Metronun havalandırma sistemi və ağacların yenidən məhv edilməsi

Fotolar ağacların kəsildiyini desə də, metropoliten əməkdaşı bunu inkar edir  

 

Bakıda ağacların kəsilməsi ilə bağlı tez-tez məlumatlar yayılır. Əsasən, iş adamları tərəfindən yeni binaların tikilməsi ilə əlaqədar yaşıllıqların məhv edilməsi kütləvi hal alıb.

Facebook sosial şəbəkəsində sakinlər tərəfindən paylaşılan fotoda Bakının Yasamal rayonu ərazisində «Nizami» metrostansiyasının arxasında ağacların kəsilməsi görünür. Sakinlər bu fotonu yayaraq sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb etməyə çalışıblar. Onlar ümid edirlər ki, məsələ ictimailəşərsə, əlaqədar qurumlar buna reaksiya verərlər.

Yasamal rayonu, M.Muxtarov küçəsində dəmir və taxtadan hasara alınmış sahə uzun müddətdir sakinlər tərəfindən dayanacaq kimi istifadə edilir. Burada, kiçik avtomobil təmiri sexləri də vardı. Ətrafda yaşayan sakinlər buranı metronun «ventilyatoru» adlandırırlar. Hələ sovet dövründən burada torpaqdan boylanan enli dəmir boruların metro stansiyasının havalandırma sisteminə aid olduğu bildirilir. Məhz buna görə də bu yerdə hündurmərtəbəli bina tikintisinin mümkünsüzlüyünü düşünürlər.

 

Fotodan göründüyü kimi, indi bu yerdə də ağır texnika fəaliyyətə başlayıb. Məqsədin nə olduğu dəqiq bəlli olmasa da, hər halda tikinti üçün hazırlıq getdiyi görünür. «Ağacların kəsilməsi də tikintialtı sahənin hazırlanmasının ilk mərhələsidir. Adətən, belə olur. Əvvəlcə ərazi hasara alınır. Sonra içəridəki ağaclar kəsilir, qazıntı işləri gedir, bir də görürsən ki, hasarın arxasından yeni bina ucalmağa başlayır» – deyə, ərazidə yaşayan yaşlı sakinlər bu işin də arxasından yeni bina çıxacağını düşünürlər.

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Xidmət rəhbəri Analitik.az-a ərazinin Bakı Metropoliteninə məxsus olduğunu bildirərək, həmin ərazidə metronun havalandırma sisteminin fəaliyyət göstərdiyini qeyd etdi: “Burada metronun havalandırma sistemi yerləşir. İstismar müddətini keçdiyinə görə sökülərək yerində yenisi tikiləcək, hasarlar dəyişəcək. Heç bir obyekt də tikilməyəcək. Orada ağaclar da kəsilməyib.”

Adıçəkilən ünvanda ağacların kəsildiyini əks etdirən fotonu bir daha təqdim edirik. Hər halda əlahəzrət fakt əminliklə deməyə imkan verir ki, ərazidə ağaclar kəsilib..

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

COMMENTS