Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna axtarışlar davam edir.
“Qafqazinfo” sportpress.az-a istinadən xəbər verir ki, AFFA nümayəndələri bir neçə məşqçiylə ilkin görüşlər keçirib və şərtlərini açıqlayıb. Namizədlərlə növbəti görüşlər gələn həftəyə planlaşdırılır. Artıq çoxlu sayda namizədin olduğu siyahıda diqqət konkret olaraq 3 məşqçiyə yönəlib. Indi əcnəbilərdən millimizdə işləyəcəkləri təqdirdə Azərbaycanda yaşaya biləcəkləriylə bağlı müsbət cavab gözlənilir. Bu halda onlarda yekun mərhələ – maliyyə məsələsinin danışqları başlanılacaq.
Əldə etdiyimiz məlumata əsasən, Avropada yaşayan menecerlərdən biri AFFA-ya argentinalı ulduz Dieqo Maradonanın namizədliyini təklif edib. Amma Maradonanın şəxsi meneceri Azərbaycandan gələn təklifi müzakirə etmədən rədd edib. Sonradan AFFA nümayəndələri də Dieqonun məşqçi kimi o qədər təcrübəli olmadığını əsas gətirərək argentinalının namizədliyi ətrafında söhbətləri dayandırıb.
Hazırda Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlər Almaniya, İtaliya və Fransadandır. Son qərar gələn ay veriləcək.
COMMENTS