Masazırda Akademik Zərifə Əliyevanın adını daşıyan küçə bərbad haldadır

Masazırda Akademik Zərifə Əliyevanın adını daşıyan küçə bərbad haldadır

Abşeron rayonunun Masazır qəsəbəsindəki Akademik Zərifə Əliyeva küçəsinin sakinləri bərbad yollardan əziyyət çəkirlər.

«Qəsəbənin yolları elə bir durumdadır ki, ucqar bir dağ kəndinin yolları belə, daha yaxşı görünür» – bu sözləri qəsəbə sakinləri musavat.com-a ünvanladıqları şikayət məktubunda qeyd ediblər.

Şikayət əsasında adı çəkilən ünvana yollandıq. Gördüklərimiz şikayət məktubunda yazılanlardan daha xoşagəlməz idi. Küçədə bizi ilk olaraq, palçıq bataqlığı «qarşıladı». Yolun bir tərəfindən, digər tərəfinə keçmək üçün uzunboğaz çəkmələrə ehtiyac vardı.

Yolun kənarında sakinlər tərəfindən düzəldilmiş ensiz piyada səkisi var idi. Hər kəs həmin yoldan istifadə edirdi.

Qarşımıza çıxan qəsəbə sakinləri ilə danışdıq. Onlardan birinin dedikləri isə, bizə daha maraqlı gəldi. Bir əlində təmiz ayaqqabı, ayağında isə rezin çəkmə olan bu şəxslə söhbətləşdik: «Özün də görürsən, vəziyyətimizi… Hər gün bu vəziyyətdə işə gedirəm. Ayaqqabılarımı əlimdə tuturam, küçənin sonuna kimi rezin çəkmələrlə gedirəm. Sonra ayaqqabılarımı dəyişirəm və beləcə işə gedirəm. Qayıdanda da eyni cür əziyyət çəkirəm. İşdə belə, mənə gülürlər. Deyirlər ki, «Hər gün iki ayaqqabı ilə işə gəlməkdən bezmirsən?». Təbii ki, bezirəm. Amma başqa çarəm yoxdur, dözməliyəm».

Yolumuza davam edirik və bu dəfə balaca məktəbli ilə qarşılaşırıq. Onun da ayaqlarında rezin çəkmələr, çiynində isə məktəbli çantası var idi. Palçığın içi ilə yoluna davam edirdi.

Sakinlərin birinin sözlərinə görə, 5 ildən çoxdur ki, vəziyyət belədir: «Mən 5 ildir ki, burada yaşayıram. Vəziyyət eynidir. Keçən bələdiyyə seçkilərində gəlib, bir az yol çəkmişdilər. Onu «Azəriqaz» gəlib, dağıtdı. Sonra yenə sakinlərlə pul toplayıb, yolu düzəltdik. Bu dəfə də «Azərsu» gəlib, qazdı ki, «Su çəkirik». Bir dəfə də düzəltsək, kanalizasiya xətləri təmir ediləcək. Çünki bu ölkədə heç bir şey sistemlə işləmir. Bir idarə iş görəndə, digərini xəbərdar eləmir. Ona görə də, biri yol çəkir, biri də qazır.

Əslində yol bu qədər bərbad hala düşməyəcəkdi. Belə olmasına səbəb, yaxınlıqdakı gölün qurudulmasıdır. Hansısa pullu şəxs, o gölü alıb, qurudur. Bunun üçün də ağır tonnajlı yük maşınları hər gün bu küçədən istifadə edərək, gölə torpaq daşıyırlar. Ona görə də, küçəmiz daha da bərbad hala düşüb”.

Başqa bir sakin də öz narazılığını bildirdi: «Qardaş, bezmişik. Hər gün bu bərbad yolla maşın sürürəm. Mən birtəhər gedib-gəlirəm. Bəs, maşını olmayanlar nə etsin? Hələ payızdır. Qışda daha da çox yağış, qar olacaq. O zaman ümidimiz Allaha qalacaq. Uşaqlarımız məktəbə gedə bilmir. Şəhərə gedəndə üstümüzdə dəsmal gəzdiririk ki, ayaqqabımızın palçığını təmizləyə bilək. Azərbaycanın ən ucqar rayonlarında belə, bir şey yoxdur. Belə küçə olar? Buranı təmir etmək üçün böyük maliyyə də lazım deyil. Qısa müddətdə həll edə bilərlər».

Çəkilişdə olduğumuz müddətdə diqqətimizi çəkən şeylərdən biri də küçənin adı yazılmış lövhənin divardan qopardılması idi. Yəqin ki, bələdiyyə nümayəndələri Akademik Zərifə Əliyevanın adını daşıyan bir küçənin belə bərbad vəziyyətdə olmasından utanıblar. Əgər utanırlarsa, lövhəni qoparmaq əvəzinə, küçəni təmir edib, o ada layiq bir hala gətirsəydilər, daha yaxşı olardı.

COMMENTS