MN-dəki həbslər Nəcməddin Sadıqova qədər GEDİB ÇIXACAQMI?

MN-dəki həbslər Nəcməddin Sadıqova qədər GEDİB ÇIXACAQMI?

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi haqda qərar verilib. Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən Məlikməmməd Qurbanova Cinayət Məcəlləsinin 179.4-cü – xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham elan olunub. İddia olunur ki, ilkin araşdırmalarla Məlikməmməd Qurbanovun xidmətdə olduğu dövrdə 3 milyon 500 min manat vəsaiti mənimsədiyi üzə çıxarılıb.

Məlikməmməd Qurbanovun həbsinə qədər Müdafiə Nazirliyinin maliyyə işlərinə baxan 4 idarəsinin, 1 şöbəsinin rəisləri 15 milyon manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunublar. Bu məbləğ istintaq zamanı 15-20, bəlkə də daha çox arta bilər. Tutulanlar nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin umaliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımovdir. Cəlal Kazımov ən son həbs ediləndir. Onların hər biri barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İlkin olaraq həbs edilən 4 şəxsə Cinayət Məcəlləsinin 179.4-cü – xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə ittiham verilib.

Polkovnik Cəlal Kazımova bu maddə ilə yanaşı 313-cü – vəzifə saxtakarlığı, 341.2.1-ci – bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərini aşma və 341.2.3-cü, ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəni təkbaşına həyata keçirə bilməzdilər. Tutulanlar maliyyə işlərinə cavabdeh olan 1 nömrəli şəxslərdir. Belə bir miqyaslı mənimsəmə 1 günün, 1 ayın, heç bir ilin içində baş verməyib. Bu qədər vəsaiti mənimsəmək üçün uzun müddət əlaqəli iş aparılıb. Bu işlərin içində ali və yüksək rütbəli hərbçilər olub. Mənimsəmə cinayətləri Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olduğu dönəmdən baş verdiyindən, bir çox hərbi ekspertlər həbslərin onun da istintaqa cəlb olunmasına, nəticə etibarı ilə qandallanmasına səbəb olacağını istisna etmirlər. Nəcməddin Sadıqovun həbsi mümkün olacaqmı? Orduda, MN-də aparılan son həbslər onu hədəf alıb, yoxsa başqa hədəflər var?

General-leytenant Rövşən Əkbərovun həbsindən sonra onun “məslək yoldaşı”, MN-in sabiq qərargah rəisi Nəcməddin Sadıkovun da qandallanacağı proqnozlaşdırılırdı. Amma hələ də baş qərargahın sabiq rəisi azadlıqdadır. 44 günlük Vətən müharibəsinin qızğın çağında Rövşən Əkbərovla Nəcməddin Sadıkovun vəzifələrindən uzaqlaşdırılması da təsadüfi deyildi. Əvvəldən də bilinirdi ki, hər iki general Rusiyada müəyyən dairələrə gizli-aşkar əlaqələrə malikdir. Vəzifələrindən Azərbaycan üçün olduqca önəmli bir dönəmdə qovulmalarında bu məqamın xüsusi yer aldığı da istisna edilmirdi. Nəhayətdə Rövşən Əkbərov həbs olundu, cəzaya çatdırıldı. Vəzifəcə ondan daha yuxarı pillədə dayanmış, illərlə Azərbaycan Ordusunda baş verən neqativlərdə adı hallanan Nəcməddin Sadıkov isə hələ də azadlıqdadır. Görünən odur ki, Sadıkovu həbsdən kənarda saxlayan immuniteti artıq sıradan çıxmaq üzrədir. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. Rövşən Əkbərovla başlayan prosesin davam edəcəyi və burada əsas hədəfin sabiq Baş Qərargah rəhbəri Nəcməddin Sadıkov olacağı iddiaları da artıq doğrulmaq üzrədir.

DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Nəcməddin Sadıkov və onun kimilər vəzifədə olmasaydı, Azərbaycan torpaqları 30 il işğal altında qalmazdı: “Müdafiə Nazirliyində həyata keçirilən həbslərdən belə aydın olur ki, dövlət müharibəyə hazırlaşanda, müharibə aparanda bu adamlar müdafiə xərclərini mənimsəməklə məşğul olublar. Bu, vətənə xəyanətə bərabər addımdır. Bütün bu işlərin başında dayanan, bu cür mənimsəmələrə yol açanlar da var. Bu işlərdə adı keçən Nəcməddin Sadıkov bu gün azadlıqdadır. Bu adamlar Azərbaycan Ordusunu illərlə içindən dağıdanlar, ”yeyənlər” olublar. Nəcməddin Sadıkov və Rövşən Əkbərov bir mərkəzdən idarə olunan adamlardır. Rövşən Əkbərov hazırda həbsdədir. Nəcməddin Sadıkovun da həbsi üçün ortada kifayət qədər əsaslar var”.

Hüquqşünas deyir ki, Azərbaycan Ordusu 44 günlük müharibədə öz gücünü düşmənə göstərib, amma Sadıkovun ordumuza yerləşdirdiyi kadrlar bu gün də iş başındadır: “Bu adamlar olmasaydı, Azərbaycan Ordusu illər öncə torpaqlarımızı düşməndən təmizləyərdi, gedib Zəngəzurda oturardı. Bu gün Azərbaycan Ordusunun korrupsiyalaşmış ”sadıkovçu”lardan təmizlənməsi prosesi gedir. Azərbaycan Ordusunda olan “5-ci kolon” tam olaraq təsbit olunmaqla uzaqlaşdırılmalı, hər biri istintaqa cəlb edilməklə ən ağır cəzaya çatdırılmalıdır. Bu adamların əli minlərlə əsgərimizin qanına batıb. Əlbəttə ki, Sadıkovun da barəsində dosye var, ilk imkandaca həmin dosye ittiham aktına çevriləcək”.

DOSYE.ORG

COMMENTS