Milli Məclisin buraxılması ilə bağlı qərarın – Tam mətni

Milli Məclisin buraxılması ilə bağlı qərarın – Tam mətni

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb və Konstitusiya Məhkəməsi Plenumu Milli Məclisinin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Axar.az sözügedən qərarın tam mətnini təqdim edir:

“Konstitusiyanın 81-ci maddəsinə görə, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Milli Məclis həyata keçirir. Konstitusiyanın 83-cü maddəsinə müvafiq olaraq, Milli Məclis 125 deputatdan ibarətdir. Konstitusiyanın 84-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı bir ildə iki dəfə Nazirlər Kabinetin etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Prezidenti tərəfindən 2 dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Konstitusiyanın 94 və 95-ci maddələrində, 96-cı maddəsinin 2, 3,4 və 5-ci hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Prezidenti Milli Məclisi buraxır.

Konstitusiya Məhkəməsinin Plenumu məsələnin həlli üçün Konstitusiyanın 98.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etdikdə müddəasının yaranmış vəziyyətə uyğun açıqlamasını zəruri hesab edir. Milli Məclis hakimiyyətin bölünməsi prinsipinə əsasın qanunvericilik hakimiyyəti həyata keçirdiyi üçün əsas vəzifəsi qanunların və qərarların qəbul edilməsidir, onun müəyyən etdiyi ümumi qaydalar, habelə həll etdiyi məsələlər Konstitusiyanın 94 və 95-ci maddələrində təsbit edilib. Müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət kəsb edir. Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul edilməsi ölkədə ictimai münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir. Bu baxımdan qanunvericiliyin üzərinə düşən vəzifələrin məhz ölkənin sürətli inkişafına cavab verəcək şəkildə həyata keçirməsi vacibdir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 98.1-ci maddəsində təsbit edilmiş vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə müddəası ilə bağlı qeyd edir ki, aradan qaldıra bilməyən səbəblər dedikdə parlamentin mövcud tərkibdə vəzifələrinin icra edilməsini qeyri-mümkün edən səbəblər başa düşülür. Bu baxımdan Milli Məclis Konstitusiya ilə ona verilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı fəaliyyətini obyektiv qiymətləndirməklə, işini davam etdirib-etdirməməsinin mümkünlüyünə dair qərar qəbul edə bilər. Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarından da göründüyü kimi Milli Məclisin deputatlarının mütləq əksəriyyəti parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqe ortaya qoyub.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin deputatlarının mütləq əksəriyyətinin parlamentin öz səlahiyyətini artıq həyata keçirə bilməməsi barədə qəti mövqeyinin formalaşmasını nəzərə alaraq hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin buraxılması üçün Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş əsası yaradır. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uyğundur.

Həmçinin qeyd edilməlidir ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcələ saxlanılması zəruridir. Bununla əlaqədar qeyd edilməlidir ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Prezidenti Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və dövlətlər arasında Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycanın bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqə verir. Konstitusiyanın 112-ci maddəsinə görə, Azərbaycan Prezidenti təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama, habelə dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıq müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verir.

Göründüyü kimi Milli məclisin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması üçün, Azərbaycan Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması üçün və digər bu kimi həyati funksiyaların həyata keçirilməsi ilə bağıdır. Bu səbəbdən həmin funksiyaların icrası ilə bağlı Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilməlidir. Eyni zamanda Milli Məclisin deputatları Azərbaycanlın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdan sonra həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab edilir.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisin yeni çağırışı fəaliyyətə başlayana qədər müstəsna olaraq Konstitusiyanın 111 və 112-ci maddələrində, 95-ci maddəsinin birinci hissəsinin 16-cı və 17-ci bəndlərində nəzərdə tutulmuş və bu kimi digər səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyaların həyata keçirilməsi üçün Beşinci Çağırış Milli Məclisin müvafiq səlahiyyətlərinin saxlanılması zəruridir.

Göstərilərlər nzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

– Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinə uyğun hesab edilməlidir.

– Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması Konstitusiyanın 98.1-ci maddəsinə uğun hesab edilməlidir.

Konstitusiyanın 130-cu maddəsinin 3-cü hissəsinin birinci bəndini, “Konstitusiya Məhkəməsi haqqında” qanunun 52, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu qərara alır:

1. Milli Məcltsə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinin birinci maddəsinə uyğun hesab edilsin.

2. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə Milli Məclisin 2019-cu il 2 dekabr tarixli qərarı əsasında Milli Məclisin Azərbaycan Prezidenti tərəfindən buraxılması Konstusiyanın 98.1-ci maddəsinə uyğun hesab edilsin.

Qərar elan edildiyi andan qüvvəyə minir”.

DOSYE.ORG

COMMENTS