Milli Məclisin deputatına xəbərdarlıq edildi

Milli Məclisin deputatına xəbərdarlıq edildi

elmira.jpg

Zibilxanalar kimlərinsə kommersiya maraqlarına xidmət edir

 

“Ətraf mühitlə bağlı müzakirə edilən bütün məsələlər hər birimiz üçün böyük əhəmiyyət kəsb etməlidir. Cünki ətraf mühitin qorunması, sağlamlaşdırılması təkcə dövlətin deyil, hər bir vətəndaşın, hər bir fərdin vəzifəsidir”. Bunu deyən Milli Məclisin deputatı Elmira Axundovanın sözlərinə görə, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır. Ayrı-ayrı dövlət orqanları tərəfindən iməcliklər təşkil edilir, ağaclar əkilir. Bakının bir sıra rayonlarında, məsələn, Binəqədidə, həmçinin Abşeronun özündə yaşıllaşdırma prosesi böyük sürətlə davam etdirilir və sair. Ətraf mühitin təmizliyini təmin etmək məqsədilə qanunvericilikdə də dəyişikliklər edilib, cəzalar sərtləşdirilib. Həmçinin, gözəçarpacaq dərəcədə böyük layihə olan Təmiz Şəhər ASC yaradılaraq Balaxanıda yarım milyardlıq zavod istifadəyə verilib və qısa müddət ərzində yaradılmasına baxmayaraq, həmin ASC öz fəaliyyətində əhəmiyyətli irəliləyişlərə nail olub: “ İrihəcmli zibilliklərin təmizlənməsi, məişət suları ilə dolmuş üfunətli bataqlıqların, gölməçələrin qurudulması və sair kimi məsələlər bura daxildir. Həm də unutmaq olmaz ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qlobal gənclər ekoloji kampaniyasının lideridir və onun təşəbbüsü ilə Azərbaycanda ətraf mühitin qorunması üçün böyük təbliğat işləri həyata keçirilir, layihələr icra olunur. Belə olan halda Bakının bir çox rayonlarında, həmçinin regionlarımızda, hətta kənd yerlərində süni şəkildə yaradılan qeyri-qanuni zibilxanalar insanı dəhşətə gətirir”.

Millət vəkili qeyd edib ki, bu yaxınlarda bir sıra saytlarda Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində, həmçinin Yeni Yasamal, Məhəmməd Xiyabanı 200 ünvanında olan sakinlərin şikayətləri barədə yazılar ciddi narahatçılıq yaradır: “Mən bu şikayətlərlə tanış oldum. Onlar qeyd edirlər ki, ağır tonnajlı avtomobillər yaşadıqları əraziyə gətirib zibil boşaldırlar. Mən buna bəlkə də inanmazdım, əgər özüm Şüvəlanda bağlara və çimərliyə aparan yolun yaxınlığındakı qanunsuz zibilxananı görməsəydim. Həmin ərazidə tikinti, məişət tullantılarının və ən dəhşətlisi isə qurban kəsilən, habelə ölmüş heyvanların nəşi və içalatlarının qalaqlanmasının şahidi olmuşam. İnanın ki, Mirmöhsüm ağa Ziyarətgahı tərəfdən külək əsərkən oradan gələn çox dəhşətli iyə dözmək mümkün olmurdu. Bununla bağlı bir sıra orqanlara müraciət etdim. Minnətdaram ki, Baş nazirin müavini cənab Əli Əhmədov, Ekologiya və Təbii Sərvətlər naziri cənab Hüseynqulu Bağırov və başqaları problemə dərhal ciddi reaksiya verdilər. Məhz bundan sonra vəziyyətdə müəyyən dönüş yarandı, belə ki, ərazi qismən təmizləndi və müvafiq qurumlara böyük cərimələr tətbiq olundu”.

E. Axundova qeyd edib ki, sözügedən problemlə bağlı araşdırma aparanda bəlli olub ki, həmin zibilxananın mövcudluğu kimlərinsə kommersiya maraqlarına xidmət edir:“Hətta, bununla bağlı, yəni, bəzi insanların çörəyinə bais olmamağımla bağlı mənə xəbərdarlıq da olundu. İstərdim ki, belə məsələlər müvafiq qurumlar tərəfindən ciddi araşdırılsın və bu tip zibilxanaların birdəfəlik aradan qaldırılması üçün əməli tədbirlər görülsün.Əksər millət vəkilləri kimi mən də yay tətilində müxtəlif rayonlarımızda oldum. Bir çox kəndlərdə çayların, gözəl meşələrimizin, həmçinin Abşeron çimərliklərinin zibillənməsini müşahidə etdim. Hesab edirəm ki, artıq həyəcan təbili çalmaq lazımdır. Bu cür hallara qarşı ciddi inzibati və hüquqi tədbirlər görmək, KİV-də geniş təbliğat aparmaq lazımdır. Çünki təbiətimizi çirklənmə bəlasından xilas etməliyik. Ən azından Bakı şəhərində qanunsuz zibilxana probleminin aradan qaldırılmasını vahid orqana, məsələn Təmiz Şəhər ASC-yə həvalə etmək olardı. Düşünürəm ki, bu məsələnin idarə olunmasını mərkəzləşdirmək zəruridir. Yalnız bu zaman problemi kökündən həll etmək olar. Hazırda isə zibil problemi yarananda hər bir orqan məsuliyyəti digərinin üzərinə atır. Başa düşmək lazımdır: bu qeyri-qanuni zibilliklər gözəl Bakımızın ümumi mənzərəsinə xələl gətirir, mən hələ insanların sağlamlığına dəyən ciddi zərər haqqında danışmağa lüzum duymuram”.

COMMENTS