“MTN işi”ndə 8 milyonluq rüşvət epizodu araşdırılacaq

“MTN işi”ndə 8 milyonluq rüşvət epizodu araşdırılacaq

Zərərçəkən ölkə rəhbərliyinə məktub yazıb kömək istədi

Aprelin 5-də Bakı Hərbi Məhkəməsində uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, MTN-də onun tabeliyində işləmiş İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisləri Vüsal Ələkbərov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Hazırda prosesdə zərərçəkənlərin dindirilməsi mərhələsidir. Bu günə qədər iş üzrə 7 zərərçəkən ifadə verib. Demək olar ki, bütün zərərçəkənlərin ifadələri zamanı iş üzrə yeni hallar üzə çıxıb. Həmin faktlara Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən heç bir hüquqi qiymət verilməyib.

Ötən məhkəmə prosesində iş üzrə zərərçəkən İbrahim Zeynalovun nümayəndəsi olan oğlu, iş üzrə şahid İlqar Zeynalov ifadə verib. Onun sözlərindən bəlli olub ki, atasını 2008-ci ilin dekabrında saxlayıblar. İbrahim Zeynalova 1250 manat rüşvət alma ittihamı verilib.

7 ay 17 gün MTN-in İstintaq Təcridxanasında saxlanılan İbrahim Zeynalova həbsinin sifarişli olduğunu bildiriblər. Sifarişçi kimi isə Milli Məclisin deputatı, Eldar Mahmudovun yaxın dostu olan Ziyad Səmədzadənin adını hallandırıblar. Azad edilməsi üçün İbrahim Zeynalovdan 10 milyon dollar tələb olunub. İbrahim Zeynalovun yaxınlarından 8 milyon dollar alınandan sonra onun xəstə olmasına dair rəy alınıb. Bundan sonra onu azad ediblər. İbrahim Zeynalov həbsdən buraxılandan sonra Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyev və təqsirləndirilən Yasin Məmmədova ondan tələb olunan 2 milyon dolların əvəzinə Bakı Hava Limanının arxasında 4 hektar torpağını verib.

Prezident Adminstarsiyasının işçisindən 10 milyon rüşvət alınıb - “MTN işi”ndə  Ziyad Səmədzadənin adı | Yeni Gündəm

Torpaq sahəsinin Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə, Yasin Məmmədova verilməsi epizodu bu günə qədər araşdırılmayıb və hüquqi qiymət verilməyib.

İstintaqın dindirdiyi, lakin zərərçəkən kimi tanımadığı şəxslər də az deyil. Onlardan Elman Əhmədov 2010-cu ildə MTN-ə aparılıb. Orada girov saxlanmaqla Mövlam Şıxəliyevin xalası oğlu Siracın vasitəsilə yaxınlarından 160 min dollar rüşvət alınıb. Bundan sonra onu xəstəlik adı ilə azadlığa buraxıblar. Lakin onu zərərçəkən kimi tanımaq istəmirlər. Cinayət işi üzrə məhkəmə prosesi ötən ilin oktyabrında başlayıb. Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən müddətdə keçirilən açıq məhkəmə proseslərinə jurnalistlər buraxılmır.
Məhkəmə ərəfəsində zərərçəkən Əfsəl Həsənəliyev ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

Surəti redaksiyamıza göndərilən müraciətdə zərərçəkən yazır:

-Mənə qarşı cinayət törətmiş şəxslər baş prokuror Zakir Qaralov və onun 1-cü müavini Rüstəm Usubov tərəfindən himayə olunduqlarından şikayətlərim araşdırılmamış qalıb…

Eldar Mahmudov Hacı Məmmədovun bandasını ifşa edəndən sonra faktiki olaraq Zakir Qaralovla Rüstəm Usubov onun girovuna çevrilmişdilər. Çünki Hacı Məmmədovun bandasının Bakıda silsilə qətllər və adam oğurluqları törətməsindən Zakir Qaralovla Rüstəm Usubov xəbərdar olublar. Vəzifə cinayəti törədərək Hacı Məmmədovun bandasının fəaliyyətinin qarşısını illərlə almayıblar.

Eldar Mahmudov Hacı Məmmədovu və onun bandasını həbs edəndən sonra Zakir Qaralov və Rüstəm Usubovun əleyhinə materiallar ortaya çıxıb.

“Knauf” firmasının əməkdaşı Rəna Nəsibovanın Zakir Qaralova Hacı Məmmədovun bandası barədə məlumat verməsi və bundan sonra öldürülməsi buna sübutdur.

Yeri gəlmişkən, Rəna Nəsibovanın meyiti aşkar ediləndən sonra hadisə yerinə ilk gələn Rüstəm Usubov olub. O zaman Rəna Nəsibovanın ölümünü ört-basdır edən də Rüstəm Usubovla Zakir Qaralov olmuşdu. Yazmışdlar ki, guya Rəna Nəsibova zəhərlənərək ölüb. Eldar Mahmudov Hacı Məmmədovun bandasını ifşa edəndən sonra bu məsələ qalxdı və Rəna Nəsibovanın Zakir Qaralova məktub yazması, bundan sonra öldürülməsi üzə çıxdı. Amma Eldar Mahmudov bu faktdan Zakir Qaralovla Rüstəm Usubovu özündən asılı vəziyyətə salmaq üçün istifadə etdi.

Təsəvvür edin ki, Zakir Qaralov baş prokuror olduğu zaman onun qəbulunda oldum. Məndən rüşvət alınması faktını təsdiq edən şahidin olduğunu nəzərinə çatdırdım. Zakir Qaralov isə şahidin dindirilməsini, ifadəsinin alınmasını tapşırmaq əvəzinə mənim yanımda “gedin şahidə təzyiq edin, ifadəsini dəyişdirisin” şəkilində göstəriş verdi. Həmin göstəriş də icra olundu.

Eldar Mahmudovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstə məni qanunsuz olaraq girov götürüb. Zakir Qaralovla Rüstəm Usubov bu cinayətin bilavasitə iştirakçısı və “qanuni don” geyindirən vəzifəli şəxslər olublar. Məni 5 ay qanunsuz olaraq həbsdə saxlayıblar, 50 min dollar pulumu alıblar. Yasin Məmmədov mən həbsdə olduğum 5 ayın sonlarına yaxın yanına çağırdı. Dedi ki, sizin həbsinizə Zakir Qaralov imza atıb. Əgər tələb olunan pulu verməsəz, onun haqqı çatmasa, siz buradan çıxmayacaqsız! Buna görə də pulu vermək məcburiyyətində qaldıq.

Eldar Mahmudov bizdən nə istəyirdi? – “MTN işi” » Sfera.az Azərbaycanda  özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

İşi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndəriblər. Sədr Kəramət Əliyev bizdən 50 min manat pul alıb və barəmizdəki saxta ittihamı təsdiq etməklə şərti cəza çıxarıb.

Eldar Mahmudov başının dəstəsi ilə ifşa ediləndən sonra Kəramət Əliyev pullarımızı qaytarıb. Dediklərimi sübut edən səs yazıları da var. Həmin səs yazılarında Kəramət Əliyevin, iş üzrə prokurorun bizdən pul tələb etmələri və almalarını sonradan isə qaytarmaları təsdiqləyən səsləri var.

Vətəndaş olaraq məni rüşvətxor prokuror, saxtakar hakimlərdən qoruyun. Xahiş edirəm ki, bizə qarşı cinayətin tam, hərtərəfli araşdırılması üçün göstəriş verin.

***

Qeyd edək ki, hazırda iş üzrə təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədirlər. Digər 3 təqsirləndirilən şəxs isə həbsdə deyil, məhkəməyə evlərindən gəlib-gedirlər. İş üzrə proses 2021-ci ilin oktyabrında başlayıb. Bu günə qədər iş üzrə 36 zərərçəkəndən 7 nəfərinin ifadəsi dinlənilib. General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində toplam 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pul və əmlakını ələ keçirməkdən bəhs edilir. Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından, 20-dən çox vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərovsa hədə-qorxu ilə tələbetmə, rüşvətalma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apelyasiya məhkəməsi müəmmalı halda onun cəzasını 5 ilədək endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxıldı. Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxuyla tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (külli miqdarda rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.

Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır. Zərərçəkmişlər arasında “Texnikabank”ın keçmiş sahibi, “Muğanbank”ın filial müdiri, eləcə də bəzi sahibkarlar da var. 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında 5 general da var. Bu iş bir neçə qrupa bölünərək ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilədək həbs, 3 nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi – Elçin Quliyev və Teymur Quliyev həbsdədir. Akif Çovdarov və Sübahir Qurbanov 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxılıb, Natəvan Mürvətovaya isə şərti cəza təyin edilib. 2015-ci ildə həbs olunanlardan indi həbsdə cəmi 5 nəfər qalıb. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlakını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

 

Elşən MƏMMƏDƏLİYEV

COMMENTS