Monopoliya böhranda əhaliyə daha ağır zərbə vurur

Azərbaycanın ərzaq aldığı ölkələrdə qiymətlər kəskin ucuzlaşsa da, ölkəmizdə bu hiss edilmir

Rövşən Ağayev: “Ərzağın az qala yarısı xaricdən idxal edilsə də, ucuzlaşma özünü göstərmir”
Vahid Məhərrəmov: “Azərbaycanda idxal tam olaraq inhisarçı məmurların nəzarətindədir”

Hökumət manatın devalvasiyasına gedərkən, bu addımın müsbət tərəflərindən biri kimi ixracı stimullaşdıracağını bəyan edib. Azərbaycanda isə ixracın 95 faizdən çoxunu neft və neft məhsulları təşkil edir. İkinci yerdə gələn kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına manatın ucuzlaşmasının hansı təsirləri olacağı sual doğurur. Təbii ki, xarici ölkələrə çıxarılan məhsul həm qiymətlər, həm də keyfiyyət baxımından rəqabətə davamlı olmalıdır. Manatın devalvasiyası yerli istehsalın maya dəyərinin aşağı düşməsinə təkan verə biləcəkmi? Son həftələr bazarlarda müşahidə olunan mənzərəyə əsasən deyə bilərik ki, qiymətlər artıma doğru gedir. Hökumət rəsmiləri bunun süni qiymət artımı olduğunu iddia edərək, inzibati metodlarla qarşısını almağa çalışır.      

İqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkədə yaydığı açıqlamada dünyada ərzaq məhsullarının ucuzlaşdığını bildirib: “FAO (Dünya Ərzaq Təşkilatı) məlumat verir ki, dünyada ərzağın qiyməti düşməkdə davam edir. Təşkilatın informasiyasına görə, fevral ayında ərzaq qiymətləri indeksi son 55 ayda ən aşağı səviyyəyə enib. Ötən ilin fevralına nisbətən 2015-ci ilin fevral ayında ərzaq qiymətləri indeksi 14 faiz aşağı düşüb.

İndiki stiuasiyada dünyada ərzağın ucuzlaşması əsasən 2 səbəblə izah edilir: Birincisi, 2014-cü ilin kənd təsərrüfatı üçün əlverişli olması sayəsində məhsul istehsalının son illər ən yüksək səviyyəyə çatması; ikincisi isə bir sıra milli valyutaların dollara nisbətən dəyərdən düşməsidir.
Nəticə budur ki, Azərbaycan vətəndaşı bu ucuzlaşmanı öz cibində hiss eləmir. Ərzağın az qala yarısı xaricdən idxal edilsə də, ucuzlaşma həmin məhsullarda heç özünü göstərmir”.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə “Bizim Yol”a bildirdi ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunsa da, qiymətlərin müəyyənləşməsi dünya birjalarına uyğunlaşmır: “Azərbaycanda idxal tam olaraq inhisarçı məmurların nəzarətindədir. Buna görə də kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiyməti dünya bazarlarındakı tariflərdən həmişə fərqli olub. Bu gün digər ölkələrdəki istehlakçılar mal-məhsullara Azərbaycandakı qədər pul xərcləmirlər.
İdxal olunan bir qism mal-məhsulun qiyməti daxili bazarda kifayət qədər yüksəkdir. Məsələn, idxal etdiyimiz buğda ölkə daxilində bahadır. Hətta bazarda bir kq-mı 30-35 qəpik civarında təklif olunur. Devalvasiyadan öncəki vəziyyəti təhlil etdikdə, bu məhsulun dünya bazarındakı dəyəri bizdən 40 faiz aşağı olub. Bundan əlavə ət, süd və süd məhsullarının qiymətlərində də  dünya bazarı ilə müqayisədə kəskin fərq var”.

Ekspert əlavə etdi ki, Avropada alıcılıq qabiliyyəti Azərbaycanla müqayisədə çox yüksəkdir: “Eyni zamanda əmək haqları arasında kəskin fərq var. Bütün bunlara baxmayaraq  bu ölkələrdə ərzaq məhsullarının dəyəri Azərbaycanla müqayisədə aşağıdır. Məsələn, Almaniyada südün 1 litri 60 qəpiyə satılır. Halbuki, Azərbaycanda eyni keyfiyyətli süd 1 manat 20 qəpikdən aşağı deyil. Finlandiyada da kartof, ət, süd və sair kənd təsərrüfatı məhsullarının qiyməti bizdəkindən ucuzdur. Bununda əsas səbəblərindən biri ölkəmizdə mövcud olan monopoliyadır. Məmurlar idxalı nəzarətdə saxladıqları üçün bu işlə məşğul olan sahibkarlar əldə etdikləri gəliri bölüşdürməli olurlar”.
Son zamanlar dünya birjalarında qiymətlərin ucuzlaşmasına gəlincə, ekspert burada bir sıra nüansların nəzərə alınmasını vacib sayır: “Bəzi ölkələr var ki, ixracda dünya bazarında həlledici rol oynayırlar. Məsələn, taxıl istehsalı ilə bağlı ABŞ, Kanada, süd istehsalında isə Yeni Zelandiya öndə getdiyinə görə qiymətlərə də xüsusi təsirlərə malikdirlər. Son zamanlar quru südün qiymətində bahalaşma var. Deməli, süd və süd məhsullarının dəyəri bahalaşacaq. Bunu onunla əlaqələndirirlər ki, Yeni Zelandiyada quraqlıq olub və süd istehsalı azalıb. Buna görə də fermerlər məhsullarını əvvəlki qiymətlərdə tədarükçülərə vermirlər. Habelə, dünya bazarında ət və ət məhsullarının qiymətində də artım müşahidə olunur. Bunun səbəbi isə neftin qiymətinin aşağı düşməsi nəticəsində Çin, Hindistan kimi nəhəng dövlətlərin iqtisadiyyatında stimulun yaranmasıdır. Çünki bu dövlətlər daha çox neft istifadə edən ölkələrdir. “Qara qızıl”ın ucuzlaşması hesabına onların gəliri artıb. Əhalinin gəlirləri artanda isə yüksək kalorili məhsul istehlak etməyə üstünlük verirlər. Bu baxımdan son zamanlar ətə tələbatın artması onun bahalaşmasına gətirib çıxarıb.

Lakin bütün bunların hamısı onu deməyə əsas vermir ki, Azərbaycanda qiymət artımına iqtisadi əsas var. Çünki elə məhsullar var ki, onun dəyəri dünya bazarında mövcud olan qiymətdən qat-qat yüksək həddə təklif olunur. Xüsusilə, pendir, süd, kərə yağı, ət, un məmulatları, qarabaşaq, balıq və sair məhsullar çox ucuz qiymətə idxal olunsa da, daxili bazarda dəyərindən dəfələrlə çox yüksək qiymətə satılır. Məsələn, Vyetnamdan balığın 1 kq-nı 40 qəpiyə idxal edirlər, amma bu qiymətdən 6-7 dəfə baha qiymətə satılır”.

V.Məhərrəmovun fikrincə, manatın devalvasiyasının kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdıracağını deyənlər qeyri-peşəkarlardır: “Bunu deyənlər aqrar sahədən bixəbər olan insanlardır. Ya da qəsdən yanlışlığa yol verirlər. Nəyə görə manatın dəyərdən düşməsi kənd təsərrüfatı məhsullarının ixracını stimullaşdıra bilməz?  Azərbaycan istehsal vasitələrinin əksəriyyətini xaricdən idxal edir. Texnoloji avadanlıqlar, toxum, gübrə, prestisit, yem komponentləri, genetik materialları və sair mallar xaricdən alınır. Bunların da hamısı istehsala kifayət qədər təsir göstərir. Sözügedən materiallar xaricdən dollarla, özü də baha qiymətə alınır. Ona görə də həmin istehsal vasitələri ölkəyə gətirilərkən, məhsulların maya dəyərinə birbaşa təsirləri olur. Bu, çox ciddi məsələdir. Təəssüflər olsun ki, hökumət bunları heç vaxt nəzərə almır. Yeganə bizə məxsus olan torpaq və işçi qüvvəsidir. Torpağın da məhsulun maya dəyərinin formalaşmasında əhəmiyyətli bir rolu yoxdur. İşçi qüvvəsi isə çox ucuzdur. Manatın devalvasiyasından sonra azərbaycanlı fermerin məhsulunu sərfəli qiymətə sata biləcəyini düşünmək sadəlövhlükdür. Təbii ki, fermer də indiki situasiyada istehsal etdiyi məhsulu dollarla hesablayır. Çünki dediyimiz istehsal vasitələrini dollarla alır. Ona görə də, yerli məhsulların maya dəyərinin qiyməti artacaq”.

COMMENTS