Masallı sakinlərindən deputata şikayət

Deputat Elmira Axundova 13-15 sentyabr tarixlərində Masallı rayonunda müxtəlif tədbirlərdə iştirak edib. Bu barədə millət vəkilinin ofisindən Modern.az-a məlumat verilib.

 

14 senyabrda Bədəlan kəndində yerləşən deputat ofisində ənənvi qəbul keçirib, müxtəlif müraciət və təklifləri dinləyib.

Bütün rayon ərazisində aktual olan bir problem qəbul zamanı diqqətə çatdırılıb. Bir qrup sakinin, Ərkivan qəsəbəsindən Əli Fətəliyev, Nəbi Mirzəyev, Famil Allahverdiyev və s. qeyd etdiklərinə görə, heç bir əsas olmadan onlara 400-500 manat dəyərində qazpulu borcunun olması ilə bağlı bildirişlər göndərilib, halbuki həmin şəxslər qəbz əsasında hər ay borcları ödəyiblər. Bu səbəblə onlara qaz verilməsində problemlər yaranıb. Borcun necə və hansı müddətə yaranması ilə bağlı isə qaz istismar idarəsindən vətəndaşlara heç bir əsaslı açıqlama verilmir. Bununla bağlı da vətəndaşlar kollektiv şəkildə deputata yazılı müraciət edəcəklərini qeyd ediblər. Vətəndaşlar bildiriblər ki, təkcə Ərkivan, Boradigah qəsəbələrində yüzlərlə ailə bu cür anlaşılmazlığın qurbanıdır, ümumiyyətlə Masallı rayonunda isə minlərlə bu cür ailə var.

Digər bir problem isə bələdiyyələr tərəfindən vətəndaşlara satılan torpaqlara görə Daşınmaz Əmlak Komitəsindən mülkiyyət sənədinin alına bilməməsidir. Belə ki, Bədəlan kəndindən Şahbazov Xudaverdi Mansur oğlu bələdiyyədən alqı-satqı sənədi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən və Masallı rayon İcra Hakimiyyətindən bütün lazımı sənədlər olduğu halda Əmlak Komitəsindən hüquqi sənəd ala bilmir. Buna əsas kimi həmin torpağın bələdiyyə tərəfindən hərrac yolu ilə satılmaması göstərilir. Vətəndaş rəsmi qaydada dövlət rüsumunu ödəsə də, belə olan halda yenə də əziyyət çəkən sıravi vətəndaş olur.
Araşdırma zamanı müəyyən olunub ki, bu cür halla qarşılaşan vətəndaşların sayı rayon ərazisində kifayət qədərdir.

Qəbul zamanı Məmmədoba kənd məktəbinin tikintisi, Lürən kənd məktəbində su probleminin olmasından dolayı məktəb həyətində artezian quyusunun qazılması, həmin kənddə feldşer mama məntəqəsinin inşası, təbii fəlakət zamanı xəsarət aldığı üçün dövlət siyahısına salınan qəzalı evlərin tikintisi kimi ictimai problemlər də vətəndaşlar tərəfindən qaldırılıb.

Bir neçə vətəndaş isə işə düzəldilməsində, ünvanlı sosial yardım alınmasında, müalicəyə və sanatoriyaya göndərilməsində, Tüklə kəndindən isə bir qrup sakin Tüklə-Tiyəqani kəndlərarası körpünün tikilməsində göstərdiyi dəstək və köməyə görə Elmira Axundovaya təşəkkür edib.

Deputat da öz növbəsində vətəndaşları əmin edib ki, qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracaq, məsələlərin həllində əlindən gələn köməkliyi heç vaxt əsirgəməyəcək.

15 sentyabr tarixində isə millət vəkili Elmira Axundova Mahmudavar, Kolatan, Bədəlan kəndlərində, həmçinin Masallı şəhərinin özündə məktəb və bağça açılışlarında iştirak edib. O, çıxışları zamanı rayonda gedən və geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışıb, həmçinin yaxın vaxtlarda rayonda üç mühüm səhiyyə obyektinin, rayonda ilk dəfə olaraq orta ixtisas kollecinin açılacağını qeyd edib. Bu işlərdə rayon icra başçısı Rafil Hüseynovun danılmaz xidmətlərin xüsusilə vurğulayıb. Elmira Axundova tədbirin sonunda birinci sinif şagirdlərinə məktəb ləvazimatları, bağçadakı körpələrə isə oyuncaqlar təqdim etməklə onları sevindirib.

COMMENTS