Millimizin baş məşqçisi məlum oldu

Millimizin baş məşqçisi məlum oldu

Milli komandamızın baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu iddia ilə Xorvatiyanın jutarnji.hr saytı çıxış edib.

 

Həmkarlarımız iddia edib ki, millimizi Robert Prosineçki çalışdıracaq. Xorvat mütəxəssislə AFFA rəhbərliyi arasında Parisdə görüş keçirilib. 45 yaşlı məşqçi milli komandamızı çalışdırmağa razılıq verib. Türkiyənin “Konyaspor” klubundan da təklif alan (Aykut Kocaman artıq bu klubun baş məşqçisi təyin olunub – red.) Prosineçki yığmamıza rəhbərlik etmək qərarına gəlib.

Onunla rəsmi müqavilə noyabrın 4-də imzalanacaq. Xorvat mütəxəssis ayın 16-da AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Norveç matçında yığmamızın sükanı arxasında olmalıdı.

Qeyd edək ki, Prosineçki 1969-cu ildə Qərbi Almaniyanın Şvenningen şəhərində dünyaya gəlib. O, futbolçu karyerası ərzində Xorvatiyanın “Dinamo” (Zaqreb), “Draqovolyaç”, “Zaqreb”, Serbiyanın “Srvena Zvezda”, İspaniyanın “Real”, “Oviedo”, “Barselona”, “Sevilya”, Belçikanın “Standard”, İngiltərənin “Portsmut” və Sloveniyanın “Olimpiya” klublarında çıxış edib, Yuqoslaviya millisində 15 (4 qol), Xorvatiya yığmasında 49 (10 qol) oyun keçirib. Prosineçki futbolçu karyerası ərzində 13 kubok qazanıb.

45 yaşlı xorvat mütəxəssis məşqçiliyə Xorvatiya millisində başlayıb. O, 2010-2012-ci illərdə komandada məşqçi işləyib. Daha sonra isə Serbiyanın “Srvena Zvezda” və Türkiyənin “Kayserispor” klublarına başçılıq edib.

COMMENTS