bildim ki, Bu “Kişi” o “kişi”dən deyilmiş. Atamgil bu sözü işlədəndə o zamanlar iki nəfəri nəzərdə tuturlarmış. 1937-53-cü illərdə yaşadıqları qorxulardan danışanda Azərbaycanın rəhbərlərindən olan Mir Cəfər Bağırovu, o biri isə həm də mənim müasirim olan, intibah dövrü yaşayan respublikamızın rəhbəri Heydər Əliyevi. Demə o vaxt ratsiyayla milislər belə bir-birinə “Kişi keçdi”, “Kişi yaxınlaşır” deyə xəbər ötürürlərmiş. Onu da qeyd edim ki, bu “Kişi” sözü, o biri “kişi” sözündən deyildi. Bu söz cümlənin əvvəlində də, ortasında da, axırında da böyük hərflə yazılırdı.

Kişi adam

“Əəə, sən öl, kişi adamsan”. Bu sözü məişətimizdə tez-tez eşidirik. Biri səndən borc pul istəsin, çıxart ver, o saat belə deyəcək. Pulu verməsən deyəcək ki... Məsələn, məndən dostlar qonaqlıq istəyəndə, mən də imtina edəndə bilirsinizmi nə deyirlər? Deyirlər ki, “aton yaxşı kişiydi, o qədər qonaqlıqlar verib bizə. Heyf, sən ona oxşamadın. Heyf”.

Amma əslində bu söz mərd adamlara deyilir. Hansısa qeyri-adi addımlar atan, xalqının tarixində, qəlbində yaşayan insanlara şamil edilir. Yaxud da şəxsi münasibətlərdə sınanılan, sədaqət imtahanından üzüağ çıxan adamlara da kişi adam deyirlər. Mən bu sözü Heydər Əliyevin dilindən bir dəfə - 1997-ci il yanvarın 7-də eşitmişdim. Atam şair Qabilə demişdi. Əlbəttə ki, sədaqətinə, bütövlüyünə görə. AzTV-nin fondunda videoyazısı durur.

Köhnə kişilər

Bu sözə layiq insanlar çox azdır. Bəlkə də barmaqla göstərilir. Hər adam bu sözə layiq ola bilmir. Atamdan tez-tez eşidərdim bu sözü. Belə deyərdi: “Filankəs bir sözə bu məsələni həll etdi”. Bilirsinizmi niyə ad çəkmirəm? Çünki atamın həyatında belələri çox idi. Mənim indiki həyatımda belələri az qalıb. Yalnız birini yazıb qeyd eləmişəm. İstəsəniz oxuyarsınız. Adı belədir – “İlyas Əfəndiyev, Qabil, Hacıbala Abutalıbov köhnə kişilərdəndir”. O biriləri də vaxtı gəldikcə yazacağam.

Hami bir kişini tanıyır

Respublikamıza hansı qonaq gəlirsə, hamısı Azərbaycanın 1-ci şəxsiylə görüşməyə can atır. Buna nail olanlar özünü xoşbəxt sayırlar. Respublikada kimsə, hansısa haqsızlıqla qarşılaşırsa Prezidentdən imdad diləyir. Dövlət başçısına məktub yazır. İkinci ünvan isə Azərbaycanın 1-ci Xanımı Mehriban Əliyeva olur. Onu da qeyd edim ki, “Azərbaycanın 1-ci Xanımı” tituldur, rəsmi vəzifədir. Gündəlik həyatdakı müraciət, hörmət formasından fərqli olaraq “Xanım” sözü böyük hərflə yazılır.

Deyəcəksiniz ki, bunları hamı bilir, təkrarlamağa nə ehtiyac var? Düzdür, burda qeyri-adi bir şey yoxdur. Çünki Azərbaycan dövləti də böyük bir ailə, evdir. Yüz minlərlə ailənin, evin toplumudur, o cümlədən mənim, Hacıbala Abutalıbovun, İmanovların ailəsi də bu böyük ailənin bir zərrəciyidirlər. Bu dövlətin başında isə İlham Əliyevlə Mehriban Əliyeva durur. Bu ailənin, evin Kişisi İlham Əliyev, Xanımı isə Mehriban xanım Əliyevadır. Bunu hamımız bilir, başa düşür, qəbul edirik.

Buna görə də Hacıbala Abutalıbovun heç bir mübaliğəyə, ifrata varmadan söylədiyi “Azərbaycanda bir dənə Kişi var, o da bizim prezidentimizdir” cümləsini çox təbii qəbul edirəm. Hətta öz versiyamı da irəli sürərdim. Azərbaycanın 1-ci Kişisi İlham Əliyev, 1-ci Xanımı Mehriban Əliyevadır.

Amma KVN teatrının bu cümləni və mövzunu gülüş, satira və ya yumor obyektinə çevirməsi ilk baxışdan gülüş doğursa da mənim xoşuma gəlmədi. Hadisələrə həmişə çox həssas, incə yanaşan, böyük tarixi olan, bu sahədə uzun yol keçmiş, ən nəhayət böyük bəstəkar, köhnə kişilərdən olan Süleyman Ələsgərovun məktəbini keçmiş bir nəvənin rəhbərlik etdiyi teatr bu mövzuda yanlışlığa yol verdi. Qırmızı xətti keçdi. Sadə dillə desək, Kişi söhbətinə nahaq qarışdı. Özü də Heydər Əliyevin adını daşıyan sarayda.

Xəbər Lenti



 

 

Рейтинг@Mail.ru

Ünvan: Azərbaycan Nəşriyyatı Dosye.org redaksiyası. Baş direktor Elman Nigaran. tel: (012) 409 20 21
email: dosye.org@mail.ru
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.