“MTN işi” dərinləşir
MTN ətrafında baş verən olaylar davam etməkdədir. Araşdırma prosesi nəticəsində hər gün yeni məqamlar ortaya çıxır. Eldar Mahmudovun cinayətkar şəbəkəsi tam üzə çıxmaqdadır və gözlənilir ki, yaxın zamanda yeni həbslər həyata keçiriləcək. Məlum olduğu kimi, Mahmudovun ilk “qurbanı” Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov oldu.
Nazirin şəxsən özü məsuliyyətə cəlb olunmasa da, aparat rəhbəri Vidadi Zeynalovun və BTRİB-in rəisi Beytulla Hüseynovun işdən kənarlaşdırılmaları və həbs olunmaları əslində Əli Abbasova da tuşlanmış zərbə idi. Araşdırma nəticəsində Eldar Mahmudovun məhz bu şəxslərin yardımı ilə öz çirkin əməllərini həyata keçirdiyi məlum oldu. Sözü gedən şəxslər ifşa olunduqdan sonra onlarla əlbir olan bir çox məmurların “kürkünə birə düşdü”.
Redaksiyamıza daxil olan məlumatlara görə, hədəfdə olan növbəti rabitəçi Yasamal rayon Telekommunikasiya Qovşağının rəisi Mirbaba Babayevdir. Mənbə bildirir ki, Babayev Beytulla Hüseynovla yaxın dost olub və hətta onların şərikli biznesi də var. Bu biznes strukturunun bir ucunun Dubay şəhərinə gedib çıxması da verilən məlumatlar arasındadır.
Deyilənə görə, Mirbaba Babayevin tez-tez sözü gedən şəhərə səfər etməsi elə məhz bu səbəbdəndir. Digər mənbənin məlumatına görə isə, səs dinləmələri məsələsində də Babayevin bu və ya digər formada iştirakı istisna edilmir. Nazirliyə yaxın olan şəxsin söylədiyinə görə, yeni həbslər dalğası gözlənilir və Mirbaba Babayevin bu dalğadan kənarda qalmayacağı ehtimal olunur. (Mövzuya qayıdacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq).
COMMENTS