“Marselə çəkinmədən gedirik” – Qurban Qurbanov

“Marselə çəkinmədən gedirik” – Qurban Qurbanov

“Üstün cəhətlərini bir-bir desəm, kənardan elə görünür ki, sanki, “Marsel”dən çəkinirik. Bizim üçün ən çətin komandalardan biri idi. Onlar da topa sahib olmağı çox xoşlayırlar. Ayrı-ayrılıqda çox yaxşı oyunçuları var. Oyunun gedişatındq həddən çox rotasiya edirlər. Bu, bizi narahat edə bilər. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. İstəyirik ki, onlara qarşı layiqli oyun oynayaq. Səfərə çəkinmədən gedirik”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offunda “Marsel”ə qarşı keçirəcəkləri ilk oyun barədə danışarkən deyib.

Azərbaycan kubokunun 1/4 finalında “Keşlə”yə 6:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Fransa təmsilçisi ilə görüş haqda danışan mütəxəssis daha sonra bildirib: “Bu gün istənilən komanda yaxşı oyun göstərib nəticə əldə edə bilər. Amma reallığa baxsaq, rəqib hərtərfəli bizdən yuxarıdadır. Marselə yaxşı mübarizə və nəticə üçün gedirik. Hər iki matçda ən yaxşısını etməyə çalışacağıq”.

Q.Qurbanov Fransada mümkün təxribat məsələsinə də toxunub: “İnanmıram, ciddi bir şey olsun. Bəlkə də bu şəhərdə təxribat daha çox gözlənilə bilər. Amma hər halda inanmıram ki, nə onların federasiyası, nə klub, nə UEFA belə bir şey üçün şərait yaratsın. Biz dəfələrlə belə hallarla rastlaşmışıq. Mənə elə gəlir ki, narahat olunası bir şey yoxdur. Klub rəhbərliyi danışıqlar aparır. Ümid edirəm ki, hər şey qaydasında olacaq”.

“Qarabağ”ın baş məşqçisi “Keşlə” ilə görüşün “Marsel”lə matç öncəsi komandaya faydalı olduğunu söyləyib: “Pis oyun olmadı. İlk hissə 4:0 olsa da, deməzdim ki, “Keşlə” tam dayanmışdı. Bu günkü oyun bizim üçün daha faydalı oldu. Çünki, düşünülmüş rotasiyalar edə bildik. “Marsel”lə oyunda da çalışacağıq ki, daha çox öz düşündüklərimizi edək”.

DOSYE.ORG

COMMENTS