Mirzə Sakit müxalifət liderlərini sarsıtdı: ” əcinə – şəyatinlərdən uzağam”

Tanınmış satirik şair Mirzə Sakit sensasion bəyanatla çıxış edib.

 

Avropa.info-ya göndərdiyi bəyanatda Mirzə Sakit müxalifəti sərt şəkildə tənqid edərək, insanlardan bir daha ona siyasətlə bağlı suallar verməməsini xahiş edərək yenicə çapdan çıxacaq kitabı ilə məşğul olduğunu deyib. Həmin bəyanatı təqdim edirik:

“…Biz dörd qardaş idik. Dördumuzə də dədəmiz bir zindan və çəkic verdi.Dedi ki, əlinizdəki çəkicləri həmin o zindana döyün ki, zindanın üstündəki dəmirdən qılınc hasil olsun və o qılıncla da hər zaman özünüzü düşmənlərdən xilas edin.

Biz də çəkiclərimizi zindanın üstündəki dəmirə yox, bir-birimizin başımıza vurmağa başladıq.Başımıza o qədər çəkic vurduk ki, zindanın üstündəki dəmir də xəcalətindən əyilib öz-özünə qandal halına düşüb, bizim qollarımıza keçdi.Başımıza isə dəyən çəkiclərin təsirindən ağlımız da qalmadı…

..Dünən Əbülfəz Elçibəyin vəfatının 14 illiyi idi.
Düşündüm ki, bizim dostlarımız olan muxalifət, hər zaman Elçibəy yolunu sevdiklərindən sözü bir yerə qoyub Elçibəyin məzarını birlikdə ziyarət edəcəklər.

Xalqımız da Dünya Birliyi də hakimiyyət də bu birliyə baxıb öz-özünə hansısa nəticələr çıxardacaq. Və Azərbaycan muxalifətinin hansısa ciddi addımlar atmasından demokratik dünya sevinəcək, avtoritarizm quruluşunun baniləri isə ehtiyatlanmağa başlayacaqlar.

Amma və lakin təəssüflər olsun ki, sevimli dostlarımız, canımız muxalifət nümayəndələri isə dünənki yararsız atdıqları addımları ilə nə Azərbaycan xalqını sevindirə bildilər nə dünya birliyinə yeni töhfə ərməğan edə bildilər, nə də hakimiyyəti düşünməyə vadar edə bildilər.

Dediyimiz hakimiyyətə qarşı birləşməyi bacarmayan muxalifətimiz fürsət düşmüşkən, Elçibəyin ziyarətinə adəti üzrə pərakəndə şəkildə getməklə yuxarıda adlarını çəkdiklərim qurumların bəzilərini məyus etsələr də bir başqasını çox sevindirdilər.

Bundan başqa, son yeddi-səkkiz ayda aparılan siyasi proseslərin təcrübəsizlik, bəlkə də öz yoluna etinasızlıq ucbatından iflasa uğramasını dərk etməyən insanların gərəksiz və qeyri-ciddi çabaları kənardan o qədər əcaib şəkildə görünür ki, bu əcaibliyin şəklini çəkə bilən hansısa texniki cihazın olmasının mümkünlüyü olsaydı və o şəkli çəkib onların özlərinə göstərilsəydi, həmin adamlar o şəkilə baxan kimi dərhal komaya düşərdilər.

…Hər bir vətəndaşın öz xalqının və vətəninin azadlığa çıxması və onun firavan yaşaması uğrunda çalışması bir borcdur.
Bu borcu ödəmək üçün hər bir vətəndaş ömrünün son gününə qədər fədakarlıq göstərməlidir.
Öz növbəmdə bir vətəndaş olaraq, bu vaxta qədər hakimiyyətə qarşı əlimdən gələn bütün imkanlardan istifadə etdim, açıq şəkildə bu hakimiyyətə qarşı çağırışlar etdim və bundan sonra da vətənimdə baş verən neqativ hallara biganə yanaşmayacağam.

Lakin yuxarıda adlarını çəkdiyim “çəkicli” insanların bəzilərindən özümə qarşı nanəciblik gördüm.
Mən bütün mətbu orqanlarda çalışan insanlardan, sayt rəhbərlərindən xahiş edirəm ki, bundan sonra mənə heç bir siyasi proseslər haqda sual ünvanlamasınlar..
Mubarizə yolunda adımın Əcinnə-Şəyatinlərlə bir sırada çəkilməsini qəti şəkildə istəmirəm.

Mən hal-hazırda yazdıqlarım növbəti kitablarımın nəşri haqda düşünürəm.
Hesab edirəm ki, bu kitablarımı nəşr etdirə bilsəm, gələcək nəsillərimizə hansısa dəyərli bir töhfə vermiş olacağam.
Muxalifətdə olan dostlarımla isə ölənə qədər dostluğumu davam etdirəcəm.

Hər zaman vətənimə, xalqıma gərəkli bir övlad olduğumu işıqlı əməlimlə sübut etməyə çalışacağam.
Hər birinizə əziz vətənimiz olan Azərbaycanımızın xoş gələcəyi uğrunda əsl vətəndaş mövqeyinizi göstərməyinizi arzulayıram, əziz dostlarım !!.
Var olasınız !!…

COMMENTS