Oxucularımız da təsdiq edərlər ki, meşə qənimləri hər il , hər yerdə, həmişə olub. Lakin, 2020-2021-ci illərdə ölkə ərazisindəki meşələrə qarşı sanki, “açıq müharibə” aparılır.
Hər həftə, hər gün oxuduğumuz, izlədiyimiz xəbərlər sırasında mütləqdir ki, qırılmış ağaclar, ziyan dəymiş meşələr barəsində ən azı bir məlumat olur. Heç uzağa getmədən, dərin araşdırma aparmadan sosial mediada axtarış edib, baxmaq kifayətdir ki, Ağsu, Oğuz, Tovuz, ən əsas və ən çox da cənub meşələri barəsində “nəfəsimizi kəsən” məlumatları görə bilək. Bu dəfə isə “DogruXeber.az” olaraq biz sizə Samux rayon ərazisində yerləşən meşələrin taleyindən, daha doğrusu acınacaqlı taleyindən xəbər verəcəyik.
Videogörüntülərdə gördüyünüz bu ərazi vətəndaşın da qeyd etdiyi kimi, Samux rayonunun “Yeni Nəbiağalı” qəsəbəsidir. Gördüyünüz ərazi əvvəllər 50 metr enində meşə zolağı olub. Lakin, artıq meşə zolağından əsər-əlamət qalmayıb. Ərazidə yerləşən əkin sahələrinin sahibi tərəfindən ağacların dibində tonqal yanırılmaqla, ağaclar məhv edilib. Məhv edilən ağacların da yerləri əkin sahələrinə qatılıb və nəticədə əkin sahələri genişləndirilib. Bu da onun sübutudur ki, meşə zolağı məqsədli şəkildə, qəsdən məhv edilib. Bundan əlavə, vətəndaşın bildirdiyinə görə 50 metrdən, məhv edilməklə, 15 metrə qədər azalan meşə zolağı hələ də kimlərinsə sözün əsl mənasında yerini dar edir. Odur ki, qalan 3-5 ağacdan ibarət meşə zolağına da yaxınlıqdakı yaşayış ərazilərinin məişət tullantıları gətirilib tökülür ki, bu da meşə ağaclarının inkişafına mənfi təsir göstərir.
“Ağ ciyərlərimiz”in məhvini göz görə-görə görməzdən gələn kimlərdir?!
Bu hər kəsə məlumdur ki, ölkənin istənilən ərazisində heç kim aidiyyəti tərəflərin xəbəri olmadan, qətiyyən bir hərəkət edə bilməz. Yəni nələrisə qurmaq, yaxud məhv etmək.
Məsələn, kimsə həyətində bir dam tikəndə və o damın örtüyü hasardan azacıq görünəndə, o dəqiqə İcra Hakimiyyəti işçiləri, ərazi üzrə sahə müvəkkili, kommunal xidmətlər, mənzil kommunal təsərrüfat idarəsi, Fövqəladə Hallar Nazirliyi əməkdaşları və sair həmin sakinin qapısında “cərgə” düzənləyirlər. Bu hələ tikmək üçündür. O ki, qaldı sökmək, yaxud məhv etmək ola…
Ona görə də hansısa bir sadə sakinin, bir fermerin bu cür özbaşınalığa yol verməsi açıq desək, heç inandırıcı görünmür.
Dağıntı varsa, təbii ki, o dağıntıları “görməmək” üçün “əl sıxışan” “hörmətli müəllim”lər (müraciət olaraq) də var.
O icazə verən “filankəs müəllim”in kimliyini araşdırmaq və aidiyyatı tədbirlər görmək isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işidir. Bu görüntülərdən sonra “Məlumatsız idik” kəliməsi gülünc olar. Artıq, məlumatı biz sizə verdik. Ardı da var. Lakin, o “ardı”nda yazacaqlarımız isə birbaşa adıçəkilən nazirlikdən asılıdır. Ya lazımi tədbirlər görüb, “ağciyər düşməni”nin layiqli cəzasını alması üçün addımlar atacaq, ya da bir neçə ay əvvəl xəbər verdiyimiz Daşkəsən rayonunun, “Çanaqçı” kəndinin yaxınlığında, çayın bir neçə metrliyində yerləşən malikanə kimi, bunu da görməzdən gəlib, susacaq.
Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəfələrlə elektron ünvanına rəsmi məlumatlar göndərməyimizə, dəfələrlə agentliyimizdə yayımladığımıza baxmayaraq, hansısa “sirli” səbəblər üzündən, bizim gördüyümüz, hətta əyani görüntülərlə göstərdiyimiz o malikanəni yenə də “görə bilmir ki, bilmir”.
Amma, sözügedən bu ciddi mövzunun, aidiyyatı qurumların gözünü açana qədər ardı var…(DogruXeber.az)
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DOSYE.ORG
COMMENTS