Masallıda meşə məhv edilir

Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə azdır.

 

Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu meşələr Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas olan xüsusiyyətlərdən biri müxtəlif təbii sərvətləri – mineral xammalın, suyun, enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər təbii sərvətlərə xas olmayan çoxsahəli funksiyaları yerinə yetirir. Meşələr yeganə təbiət kompleksi hesab olunur ki, onlar su, hava və torpaq kimi biosferanın çox vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır. Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir. Respublikanın meşələrinin müxtəlifliyi, onun yayılması iqlim, torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır. Bu baxımdan Masallı rayonu da xüsusi gözəlliyə malikdir. Lakin son illər Masallı meşələrinin başı üzərini ciddi təhlükə alıb. Bu haqda rayon ictimaiyyəti tərəfindən artıq neçə müddətdir ki, müxtəlif instansiyalara ünvanlanan həyəcan dolu məktublarda da bildirilir. Məktublardan birində oxuyuruq “Masallı meşələri neçə ildir ki, mütəmadi olaraq qırılır, satılır, məhv edilir. Rayonun təbii qazla təmin olunmayan bəzi kəndlərində hələ də yanacaq kimi odun işlədilir. Həmçinin rayondakı vəzifəli şəxslərə məxsus sexlərə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və s. kimi qiymətli ağaclar gətirilir, ilkin emaldan çıxaraq Bakıya daşınır. Hətta dövlət tərəfindən xüsusi olaraq qorunan qiymətli ağaclar da qırılıb satılmaqdadır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələri  də məlumatlıdır. Meşələrimizdə artıq bu növ ağacların nəsli kəsilməkdədir…” Təqdim olunan bütün məlumatlarda göstərilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Hidayət Novruzov daşıyır. Qeyd olunur ki, məhz H.Novruzovun fəaliyyəti nəticəsində Masallı rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir. Məlum olduğu kimi Masallı həm də səfalı təbiəti ilə turizmin inkişaf etdirilməsi üçün əlverişli şəraitə malikdir. Lakin bu həm də istirahət mərkəzi kimi pərdələnmiş müxtəlif qeyri-qanuni fəaliyyət göstərən əyləncə mərkəzləri təsis edən işbazlar üçün cəlbedici bir məqamdır. Həmin şəxsləri qaranlıq işlərinə isə məhz H.Novruzov kimi korrupsioner məmurlar yarayırlar. Artıq qeyd etdiyimiz kimi bu yaxınlarda redaksiyamıza daxil olmuş növbəti şikayət məktubu da həmin fikri təsdiq edir. Belə ki, məktubda Masallı meşələrinin qeyri-qanuni qırılmasına dair iddialarla yanaşı, Hidayət Novruzovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya əməllərinə, habelə bir çox başqa qanun pozuntularına dair iddialar da ortaya qoyulur. Ərizədə bildirilir ki, meşələrdə qırılan ağacların gün ərzində gizlədilməsi və sonrakı nəqlinin təşkili üçün xüsusi baza tipli məkanlar yaradılmışdır. Belə bazalardan birinin də “Qoşa Palıd” istirahət mərkəzinin ərazisində yerləşdiyi qeyd olunur. Amma təəssüflər olsun ki, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində törədilən bütün bu və digər yaramazlıqlar barədə dəfələrlə müxtəlif instansiyalara, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə vətəndaşlar tərəfindən çoxsaylı şıkayətlər ünvanlansa da, nazirlik hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir.

COMMENTS