MTN Qobustan Rayon Şöbəsinin rəisi ilə bağlı daha bir ittiham…

MTN Qobustan Rayon Şöbəsinin rəisi ilə bağlı daha bir ittiham…

Dosye.org xəbər verir ki, Moderator.az – ın elektron poçtuna dəhşət dolu bir şikayət məktubu daxil olub və müəllif həmin yazının saytda yerləşdirilməsini xahiş edir. Bu ittihamların nə dərəcədə həqiqəti əks etdirdiyini yoxlamaq imkanından məhrumuq, amma bəri başdan qarşı tərəfə də cavab haqqı tanıdığımızı bəyan edirik.

“Hörmətli redaksiya! Son günlər kütləvi informasiya vasitələrində oxuduğum bir məlumat məndə köhnə xatirələri yenidən yaşatdı. Belə ki, Qobustan rayonunda yerləşən qəbiristanlığı məhv edərək orada qızıl axtarışına çıxan Milli Təhlükəsizlik Nazirliyinin Qobustan Rayon Şöbəsinin rəisi “çox hörmətli” Əfqan Məmmədovun əvvəllər MTN-in Qusar Rayon Şöbəsində müavin vəzifəsində işlədiyi dövrü heç vaxt unuda bilmərəm.

Mən Qusar rayonundanam, əvvəllər Qusarda nüfuzlu və imkanlı şəxs idim. Əfqan Məmmədov MTN-in Qusar şöbəsində müavin olduğu zamanlarda mənim həyatımı, karyeramı və ailəmi məhv etdi. MTN-də general rütbəsində çalışan Akif Çovdarov adlı şəxsin göstərişi ilə mənim və yaxınlarımın dərman biznesinə görə əvvəlcə məni şərlədi, təhqir etdi, döyərək hədələdi. Əfqan Məmmədov Akif Çovdarovun göstərişi ilə yaxınlarımın müflis olmasına səbəb oldu. Həmin dövrlərdə o, hər dəfə iri biznesmenlərdən şantaj yolu ilə pul tələb edirdi. Etiraz edənlərə isə bu göstərişi ona Eldar Mahmudovun verdiyini, MTN-in Qusardakı şöbəsinin binasını təmir etdirməli, nazir Eldar Mahmudova Qusardan pay səbəti göndərməli olduğunu deyirdi. Razılaşmayan şəxslərin həyat yoldaşlarına sataşırdı. Qusarda işləyərkən o imkanlı şəxsləri narkotiklə və ailə üzvlərinə ləkə yaxmaqla şərləyib özünə 2 mərtəbəli villa və bahalı avtomobillər aldı.

Əfqan Məmmədov hər ayın sonunda Qusardakı biznes obyektlərindən pul yığaraq əvvəlki nazir Eldar Mahmudova konvert göndərirdi. Əvəzində bizim haqlı şikayətlərimiz ört-basdır edilir, səsimiz kəsilirdi.

Bir neçə gün əvvəl internetdə oxuduğum məlumata (Əfqan Məmmədovun qəbirləri qazması) facebook-da komment yazaraq qeyd etdim ki Əfqan Məmmədov təmiz adam deyil. Bundan sonra Əfqan Məmmədov mənim yaxınlarıma zəng etdi, söyüşlər söydü, qorxutdu və Qusarda yaşayan kriminal adamlara zəng edib mənim döyülməyimi tapşırdı. Biləsiniz ki, Əfqan Məmmədov çox riyakar, rüşvətxor və şantajçı insandır.

Öyrəndiyimə görə hazırda Qobustanda, yəni Mərəzədə rəisdir. Hətta tez-tez Qusara gəlib-gedir. Qusarda işləyən ustaları məcbur edərək Qobustanda tikdirdiyi evin təmir edilməsinə məcburi aparır. Qusarda yaşayan bəzi biznesmenlərdən əvvəlki qaydada rüşvət də tələb edir. Mən ali təhsilli, inanclı insanam. Mənim və digər Qusarlıların həyatımızı məhv edən, bizi əvvəllər narkotiklə şərləyərək qorxu altında yaşadan bu cür şərəfsiz insanın qisasını uca Tanrı özü alacaq.

COMMENTS