“Modern.az” xəbər portalının 5 yaşı tamam olur

Bu gün Azərbaycan mediasında öz dəst xətti və öz maraqlı xəbərləri, reportajları, layihələri ilə seçilən “Modern.az” xəbər portalının 5 yaşı tamam olur. AZADİNFORM xəbər verir ki, “Modern.az” xəbər portalı 2009-cu il sentyabrın 1-dən fəaliyyət göstərir.

 

Sayt Azərbaycanda, dünyada baş verən hadisələr barədə oxucularına operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.

 

“Modern.az” xəbər portalının baş redaktoru Elşad Eyvazlı hesab edir ki, bu 5 ildə rəhbərlik etdiyi portal media bazarına daxil ola bilib:

 

“Biz Azərbaycanın media bazarına daxil ola bildik. Çünki sayt yarandığı vaxtdan bu günədək oxucuların etibarını qazanmaq və dolğun məlumatlar çatdırmaq üçün fəaliyyət göstərir. Eyni zamanda, biz şou məsələlərindən uzaq olmuşuq.

 

Onu da deyim ki, həm də Elşad Eyvazlı olaraq ömrümün ən çox əziyyət çəkdiyi bir dövr bu 5 il olub. Çünki online media elə məsələdir ki, dəfələrlə saytın bağlanması gündəmə gəlib və öz fəaliyyətini dayandırması məsələsi, həmçinin kadr məsələsi müzakirə olunub”.

 

Baş redaktora görə, burada qürurverici məsələlər də var: “Düşünürəm ki, əziyyətimiz heç də hədər getməyib. Qeyd etdiyim kimi, artıq təvazökarlıqdan uzaq olsa da Modern.az media bazarında media öhdəliyini qarşılaya biləcək gücə malikdir”.

 

E.Eyvazlı mediada olan əsas problemlərə də toxunub: “Bu gün Azərbaycan mediasında yazıların oğurlanması məsələsi gündəmdədir. Biz buna hər zaman etiraz etmişik.

 

Çünki yazı sayta verilir və istinad isə edilmir. Bununla da, öz maraqlı yazımızdan həzz almaq, qürurlanmaq hissini əlimizdən almış olurlar. Bu təbii ki, yaxşı hal deyil. Çox təəssüf ki, hazırkı mediamızda həzz almaq hisləri əlimizdən alınıb”.

 

Baş redaktor vurğulayıb ki, saytın hazırkı dizaynında dəyişikliklər gözlənilir: “Saytın hazırkı dizaynı standartlara cavab vermir və çalışacağıq ki, saytın dizaynında dəyişikliklər edək.

 

Adətən insanın arzuları çox olur. Lakin arzularla imkanlar üst-üstə düşməyəndə insan daha çox məhvə doğru gedir. Ona görə də düşünürəm ki, bizim qarşıya qoyduğumuz öhdəliklər imkanlarımız daxilində olmalıdır.

 

Yeni layihələrimiz, müxtəlif işlərimiz olacaq və biz öz yolumuzu davam etdirməyə çalışacağıq. Tam müstəqil fəaliyyət göstərən “Modern.az” hər birinizin saytıdır və çağdaş Azərbaycan gerçəkliklərini online qəzetimizdə görə bilərsiniz”.

COMMENTS