“Milli maraqlarımıza xələl gətirən informasiyalara yer verilməməlidir” – Anar Yusifoğlu

“Ramiz müəllimin tövsiyələri həm də bizə işimizə daha həssas yanaşmağa stimul verdi”

 

Bunu Aktual.az saytının baş redaktoru Anar Yusifoğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkənin aparıcı KİV-lərinin rəhbərləri ilə görüş keçirməsinə münasibət bildirərkən deyib.

“Tədbir, olduqca, aktual mövzuları əhatə edirdi.

 

Ramiz müəllimin çıxışında qeyd olunan bütün məsələlər ölkəmizin milli və dövlətçilik maraqlarına sadiqliyin bariz nümunəsi idi. Hesab edirəm ki, bu görüşün çağırılması media rəhbərlərinə bundan sonra öz fəaliyyətlərində daha diqqətli olmağı və milli maraqlara həssas yanaşmağı aşılayacaq.

 

Unutmaq lazım deyil ki, biz müharibə şəraitində olan ölkəyik. Ona görə də cəbhə bölgəsində baş verən hadisələrə ciddi yanaşmaq, milli təhlükəsizliyimizə və milli maraqlarımıza xələl gətirən informasiyalara yer verilməməlidir. Bəli, bu gün Azərbaycan inkişaf edir, bu inkişaf göz qabağındadır.

 

Amma işğalçı Ermənistan blokada şəraitində və böhran içərisində çabalayır. Ordumuzun güclənməsi və qüdrəti isə, təbii ki, düşməni narahat edir. Mən sevinirəm ki, Aktual.az cəbhədə baş verən olaylar zamanı bu sınaqdan üzüağ çıxdı. Heç bir dezinformasiyaya, ajiotaj yaradan xəbərə yol vermədik.

 

Bundan sonra da bu peşəkarlıqla işimizi davam etdirəcəyik. Onu da qeyd edim ki, Ramiz müəllimin tövsiyələri həm də bizə işimizə daha həssas yanaşmağa stimul verdi və bu müşavirənin keçirilməsi zəruri idi. Bütün həmkarlarımızı da bu məsələlərə xüsusi həssaslıqla yanaşmağa çağırırıq”.

 

Xatırladaq ki, bir neçə gün bundan öncə – avqustun 29-da Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müasir geosiyasi reallıqlar və qlobal informasiya şəbəkəsi şəraitində Azərbaycanın informasiya təhlükəsizliyi siyasətini müzakirə etmək üçün ölkənin aparıcı KİV-lərinin rəhbərləri ilə görüş keçirib.

 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirədə geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, KİV rəhbərləri və dövlət orqanlarının rəsmi şəxslərinin iştirakı ilə keçirilən toplantının əsas məqsədi Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır.

Ramiz Mehdiyev son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqi dövrünü yaşadığını, beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini qeyd edib, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb, həmçinin, söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından danışıb.

Prezident Administrasiyasının rəhbəri onu da deyib ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir.

 

Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər.

 

O, qeyd edib ki, müxtəlif xarici anti-Azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaq.

 

Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcək.

COMMENTS