Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası olub
İclasda “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb. Çıxış edən komitə sədri Arif Rəhimzadə bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması və bələdiyyələrin vaxtından əvvəl buraxılması məsələsinin qanun layihəsində öz əksini tapdığını bildirib. O deyib ki, bələdiyyələrin hesabat verməsinə dəyişikliklər edilməsi də təkliflər sırasında yer alır.
Komitə rəhbərinin sözlərinə görə təklif olunan variant görə, bələdiyyələr ilin yekununa dair hər il aprel ayının 1-də hesabat təqdim etməlidirlər. Arif Rəhimzadə onu da bildirib ki, yeni qanun layihəsində bələdiyyələrin hər ilin yanvar ayının 3-cü həftəsinin bazar ertəsi maliyyə vəsaitlərinin və tabeliklərində olan mülkiyyətlərinin istifadəsi haqqında seçicilərə məlumat verilməsi nəzərdə tutulub.
“Müvafiq icra hakimiyyəti orqanı hesabat dövründə bələdiyyələrin fəaliyyətini qeyri-qənaətbəxş hesab etdikdə, bələdiyyənin vaxtından əvvəl buraxılması ilə bağlı Milli Məclisə müracit etməlidir. Lakin müvafiq icra hakimiyyəti orqanının konkret olaraq hansı qurum olması prezidentin sərəncamından sonra bəlli olacaq”,-deyə A. Rəhimzadə yeni qanun layihəsi haqqında məlumat verib.
O hesab edir ki, yeni qanun layihəsi bələdiyyə-seçici arasında şəffaflığın artırılmasına kömək edəcək. “Bu, neqativ halların aradan qaldırılması üçün stimul yaradır”,-deyə komitə sədri söyləyib.(modern.az)
COMMENTS