Meyxanaçı Elçini Məşədi Baba öldürməyib?

Bakı kəndlərinin gözü olan Maştağada ən qorxulu kütləvi qırğın silahı top deyil, raket deyil… Arxası üstə çevrilib dumbul kimi işlədilən paslı köhnə vedrələrdir.

 

Maştağalılarla iş gördünsə, ehtiyatlı ol. Bil ki, hər dəqiqə həmin bu köhnə vedrələrin musiqi alətinə çevrilmək təhlükəsi var. Bir də gördün vedrələr dumbul kimi səsləndi, adın düşər meyxanə misralarına. Heç nə… Qalarsan camaat içində çar-naçar, mat-məəttəl. Əvvəllər şirin sovet vaxtlarında Maştağada məscidlər bağlıydı, üstü daş kitabəli qədim hamamlar isə açıq. İndi tam tərsinədir – məscidlərin işi, şükür, təkərə düşüb, hamamlar isə it yuvasına dönüb, xarabalığa çevriliblər. Adam yanlarından keçəndə üfunətdən əliylə burun dəliklərini tutmalı olur… Qədim Mürsəl ovdanıyla üzbəüz yerləşən köhnə Şamxal hamamı belə xarabazar ünvanlardan biridir. Sovet vaxtlarından qalma dəmir ticarət pavilyonu bütün şüşələrini itirərək bir tərəfdə paslanıb çürüyür. Dünənki yağışdan sonra küçələr Rusiyanın Volqa çayını xatırladır. Piyadalar yol kənarlarında dayanıb qarşı tərəfə keçə bilmirlər.  Dükanların ətrafını əzik pepsi-kola qabları, uduşsuz simsim kartları bəzəyir. Hər dəfə bu kartlar uduşsuz çıxanda maştağalılar əsəbiləşirlər. Kartları vəhşi güclə qara asfalta çırpıb, az sonra öz acı bəxtləriylə barışırlar: – Allah öz bəndəsinin ruzisini dahar üstündə də verər. *** “Dahar” sözü nardaranlıların, maştağalıların dilində daşlı hamar əraziyə deyilir. Belə yerlərdə ruzi tapmaq, məhsul yetişdirmək hər başı papaqlı kişinin işi deyil. Ürəyi darıxan incə qəlblilər bir də görürsən gedib dahar üstündə özünü yelə verir. Vəhşi xəzriyə sinə gərib əllərini quş qanadları kimi yana açır,  bir az irəli əyilib bədənlərinin ağırlığını xəzri küləyinə tapşırırlar… Dahar üstündə haqq-hesablar çürüdülür, dava düşür, qətllər, bıçaqlanmalar baş alıb gedir, toy mağarları, yas çadırları qurulur. Dahar üstə meyxanaçılar, şairlər şeir-qəzəl aləminə qovuşur, əsərlərini qələmə alırlar. Bu cür “dahar əhliylə” mən ilk dəfə hələ uşaqkən dayım Ağasının Mərdəkandakı füsunkar bağında tanış oldum. O vaxt biz, kəndlilərdən toyuq gübrəsi alıb, torpağımıza qatardıq. Toyuq gübrəsi tərkibindən yarımçıq “kazbek” kötüklərini tapınca dinc durmazdım. Kötükləri qaldırıb daydayıma göstərəndə eyni cavabı eşidərdim, adətən: –  Hə, məştağalılardı da… Sonralar yaşa dolanda mən bu “dahar əhli”, meyxana ustalarıyla lap yaxından tanış oldum. Gördüm ki, bu nadir istedad sahibləri istədikləri vaxt istədikləri hər hansı əşyanı musiqi alətinə çevirmək qüdrətindədirlər. Stolları, stulları, paslı vedrələri taqqıldadıb, əruzun məşqini edərlər. Sonra, yallah, başlarlar bədahətən, ürəkdən saatlarla, günlərlə meyxanə, şeir deməyə: Bəs hardadı bizim xilaskarımız, Onsuz yaman olub bizim halımız…   İlk payız küləkləri əsincə Maştağa, Nardaranda adətən bir görürsən ki, köhnə divarların bir parçası yerindən qopub aşır, düşür böyrü üstə. Yaranmış dəlikdən, yarıqdan  kasıb bir ailənin yoxsul məişəti görünür – külək, seyrəlmiş süpürgəni həyətin ortasına vızıldadıb, köhnə yamaqlı təkərlərin yığıldığı küncdə  ev sahibi əlini dizinə çırpır… Başı örtülü bir qarı üzünü qibləyə tutub dua-tənə pıçıldayır… Cayıllardan biri dodaqları altında şeir zümzümələyir. Əruz vəznlərini məşq edir… Belə kasıbtəhər həyətlərdən biri də mərhum meyxana ustası Elçin Atakişiyevin atasına məxsusdu. Ancaq indi bu həyətdə dodaqları altında şeir-qəzəl pıçıldayan, əruz vəznini məşq edən gənc Elçin Atakişiyev təəssüf ki, həyatda yoxdur. İyirmi il əvvəl yazığı müəmmalı şəkildə qətlə yetirsələr də, mərhumun səsi-sorağı indi də Maştağadan əskilmir. Elçingilin qapısını bir xeyli taqqıldatmalı olduq. İçəridəkilər əvvəlcə səhvən elə bildilər bank işçiləriyik. Ödənilməmiş borca görə evi müsadirə etməyə gəlmişik. Gəlişimizin məqsədi aydın olunca vəziyyət anında düzəldi – çay dəsgahı girdi araya. Köhnə dolabın siyirməsindən təzə ala-bəzək süfrə çıxdı. Sərildi ayaqları lax taxta stol üzərinə. Elçinin qardaşı – köhnə qoşanağaraçı Şahin  xatirələrini danışdıqca gözləri ara-sıra yaşarırdı. – Evimizdən o tərəfdə, Məştağa elektrik şəbəkəsi yerləşən binanın arxasındakı geniş daharlıq Elçinin oylağıydı… – Şahin, bunu deyincə əməlli-başlı qəhərlənir. – Vallah bu, bir Allah vergisiydi Elçində. Elə gözəl qafiyələr, misralar deyərdi ki, orda özü-özünə. Elə hey əruzu məşq edərdi orda özüyçün. Ancaq məclislərə getməyə utanardı əvvəl-əvvəl. Boş vaxt tapınca qaçardı həmin o daharlığa. Əllərini açardı yana, sinəsini verərdi küləyə, başlardı mövzuları xırdalamağa… Soyumuş çay,  Şahinin qurumuş boğazından keçmir bu vaxt. Yazıq düşür öskürəyə. Söhbətin ardını böyük qardaşı Gülağa davam etdirir. *** Maştağada adətdi toyun axırına yaxın qüdrətli meyxana ustasının böyrünə bir stul da əlavə edərlər ki, görsünlər çoxmu boş qalacaq o? Gözü qızmış bir cayıl, nəhayət, gəlib oturacaqmı bu boş stul üstünə? Meyxana deməyə cürət edəcəkmi ağır-sanbal el ustaları hüzurunda? – Hə, bir gün Ağasəlim Çildağın böyrünə belə bir boş stul qoyurlar. Deyirlər ki, bəs yenə əvvəlki kimi boş qalacaq o. Ancaq bu dəfə həmin stul boş qalmır. Elçin gəlib oturur Ağasəlimin böyründə. Qafiyəni götürüb başlayır səhərəcən meyxana deməyə. Yazıq Şahin, bu vaxt, nəhayət, özünə gəlib kal səsini xırıldadır: – Rəhmətlik atamın yanında meyxana deməyə cürət etməzdi Elçin. Atamı o vaxt birtəhər məclisdən çıxarırlar. Qapımıza çataçatda uzaqdan eşitdik ki, məclis lap axara düşüb. Əl çalanlar, fit verənlər bir-birinə qarışıb. Atamın əli bu vaxt getdi xəstə ürəyi üzərinə. Yazıq divarımıza söykənib hönkür-hönkür ağladı. Sonralar Elçinin atası Arif kişini meyxana məclislərindən tez-tez çıxarmalı olurlar. Elçin öz adətincə atası olan yerdə meyxana deməkdən çəkinərmiş. – Meyxana tüfeyli həyat tələb edir öz müəlliflərindən. Atamın ürəyini darıxdıran, bədənini qəfil soyuq divarlara söykədən də elə bax işin bu xoşagəlməz cəhətiydi. Ancaq, şən günlərimiz də az deyildi… Elçin sağ qalsaydı, biz heç bu günəmi qalardıq? Köhnə qoşanağaraçı bunu deyib, yaşarmış gözlərini kasıb güzəranlıqlarına zilləyir. Çürümüş taxta döşəmələrindən, tozlu pencərə şüşələrindən bir an kədərli baxışlarını ayırmır.     DAHARLIQDA QAN İZİ   – Yadımdadı, 1993-cü ildə avtobus sərnişinlərini salondan aşağı endirib Qarabağ döyüşlərinə aparırdılar. Rəhmətlik qardaşım da bir gün belə tutatuta düşür Əzizbəyov metrostansiyası tərəfdə. Ancaq özünü itirmir. Başlayır bədahətən həmin bu tutatut barədə ayaqüstü meyxana deməyə. Polis rəisi feyzyab olur eşitdiklərindən. Avtobusdakı dustaqlar yadından çıxır. Elçin hər dəfə təzə qafiyə açınca avtobusdakılar fürsəti əldən verməyib aradan çıxırlar. Axırıncı beyt gələndə görürlər ki, avtobusda bir nəfər dustaq belə qalmayıb. Ancaq sonralar… AzTV-nin yeni il şənliklərindən sonra meyxanaçı Nizami ilə Buzovnalı Kəbir aeroport yolunda qəzaya düşüb dünyalarını dəyişirlər. Sonra fevralın 10-undan 11-ə keçən gecə, Elçin Atakişiyevi bir başqa meyxana ustası Aydəmirov Məşədi Baba dahar üstdə  “söhbət”ə çağırır. Dahar al qana boyanır. Səhəri gün, gəlib görürlər ki, Elçinin cansız bədəni bir tərəfdə uzanıb, sərxoş Məşədi Baba bir başqa tərəfdə. Ortadakı bomboş araq şüşəsi küləyin təsiriylə gah sağa dığırlanır, gah sola. Dəniz quldurları barədəki macəra filmlərinə layiq bu qəliz mənzərəyə uzun müddət kimsə yaxın gəlməyə cürətlənmir. Qətlin səbəbləri aydın olmasa da, günahı Məşədi Babada görürlər. Yazıq ayılanda bir də görür ki, əlləri qandallıdır. Ağır Cinayətlər məhkəməsinin kəsdiyi doqquz il cəzanın altı ay iki ayını can-başla çəkən Məşədi Baba, bayırda özünə dinclik tapammır ki, tapammır. Maştağanın bomboş küçələrində vaxtaşırı Elçinin narahat qara kölgəsi tərəfindən izlənilir, izlənilir, izlənilir… Axırda vəziyyət lap dözülməz həddə gəlib çatır. Kənddə “Elçindən sonra meyxanaya qulaq asmıram!” deyənlərin sayı günü gündən artır. Tənəli baxışların təsiri altında Məşədi Baba əvvəlcə öz “jiquli”sini yandırmağa cəhd göstərir. Sonra yaşadığı evi alışdırmaq istəyir. İstədiyinə çatmır. Nəm çəkmiş kibrit qutusunu hirsindən götürüb bir kənara vızıldadır. Axırda həyətdəki uşaqlara pul verir ki, get bazardan mənə bir şüşə ağ nöyüt al. Uşaq nə bilsin Məşədi Babanın məqsədi nədi? Gedib nöyütü alır, verir Məşədi Babaya. SİMURQ   – Meyxana sözlə çildağ etmək qüdrətidir, əslində. Meyxana ustası Ağasəlim elə çildağçı nəslindən çıxıb da… Adı deyirsən təsadüfənmi Ağasəlim Çildağdı? Şah Abbas Maştağaya gələrkən  bu ocaqda çildağdan keçib haa… Ocağın zirzəmisində o vaxtkı ev durur…Şah Abbas dövrünün mənzərəsi orda indiyəcən qorunur, biləsən… Adını deməyən yeniyetmə kənd sakini “Səkkiz qapı” ziyarətgahı tərəfdə bunu mənə xüsusi nidayla, sanki əruz vəznində nəql edir. Adını nə qədər xəbər alsam da, bunu bir sirr olaraq saxlayır, üstünü açmır… Hiss edirəm ki, o da növbəti meyxana, qəzəl, əruz aşiqlərindəndir… Elçinin, Məşədi Babanın yerinə keçməyə hazırlaşır… Daharlığa qaçıb məşqlər edir görünür orda…Səhnədəki boş stulların birini bu gənc, deyəsən, elə indidən özüyçün nişanlayıb. – Rəhmətlik Məşədi Baba necə adam idi, bəlkə, deyəsən bunu  mənə?   – sualıma hiss edirəm ancaq bax bu gənc doğru-dürüst cavab verə bilər. – Səxavətliydi yaman. Toydan pul tutdumu, özünə xərcləməzdi heç. Girərdi dükanlara bir-bir. Nisyə dəftərlərini tələb edərdi. Borcları sildirərdi… Kasıb qatıqçıdan qatığı bir dəfə dilxoşluq üçün 25 “şirvan”a almağı da olub… Şeiri, qəzəli, əruzu, meyxanası da ki, öz yerində… Səhmanlı, səliqəliydi mətnləri. Məşədi Babagilin Aydəmirovlar ailəsi, deyilənə görə, dədə-babadan vergiliymişlər. Göydən, Aydan düşən dəmir, meteorit parçalarını – “ay dəmirini”, əruzu, şeiri, qəzəli tapmaq istedadı bu ailədən heç vaxt əskilməzmiş. Məşədi Baba ənənəni davam etdirir. Göydən yerə nazil olan öz “ay dəmir” payını – şeiri, qəzəli, əruzu layiqincə kənd camaatına çatdırır. “Səkkiz qapı” ziyarətgahı tərəfdə aşkarladığım gənc istedadlı meyxanaçı bütün bu sirləri açıb bir-bir ovcuma qoyur. Elçinin qətlini də bu oğlana görə, Məşədi Baba törətməyibmiş. – Nizami ilə Kəbirin ölümündən sonra növbə gəlib çatmışdı Elçinə… Əcəl onu hərləyirdi… Hadisədən bir az əvvəl bir-iki vəzifəli şəxs gəldilər Məşədi Babanın yanına ki, bəs guya rəhmətliyə ad günü keçirmək istəyirlər. Restoranı bağladılar… Məşədi Babanın qulağına elə hey nəsə pıçıldadılar… – Nooldu axırda? – sualımı mən də özümdən biixtiyar pıçıltıyla verirəm. – Məşədi Baba cavabında deyir ki, bəs araq gətirin süfrəyə… Başlayır vəzifəliləri dolamağa, meyxana deməyə… Sonra da bax bu bədbəxtçilik baş verir. Məşədi Babayla Elçin çıxırlar daharlığa… Məşədi Baba ayılanda görür ki, Elçin qan içindədir… Ortada araq şüşəsi dığırlanır ora-bura… – Bəs Məşədi Babanın sonralar özünə od vurmasına nə ad verək? – sualımı deyəndə gözlərim “Səkkiz qapı” ocağına zillənir. Sanki öz cavabımı bu gəncdən yooooxxxx…. məhz bu qədim ocaqdan gözləyirəm. – Məşədi Baba od vurmayıb özünə… Bu, söhbətdi… Həmsöhbətim də mənim kimi gözlərini qədim haqq ocağına tərəf tuşlayır görürəm. Bir an heç nə danışmır. Dodaqları altda əruzu məşq edir sanki. Axırda əsas sirri açır mənə. – Məşədi Baba öz-özünə alışdı birdən-birə. Lap eynən yanıq Kərəm kimi… Ağ nöyütə heç ehtiyac qalmadı… – Özünmü gördün bunu? – müstəntiqlərə xas sualım əvvəlcə həmsöhbətimi karıxdırır. Bircə kəlmə qopur bu gəncin quru dodaqlarından: – Hə… Kərəm kimi, Simurq quşu kimi öz-özünə alışmaq fenomeninə müasir  parapsixologiya elmində “pirofakelizm” deyirlər. Açın interneti səhifələrini, girin axtarış sistemlərinə, yığın “pirofakelizm” kəlməsini. Qarşınızda onlarla oxşar müəmmalar canlanacaq. Amerikada, Rusiyada, Afrikada, Asiyada qeydə alınan öz-özünə alışmalar bir deyil, iki deyil. Yüzlərlədir. Belə səmavi, ilahi möcüzələr xalq yaddaşından heç vaxt silinmir. “Yanıq Kərəm” dastanına, aşıq havasına çevrilib nəsillərdən-nəsillərə ötürülür. Məşədi Babanın ölümünü də gəlin elə bax bu ənənədə axtaraq. Möcüzənin izahı isə bir o qədər qəliz deyil.   *** Məşədi Baba kimi xalq şairləri, mistikləri bir başqa cür nəfəs alıb, möcüzələr yarada bilərlər. Şərq şeirində buna “əruz bəhrləri” deyilir. Klassik şeirimizdə əruz vasitəsiylə 21 cür xüsusi nəfəs almaq üsulu mövcuddur. Bu cür əruz ölçülərində nəfəs almağı, şeir deməyi bacardınsa, vəssalam, yaradıcılığında qeyb aləminə gedib gəlməyi bacaracaqsan. Dürlü-dürlü, fərqli xəbərlər, şeirlər, qəzəllər, sirlər gətirəcəksən ordan. Hind fəlsəfəsində bu cür nəfəs almağa “PRANAYAMA” deyirlər. Avropada oxşar təcrübələr yalnız 1970-ci illərdən meydana çıxıb. “HOLOTROP NƏFƏS” adlanan bu parapsixoloji elm sahəsi vasitəsiylə müxtəlif xəstəliklərdən qurtarmaq, şəfa tapmaq, fərqli mistik təfəkkürə yiyələnmək mümkündür… Azərbaycanda isə bütün bunlar minillərdir ki, şairlərə, ədəbiyyata xidmət edir…Biz əruzun 14 bəhrindən istifadə edirik. 14 cür fərqli nəfəs alma üsulu ilə qeyb aləminə daxil oluruq… Bu da sizə əruzun həqiqi sirri… Bu da sizə Məşədi Baba alovunun həqiqi izahı… “Ay dəmiri”nin yerdəki sərgüzəşti. Macərası. 

COMMENTS