Milli Məclisdəki tədbirdə nazir sərt tənqid edildi

Milli Məclisdəki tədbirdə nazir sərt tənqid edildi

Aqil Abbas xarici işlər naziri Elmar Məmmədyarovu mənasız bəyanatlar verməkdə suçladı; universitet rektoru: “Deyirlər ki, Qarabağı neynirsiz, kef çəkin…”

Oktyabrin 15-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin rəhbərliyi də iştirak edib. Dinləmələr deputatların və tədbir iştirakçılarının maraqlı çıxışları ilə yadda qalıb.

“Qarabağ İcması çıxışlarında bir qədər sərt olmalıdır, yeri gələndə söyməyi də bilməlidir. Mənasız bəyanatlar vermək lazım deyil. Onsuz xarici işlər naziri Elmar Məmmədyarov mənasız bəyanatlar verməklə məşğuldur”.

Bunu deputat Aqil Abbas deyib. O qeyd edib ki, Qarabağ İcmasına fond açmaq lazımdır: “İcma olaraq Azərbaycandan kənara çıxmaq lazımdır. Onsuz da burada oturub ağlayırıq da. İcmanın içində elə kollektiv var ki, hərəsi ağıllı cavablar verə biləcək şəxslərdir.

Aqil Abbas ile ilgili görsel sonucu

Bir də mən xahiş edirəm ki,  bu dırnaqarası söhbətini yığışdıraq. Bunun adını seperatçı təşkilat kimi deyin.  Ermənilər hər yerdə təşkilatını açırlar. Niyə Qarabağ İcmasının nümayəndəliyi  Parisdə olmasın? Gərək hamısını dövlət  eləsin?!  Bir fond açmaq olar ki, ora ianələr verilsin. O zaman bütün qarabağlılar maaşının yarısını fonda verər”.

Fərhad Bədəlbəyli ile ilgili görsel sonucu

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli də Qarabağ İcmasının problemlərinə toxunub.  O qeyd edib ki, icmanın bir neçə problemi var:

“Birinci problem vəsaitlə bağlıdır. Cənab prezident bizimlə görüşündə dedi ki, siz daha da aktiv olmalısınız. Avropa Şurasında, Fransada, Moskvada olmalısınız. Ancaq siz oturmusunuz Bakıda və Şuşa üçün ağlayırsız. Açığını deyim ki, vəsait olmasa biz nə Moskvaya, nə Parisə gedə bilərik. Mən konsertlərimdə Xocalı ilə bağlı çıxış edirəm. Biz festivallar keçiririk, keflər çəkilir. Bəs bizim təbliğat məsələsində niyə vəsait yoxdur? Məni həmçinin telekanalların repertuarı çox narahat edir. Gündə bir əyləncə, boş-boş söhbətlər gedir. Hansısa hədd olmalıdır. Məktəblərdə birinci dərs Qarabağdan olmalıdır. Ancaq efirdə hər gün əyləncə, toydur. Süleyman Ələsgərov, Vasif Adıgözəlov yana-yana getdilər. Deyəsən, mən də elə onlar kimi yana-yana gedəcəyəm. Əşi, deyirlər ki, Qarabağı neynirsiz?! Kef çəkin, elə bil Qarabağ dərdi yoxdur. Həqiqət çox çətindir və faciəvidir. Mən necə xoşbəxt ola bilərəm Şuşasız, Qarabağız?! Ola bilər ki, pessimist çıxış etdim. Amma bu, həqiqətdir. Çox istərdim ki, Qarabağ dərdi hər gün müzakirə edilsin”.

Deputat Qənirə Paşayeva ile ilgili görsel sonucu

Deputat Qənirə Paşayeva da çıxışında F. Bədəlbəylinin maliyyə vəsaiti ilə bağlı fikrini dəstəkləyib. O qeyd edib ki, dövlətin imkanları artır: “Büdcə müzakirə olunanda bu məsələyə baxılmalıdır və Qarabağ icmasına ayrılan vəsait artırılmalıdır”.

Paşayeva həmçinin “Aprel döyüşləri” ilə bağlı bir filmin tez zamanda çəkilib dünyaya nümayiş etdirilməsinin vacibliyinə də toxunub.

Tural Gəncəliyev ile ilgili görsel sonucu

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib  ki, bütün dünyada ermənilərin ifşa edilməsi istiqamətində addımlar atmalıyıq: “Ermənistan rəhbərliyi zaman-zaman danışıqların formatına saxta iddialarla çıxış edərək Ermənistan-Azərbaycan münaqişə tərəfləri ilə yanaşı, Qarabağ ermənlərinin ”Artsax” deyilən cinayətkar qurumun iştirakını üçüncü tərəf kimi qoyur və danışıqlar formatına zərbə vurmaq məqsədilə müxtəlif hərəkətlər edir. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması  olaraq erməni icması ilə danışıqları diqqətdə saxlamalıyıq. Ermənilərin saxta iddiasına onların hansısa münaqişə ilə bağlı təxribat xarakterli bəyanatlarına həmişə cavab verməliyik. Prezidentin söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bizi bir daha əmin edir ki, tez bir zamanda öz torpaqlarımıza qayıdacağıq”.

“ MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyan erməniləri ifşa etdi. O, çıxışında önə çəkdi ki, Qaregin Njde faşistlərə xidmət etsə də, vaxtilə türklərlə müharibə aparıb, ona görə də qəhrəmandır və heykəli olmalıdır. Prezident İlham Əliyev arqumentləri ilə erməniləri ifşa etdi. Rusiya Dövlət Dumasının qərarı var ki, heykəl oradan götürülməlidir. Düzdür, bu, tələb deyil, tövsiyədir. Paşinyan o heykəli oradan götürə bilərmi? Xeyr!” Bunları deyən deputat Araz Əlizadə əlavə edib ki, ermənilərin əvvəlki və indiki hakimiyyətini təmsil edənlər faşist idelogiyasına xidmət ediblər, qatı millətçidirlər: “Prezident ”nida” işarəsi qoydu, arzu edirəm ki, ordumuz da belə bir “nida” işarəsi qoysun və bu məsələni bitirək…”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev çıxış edərək deyib ki, prezident İlham Əliyevin Soçidəki çıxışı hər bir vətənpərvər insana örnək olmalıdır: “Hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı öz mövqeyini səsləndirməyi bacarmalıdır”.

 “Bütün məsələlərdə qarabağlaşmalıyıq. İqtisadiyyatdan, mədəniyyətdən və başqa sahələrdən elə danışın ki, Dağlıq Qarabağ da yada düşsün. İnsanlar dəyişməlidir, ictimai maraq şəxsi marağı üstələməlidir”.

Səməd Seyidov ile ilgili görsel sonucu

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov belə deyib. Komitə sədri vurğulayıb ki, millət məsələsi digər maraqlardan üstün olmalıdır: “Xalq birliyi daha yüksək səviyyədə olmalıdır. Azərbaycan özü elə Qarabağdır”.

 “MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışını yerlərdə təbliğ etməliyik. Düşməni öz silahı ilə vurmalıyıq. Ermənilər bizim əzəli düşmənlərimizdir. Biz strategiyanı elə müəyyənləşdirməliyik ki, sonrakı taktiki addımlarda səhv etməyək” deyən deputat Nəsib Məhəməliyev əlavə edib ki, indi informasiya müharibəsi dövrüdür: “Bu istiqamətdə də işimizi qurmalıyıq. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında peşəkar tarixçilərdən ibarət şöbə yaradılmalıdır, vəsait ayrılmalıdır. Onlar ermənilərin tarixi, Qafqazda mövcud olmaması ilə bağlı araşdırmalar aparmalı, müxtəlif dillərdə dərc edilməlidir. Ermənilər bizə çox arqumentlər veriblər ki, onları öz silahları ilə vuraq. Biz mübarizəni daha çox mədəni müstəvidə aparmalıyıq, söyüş ritorikasının əleyhinəyəm”.(musavat.com)

DOSYE.ORG

COMMENTS