Milli Məclisin qarşısında zəncirvari yol qəzası

Evakuatorun səhvi ucbatından yola dağılan yağ sürüşməyə səbəb olub

 

Avqustun 16-da, səhər saatlarında Milli Məclisin qarşısında zəncirvari yol qəzası baş verib. Hadisə şahidlərinin Avtosfer.az-a verdiyi məlumata görə, nəticədə 10-a yaxın avtomobil toqquşub. Hadisəyə səbəb isə evakuatorun səhlənkarlığı olub. Belə ki, qəzaya uğramış avtomobili daşıyan evakuator Şəhidlər xiyabanının qarşısındakı dairədə hərəkətdə olarkən, daha dəqiq desək, dairəni fırlanıb AzTV-yə tərəf qalxarkən əzilmiş maşının ötürücü qutusundan axan yağ asfaltın üzərinə tökülüb. Qısa müddətdə xeyli əraziyə yayılan yağ yolda sürüşkən vəziyyət yaradıb. Nəticədə AzTV, Müdafiə Nazirliyi və Teleteatr tərəfdən gələn avtomobillər idarəetməni itirərək bir-birlərinə çırpılıblar. Əsasən, Parlament prospektindən Şəhidlər xiyabanı tərəfə və AzTV tərəfdən aşağı düşən yolda hərəkət edən avtomobillər sürüşkən yolda idarəetməni itirərək toqquşublar. Şahidlər bildirir ki, qısa vaxt ərzində 10-a yaxın bahalı maşın toqquşub. Hadisə yerinə gələn Yol Patrul Xidmətinin əməkdaşları ərazidə nəqliyyatın hərəkətini dayandırıblar. Yolun yağ dağılmış hissəsinə qum səpilsə də, uzun müddət hərəkət bərpa olunmayıb. Bu da tıxac yaranmasına səbəb olub.
Qəzaya uğramış avtomobil sahibləri yağ axan avtomobili daşıyan evakuasiya şirkətini məhkəməyə verəcəklərini bildiriblər. Çünki evakuator təhlükəsizlik qaydalarına əməl etməyib. İlkin olaraq isə hadisə yerinə sığorta şirkətlərinin nümayəndələri dəvət olunub və əzilən maşınlara dəyən zərərlə bağlı araşdırma aparılıb. Çox güman ki, sığorta şirkətləri vətəndaşlara dəyən zərəri ödədikdən sonra məhkəmə qarşısında iddia qaldıraraq evakuatorun səhvi ucbatından dəyən ziyanın həmin şirkət tərəfindən ödənilməsini tələb edəcəklər.

COMMENTS