Masallıda 1000 manatlıq qurban

Qurban Bayramından 10 gün keçməsinə baxmayaraq, Masallı İcra Hakimiyyəti hələ də «qurbanpulu» yığır. Bu barədə JAM.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub. 

Həmin məlumatda deyilir ki, bu işə təhkim olunmuş icra başçısının müavini Seymur Nuriyev bütün idarə və müəssisələrlə əlaqə saxlayaraq, oktyabrın 5-də Qurban Bayramı keçirdiklərini, xeyli sayda heyvan kəsərək, onların ətlərini kasıb ailələrə verdiklərini deyərək onlardan 1000 manatdan pul göndərmələrini tələb edir. 

Məlumatda deyilir ki, Nuriyev həmin pulu verməkdən imtina edən idarə və müəssisə rəhbərlərinə xəbərdarlıq edir ki, məsələ icra başçısı Rafil Hüseynovun nəzarətindədir və ona xəbər çatacağı təqdirdə işdən çıxarıla bilərlər. Hazırda Masallıdakı idarə və müəssisə rəhbərləri onlardan tələb olunan 1000 manatı düzəltməyə çalışırlar. 

Maraqlıdır ki, Qurban Bayramında Masallıda qurbanlıqların kəsilərək kasıb ailələrə verilməsi elə də diqqəti çəkməyib. Yəni, bunun çox az sayda kontingentlə məhdudlaşdırı sirr deyil. Rayonda isə təqribən 60-a yaxın idarə və müəssisə var. Onların hər birindən 1000 manatdan pul yığılarsa, bu artıq 60 min manat deməkdir. Qurban Bayramı ərəfəsində rayonda normal çəkili qurbanlıq heyvanların qiyməti isə 150 manat civarında olub. Belə başa düşülür ki, Masallı İcra Hakimiyyəti oktyabrın 5-də təqribən 400 qoyun kəsib. Ki, bu da qəti inandırıcı deyil. 

Aydın məsələdir ki, rayonun icra başçısı Rafil Hüseynov və müavinləri fürsətçildirlər və onlar Qurban Bayramından da qazanclı çıxmaq istəyirlər. Sadəcə, bunu idarə və müəssisə rəhbərlərinin imkanları hesabına həyata keçirirlər. 

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 1413346955 masa

COMMENTS